Azərbaycan Respublikasının fəxri konsulu haqqında ƏSASNAMƏ

post-img

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir
 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının fəxri konsulu (bundan sonra – fəxri konsul) Azərbaycan Respublikası ilə diplomatik əlaqələri olan dövlətin müvafiq ərazisində (bundan sonra – dairə) bu Əsasnamə ilə müəyyən edilmiş funksiyaları həyata keçirir. Fəxri konsul diplomatik xidmətdə və dövlət qulluğunda olmur.

1.2. Fəxri konsul öz dairəsində Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında müvafiq sahələr (iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, elm, təhsil, mədəniyyət, diaspor, turizm, idman və sair) üzrə əlaqələrin yaradılmasına və inkişaf etdirilməsinə yardım edir, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarını və qanuni mənafelərini müdafiə edir, eləcə də bu məqsədlə həyata keçirilən tədbirlərə dəstək verir.

1.3. Fəxri konsul Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə (bundan sonra - Nazirlik) tabe olub, qəbul edən dövlətdə Azərbaycan Respublikası Səfirliyinin, Təmsilçilik Ofisinin və ya Konsulluğunun (bundan sonra – diplomatik nümayəndəlik və ya konsulluq) (olduğu halda), yaxud bilavasitə Nazirliyin rəhbərliyi altında fəaliyyət göstərir.

1.4. Fəxri konsulun dairəsi və dəftərxanasının yerləşəcəyi şəhər Nazirliklə qəbul edən dövlətin səlahiyyətli dövlət orqanı arasında razılaşdırılmaqla müəyyən edilir. Fəxri konsulun öz funksiyalarını icra etdiyi dəftərxanasının hüquqi ünvanı barədə məlumat diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik tərəfindən qəbul edən dövlətin səlahiyyətli dövlət orqanına bildirilir. Fəxri konsulun dəftərxanası qəbul edən dövlətdə diplomatik nümayəndəliklə və ya konsulluqla eyni inzibati ərazi vahidində yerləşə bilməz.

1.5. Fəxri konsul öz funksiyalarını yerinə yetirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələri, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Konsul Nizamnaməsini, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları, Nazirliyin qərar, sərəncam və əmrlərini rəhbər tutur və qəbul edən dövlətin qanunvericiliyini nəzərə alır.

1.6. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq, fəxri konsulun dəftərxanasının yerləşdiyi binada Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırmaq və Azərbaycan Respublikasının Dövlət Gerbinin qabarıq təsvirini vurmaq hüququ vardır. Fəxri konsul öz funksiyalarını yerinə yetirərkən nəqliyyat vasitəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını yerləşdirə bilər. Fəxri konsulun dəftərxanasının yerləşdiyi binaya Azərbaycan dilində və qəbul edən dövlətin dilində (dillərində) “Azərbaycan Respublikasının (qəbul edən dövlətin müvafiq şəhərində) fəxri konsulunun dəftərxanası” yazısı olan lövhə vurula bilər. Fəxri konsul tərəfindən Azərbaycan Respublikasının dövlət rəmzlərindən Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunları və protokol qaydaları nəzərə alınmaqla istifadə olunur.

1.7. Fəxri konsulun, nümunəsi Nazirlik tərəfindən təsdiq olunmuş və üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və “Azərbaycan Respublikasının (qəbul edən dövlətin müvafiq şəhərində) fəxri konsulu” yazısı həkk olunmuş möhürü vardır.

1.8. Fəxri konsul eyni zamanda Azərbaycan Respublikasının və qəbul edən dövlətin qanunları ilə qadağan olunmayan kommersiya və öz peşə fəaliyyəti ilə məşğul ola və bu fəaliyyətdən gəlir əldə edə bilər.

2. Fəxri konsulun funksiyaları

2.1. Fəxri konsulun öz dairəsində funksiyaları aşağıdakılardır:

2.1.1. iqtisadi və ticarət sahəsində:

2.1.1.1. Azərbaycan Respublikasının sahibkarlıq subyektlərinə öz dairəsinin, öz dairəsinin sahibkarlıq subyektlərinə isə Azərbaycan Respublikasının iqtisadi, ticarət və biznes mühiti, enerji siyasəti və potensialı, həmçinin bu sahələr üzrə normativ hüquqi aktları barədə məlumat vermək;

2.1.1.2. Azərbaycan Respublikasının nəqliyyat-tranzit potensialı və onun səmərəliliyi, həmçinin mövcud azad iqtisadi zona və sənaye parkları, eləcə də orada yaradılmış şərait və imtiyazlar haqqında məlumat yaymaq;

