Təhlükəsizlik problemləri səbəbindən 11 ildən bəri bağlı qalan İraq və Suriya arasındakı Əl-Valid keçid məntəqəsi yenidən açılıb. Bu barədə İraq Sərhəd Nəzarəti İdarəsinin yazılı açıqlamasında bildirilib.
Xəbəri “Anadolu” verib.
Açılış mərasimində İraq Sərhəd Keçid İdarəsinin rəisi general-leytenant Ömər Ədnan əl-Vaili, İraq Gömrük İdarəsinin baş direktoru Samir Qasim Davud, Suriya Sərhəd Keçid və Gömrük Baş İdarəsinin rəisi Kuteyba Əhməd Bədəvi, eləcə də təhlükəsizlik qüvvələrinin və müvafiq qurumların nümayəndələri iştirak ediblər.
Bəyanatda qeyd olunur ki, bu addım təhlükəsizlik vəziyyətinin yaxşılaşmasını əks etdirir və iqtisadi fəaliyyətin genişlənməsinə töhfə verir.
“Sərhəd keçid məntəqəsi açıldıqdan dərhal sonra İraqdan Suriyaya yanacaq daşıyan tankerlər hərəkətə başladı. Bu, 2014-cü ildə bölgədəki təhlükəsizlik şəraitinə görə dayandırılmış mühüm iqtisadi marşrutun bərpa olunması deməkdir”, - deyə bəyanatda bildirilir.
P.Əmircanov
XQ

