Unudulmaz kaman ifaçısı, musiqi pedaqoqu

post-img

Musiqisevərlər kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirovu möhtəşəm solo ifaları, eləcə də illər boyu Baba Salahovun və Zeynəb Xanlarovanın ansambllarındakı çıxışları ilə tanıyıblar. O, 51 illik ömründə Azərbaycan musiqisinin dünyada tanıdılması üçün çox iş görüb.

Ədalət Vəzirov 1951-ci ildə Xızıda musiqiçi ailəsində anadan olub. Babası və atasından öyrəndiklərini əvvəlcə fortepiano və qarmonda ifa etməyə başlayıb. Sonra kamançaya könül verib. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) oxuyub. Sənət aləmində öz dəst-xətti ilə seçilib. Moskvada keçirilən V beynəlxalq musiqi müsabiqəsinin qalibləri sırasında yer alıb. O həm də bacarıqlı pedaqoq olub, sənətinin sirlərini tələbələrinə böyük ürək açıqlığı ilə öyrədib. Konservatoriyada və Sumqayıt Musiqi Texnikumunda dərs deyib, ömrünün son illərində burada direktor olub.

Müəllimlik etdiyi illərdə Ədalət Vəzirov kamança ifaçılığı sənətinin tədrisi ilə bağlı gərəkli metodiki tövsiyələr, rəylər, işləmələr və köçürmələr hazırlayıb. Bakalavr dərəcəsi alanlar üçün ixtisas və muğam proqramı yazıb. Musiqi texnikumlarında, uşaq musiqi məktəblərində sinif konsertləri və solo çıxışların təşkili kimi əyani metodiki işlər fəaliyyətinin əsasını təşkil edib.

Ustad xanəndələr Arif Babayev, Hacıbaba Hüseynov, Canəli Əkbərov, Ağaxan Abdullayev, Mələkxanım Əyyuboba, Zabit Nəbizadə, Simarə İmanova və başqaları xarici qastrollar zamanı onun peşəkar müşayiəti sayəsində özlərini daha rahat hiss ediblər. ABŞ, Kanada, İraq, İsrail, Misir, Yaponiya və s. ölkələrdə uğurlu konsert proqramları təqdim olunub. Hamısında da istedadlı kamança ustası öz əlavə və xırdalıqları ilə ifalara xüsusi rəng qatıb.

Ədalət Vəzirov Səmərqənd şəhərində keçirilən muğam simpoziumunda Qran-pri mükafatını qazanıb. Dəfələrlə Türkiyədə çıxışlar edib, təcrübə mübadilələri aparıb. 1999-cu ildə qardaş ölkəyə məxsusi dəvət olunaraq, “Tekfen” Qara dəniz solistləri orkestrində çalışıb. 20 ölkənin seçilmiş sənətkarlarını birləşdirən həmin kollektivdə Azərbaycanın musiqi sənətini daha da şöhrətləndirib. Onun iştirak etdiyi konsertlərdən biri İstanbul Beynəlxalq Musiqi Festivalının proqramına daxil edilib. Orkestrlə Azərbaycan bəstəkarları Hacı Xanməmmədov və Zakir Bağırovun kamança ilə simfonik orkestr üçün konsertini böyük məharətlə ifa edib. Bu əsər və başqa xalq musiqisi nümunələri kompakt diskə köçürülüb.

Unudulmaz kamança ustası, Xalq artisti, mərhum Habil Əliyev onun özünəməxsus ifaçılığına yüksək qiymət verib: “Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz musiqi alətlərini sələflərinə bağışlayır. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm”.

…Ədalət müəllimgilin evində ailənin “yeni” üzvünün peyda olduğunu görən qonum-qonşular təəccübləniblər. Məlum olub ki, bu, İsraildən kamança ifaçılığını öyrənmək üçün Azərbaycana gəlmiş yeniyetmə Mark Eliyahudur. Bakıda özünü qərib hiss etməsin deyə, ustadı Ədalət Vəzirov onu öz evində saxlayıb.

Sonradan kamança ifaçılığı ilə dünya şöhrəti qazanan Mark Eliyahunun bu barədə dedikləri:

“16 yaşım vardı. Habil Əliyevin ifalarına heyran qaldığım üçün Bakıya gəlib kamança ifaçılığını öyrənmək istədim. Burada çox səmimi qarşılandım, hətta Habil Əliyev öz kamançasını mənə bağışladı və ilk müəllimim Ədalət Vəzirovdan dərs almağa başladım. O, mənə həm sənətini bütün incəliklərinə qədər öyrətdi, həm də düz 2 il öz evinin sakini etdi. Ustadımın qəfil ölüm xəbərini eşidəndə çox sarsıldım”.

Ədalət Vəzirov 2002-ci il oktyabrın 5-də İstanbulda qəfil ürəktutmasından dünyasını dəyişib. Səhəri gün orada “Solistlərin paradı” festivalında çıxış edəcəkmiş. Təşkilatçılar onun üçün ayrılmış stulun üstünə kamançalı şəklini qoymalı olublar.

Vəfatından sonra tanınmış ifaçı haqqında “Kamanın Ədalət ucalığı” adlı sənədli film çəkilib.

Ə.NƏCƏFXANLI
XQ

Mədəniyyət