2.1.1.3. Azərbaycan Respublikasında istehsal və ixrac edilən məhsullara öz dairəsində mövcud olan ehtiyac və bazar şərtləri haqqında məlumatı diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik vasitəsilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına (qurumlarına) çatdırmaq, eləcə də öz dairəsinin sahibkarlıq subyektlərini Azərbaycan Respublikasında sərmayə qoymağa təşviq etmək;

2.1.1.4. Azərbaycan Respublikasının turizm potensialını təbliğ etmək, turizmin mövcud istiqamətləri haqqında məlumat yaymaq və xarici turistlərin Azərbaycan Respublikasına gəlmələrinə yardım etmək;

2.1.2. elm, təhsil və sosial-mədəni sahələrdə:

2.1.2.1. Azərbaycanlı tələbələrlə mütəmadi əlaqə saxlamaq və onların yerli orqanlarla bağlı məsələlərinin həllinə kömək göstərmək;

2.1.2.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil imkanlarını təbliğ etmək və əcnəbilərin həmin təhsil müəssisələrində təhsil almalarını təşviq etmək;

2.1.2.3. Azərbaycan Respublikasının və öz dairəsinin elm və təhsil müəssisələri arasında əməkdaşlığın yaradılmasına və inkişafına kömək etmək;

2.1.2.4. Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənət əsərləri sərgilərinin, konsertlərin keçirilməsinə, kino və teatr əsərlərinin nümayişinə, eləcə də digər mədəni tədbirlərin təşkilinə yardım etmək;

2.1.2.5. Azərbaycan Respublikasının və öz dairəsinin mədəniyyət və incəsənət nümayəndələri və müəssisələri arasında əməkdaşlığın yaradılmasına və inkişafına kömək etmək;

2.1.2.6. daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına və soydaşlara mədəni-maarif tədbirlərinin keçirilməsində kömək göstərmək;

2.1.2.7. keçirilən idman yarışlarında Azərbaycan idmançılarının iştirak etməsi üçün tədbirlər görmək və idman yarışlarında Azərbaycan Respublikasını təmsil edən idmançılara müvafiq kömək göstərmək;

2.1.2.8. Azərbaycan hərbi və mülki məzarlarının, məzarüstü abidələrinin, abidə komplekslərinin (nişanlarının) və memorial (xatirə) tikililərinin mühafizəsi və abadlığı üzrə tədbirlər görmək;

2.1.3. Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, həmçinin diaspor təşkilatları ilə və soydaşlarla əlaqələr sahəsində:

2.1.3.1. Azərbaycan Respublikasının hüquqi şəxslərini və vətəndaşlarını Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələr, həmçinin qəbul edən dövlətin aidiyyəti qanunvericiliyi, adət və ənənələri barədə məlumatlandırmaq;

2.1.3.2. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin müraciətləri əsasında onları dövlət orqanlarında (qurumlarında) təmsil etmək, onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək və ya bu məqsədlə həyata keçirilən tədbirlərə dəstək vermək;

2.1.3.3. daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının sayı və məşğuliyyətləri barədə məlumat əldə etmək və bu barədə diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə məlumat vermək;

2.1.3.4. ezam olunmuş Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirməkdə yardım göstərmək;

2.1.3.5. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və onların diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik ilə əlaqələrinə kömək göstərmək;

2.1.3.6. yetkinlik yaşına çatmamış, valideyn himayəsindən məhrum olmuş, habelə yetkinlik yaşında olan, səhhətinə görə hüquqlarını həyata keçirə və vəzifələrini yerinə yetirə bilməyən Azərbaycan Respublikası vətəndaşlarının himayəyə və qəyyumluğa götürülməsi üçün tədbirlər görmək;

2.1.3.7. repatriasiya edilməsi nəzərdə tutulan Azərbaycan Respublikası vətəndaşlarının olduqları yerlərin müəyyən edilməsinə və onların repatriasiyası ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə yardım etmək;

2.1.3.8. Azərbaycan Respublikasının vətəndaşı öldükdə, onun əmlakının mühafizəsi üçün və ya əgər qalmış əmlak tez xarab olandırsa, yaxud saxlanılması baha başa gəlirsə, onun satılması və satışdan əldə edilmiş pulun aidiyyəti üzrə göndərilməsi üçün tədbirlər görmək;

2.1.3.9. Azərbaycan Respublikası vətəndaşlarının xeyrinə vərəsəlik açıldığı məlum olduqda, vərəsəlik və ehtimal olunan vərəsələr haqqında ona məlum olan məlumatları diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə bildirmək;

2.1.3.10. miras əmlakı Azərbaycan Respublikasında yaşayan vərəsələrə vermək üçün qəbul etmək;

