Türkmənistanla birgə tranzit daşımalar genişlənir

post-img

Bu günlərdə Türkmənistanın Avaza şəhərində İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Məclisdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiya cəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasında çıxış edən S. Ələkbərov bildirib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizin əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir. Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata keçirdiklərini vurğulayan nazir müavininin sözlərinə görə, ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizin səmərəliliyinin artırılmasında önəmli rol oynayır: “Azərbaycan – Türkmənistan tranzit daşımaları istiqamətində son illər artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur. Bu nəticələr nəqliyyat və logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə nümayiş etdirir”.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin (TRIPP) perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının investisiya potensialı barədə məlumat verilib. Nazir müavini enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanlarını qeyd edib.

 

Son xəbərlər