2.1.3.11. Azərbaycan Respublikasına, onun hüquqi şəxslərinə və vətəndaşlarına pulun, qiymətli əşyaların və əmlakın ianə edilməsinə yardım etmək;

2.1.3.12. itkin düşmüş Azərbaycan Respublikası vətəndaşlarının axtarışı üçün qəbul edən dövlətin səlahiyyətli dövlət orqanlarına müraciət etmək;

2.1.3.13. Azərbaycan Respublikası vətəndaşının azadlığı məhdudlaşdırıldıqda və ya Azərbaycan Respublikası vətəndaşı azadlıqdan məhrum edildikdə, bu barədə diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə məlumat vermək və onların tapşırıqlarına uyğun hərəkət etmək;

2.1.3.14. azadlığı məhdudlaşdırılan və ya azadlıqdan məhrum edilən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə Azərbaycan Respublikası ilə qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunlarına əməl olunub-olunmaması barədə diplomatik nümayəndəliyi və ya konsulluğu, yaxud Nazirliyi məlumatlandırmaq;

2.1.3.15. Azərbaycan Respublikasının vətəndaşı öldükdə, onun nəşinin, sənədlərinin və şəxsi əşyalarının Azərbaycan Respublikasına göndərilməsinə kömək göstərmək;

2.1.4. Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza, eləcə də elektron viza əldə etmək qaydaları haqqında məlumat vermək, həmçinin beynəlxalq tədbirlərdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi haqqında məlumatlandırmanı təmin etmək;

2.1.5. Azərbaycan Respublikasının mülki dəniz və hava gəmilərinin (bundan sonra - gəmi) heyət üzvlərinə və sərnişinlərinə yardım sahəsində:

2.1.5.1. hava və dəniz limanlarında, Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq, gəmi heyətinin üzvlərinə kömək göstərmək və onların öz hüquqlarından istifadə edə bilmələrinə yardım etmək;

2.1.5.2. gəmi kapitanının müraciəti əsasında gəmiyə baş çəkmək, gəmi kapitanına hava və dəniz limanının vəziyyəti, liman qaydaları, yerli qanunlar və adətlər haqqında məlumat vermək, habelə diplomatik nümayəndəlik və ya konsulluq ilə əlaqə yaradılmasında yardım etmək və onu qəbul edən dövlətin vəzifəli şəxsləri ilə görüşlərdə müşayiət etmək;

2.1.5.3. gəmi qəzaya uğradıqda diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə bu barədə məlumat vermək, sərnişinlərin, heyət üzvlərinin, gəminin və yükün xilas edilməsi üçün mümkün tədbirlər görmək, zərərçəkənlərə tibbi yardım göstərilməsinə və onların vətənə göndərilməsinə kömək etmək;

2.1.6. Azərbaycan Respublikasının beynəlxalq yük və sərnişin daşımalarını həyata keçirən avtomobil və dəmiryol nəqliyyatı vasitələrinin heyət üzvlərinə və sərnişinlərinə yardım sahəsində bu Əsasnamənin 2.1.5-ci yarımbəndində qeyd olunan tədbirləri həyata keçirmək;

2.1.7. sanitariya, fitosanitariya və baytarlıq mühafizəsi sahəsində:

2.1.7.1. karantin qoyulan xəstəlik əvvəllər bu xəstəliyin olmadığı ərazidə meydana gəldikdə, həmin xəstəliyin yayıldığı bölgənin adı, yoluxanların sayı və yerli orqanlar (qurumlar) tərəfindən görülən tədbirlər barədə diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə məlumat vermək, tələb olunduğu halda Azərbaycan Respublikasına gedən şəxsləri peyvənd olunmaları barədə müvafiq beynəlxalq sertifikatı ölkə ərazisinə daxil olarkən təqdim etmələri barədə xəbərdar etmək;

2.1.7.2. kənd təsərrüfatı bitkilərinə və ev heyvanlarına aid təhlükəli xəstəliklər və ziyanvericilər meydana gəldikdə, habelə heyvan və quşlar kütləvi xəstələndikdə, yaxud insanlar, heyvanlar və quşlar üçün ümumi olan xəstəliklərin yayılmaq təhlükəsi yarandıqda diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə bu barədə məlumat vermək;

2.1.7.3. Azərbaycan Respublikasına gedən şəxslərə apardıqları xammal, heyvan, heyvan mənşəli qidalar barədə baytarlıq sertifikatını ölkə ərazisinə daxil olarkən təqdim etmələri zərurətini bildirmək, eləcə də toxum, bitki, meyvə və tərəvəzlərin aparılması qaydaları haqqında məlumat vermək.

2.2. Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrə və qanunvericiliklərinə uyğun olaraq, Nazirlik fəxri konsula ayrı-ayrı konsul funksiyalarının və həmin funksiyalardan irəli gələn hərəkətlərin yerinə yetirilməsini tapşıra bilər.

3. Fəxri konsulun fəaliyyətinin təşkili

3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaları yerinə yetirmək üçün işgüzar və mənəvi keyfiyyətləri, eləcə də sağlamlıq vəziyyəti qənaətbəxş olan Azərbaycan Respublikasının, qəbul edən dövlətin və ya qəbul edən dövlətdə daimi yaşayan üçüncü dövlətin vətəndaşı fəxri konsul ola bilər.

3.2. Fəxri konsul Nazirliyin təklifi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir. Fəxri konsul təyin edilməsi nəzərdə tutulan şəxs barəsində qəbul edən dövlətin razılıq sənədi (ekzekvatura) əvvəlcədən alınır.

3.3. Fəxri konsul təyin edilərkən həmin şəxs bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarını layiqincə yerinə yetirəcəyi və öz funksiyalarının icrasına görə Azərbaycan Respublikasından ödəniş tələb etməyəcəyi barədə Nazirliyə yazılı iltizam təqdim edir.

3.4. Fəxri konsula Nazirlik tərəfindən onun soyadını, adını, atasının adını, vətəndaşlığını, vəzifəsini, kateqoriyasını, dairəsini və dəftərxanasının yerləşdiyi şəhəri təsdiq edən vəkalətnamə (fəxri konsul patenti) verilir.

3.5. Fəxri konsulun qəbul edən dövlətin müvafiq dairəsində fasiləsiz səlahiyyət müddəti 4 (dörd) ildir. Azərbaycan Respublikası Prezidentinin qərarına uyğun olaraq, fəxri konsul fasiləsiz səlahiyyət müddətindən artıq fəaliyyətini davam etdirə və ya həmin müddətdən əvvəl onun fəaliyyətinə xitam verilə bilər.

3.6. Qəbul edən dövlətin razılıq sənədini (ekzekvaturasını) almış fəxri konsul öz funksiyalarının icrasına başladığı tarix barədə diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə məlumat verir.

3.7. Fəxri konsul öz funksiyalarını şəxsən yerinə yetirir və fəaliyyətini diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik ilə əlaqələndirir. Fəxri konsul fəaliyyətini vətəndaş məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsipləri əsasında həyata keçirir.

3.8. Fəxri konsul öz dairəsində fəaliyyət göstərən qəbul edən dövlətin orqanlarına (qurumlarına), hüquqi və fiziki şəxslərinə funksiyalarına aid məsələlər üzrə müraciət edə, həmçinin üçüncü dövlətlərin konsulluqları və fəxri konsulları ilə əməkdaşlıq edə bilər.

3.9. Fəxri konsul funksiyalarının yerinə yetirilməsindən irəli gələn məsələləri öz dairəsindən kənarda fəaliyyət göstərən qəbul edən dövlətin dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxsləri ilə əlaqəli şəkildə həyata keçirməli olduqda, bu məsələlərin icrasını diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirliklə razılaşdırmaqla yerinə yetirir.

3.10. Fəxri konsul Azərbaycan Respublikası ilə bağlı öz dairəsindən olan müraciətləri baxılmaq üçün diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə göndərə, həmçinin onların tapşırığı ilə Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), hüquqi və fiziki şəxslərinin müraciətlərinin öz dairəsində olan aidiyyəti dövlət orqanlarına (qurumlarına), hüquqi və fiziki şəxslərə çatdırılmasına və bu müraciətlərdən irəli gələn məsələlərin əlaqələndirilməsinə yardım göstərə bilər.

3.11. Fəxri konsul funksiyalarını müvəqqəti olaraq yerinə yetirə bilmədiyi hallar barədə mümkün qədər əvvəlcədən diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə, həmçinin qəbul edən dövlətin səlahiyyətli dövlət orqanına məlumat verir və belə hallarda onun funksiyaları diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik tərəfindən qəbul edən dövlətin razılığı ilə həmin dövlətdəki digər fəxri konsula (olduğu halda) həvalə edilə bilər.

3.12. Fəxri konsul Nazirliyin təlimatına uyğun olaraq kargüzarlığını Azərbaycan dilində və ya qəbul edən dövlətin dilində (dillərində) aparır.

3.13. Fəxri konsul funksiyalarının icrası zamanı diplomatik nümayəndəliyin və ya konsulluğun, yaxud Nazirliyin təlimatına əsasən açıqlanması məqbul hesab edilməyən məlumatların yayılmamasını təmin edir. Fəxri konsulun yazışmaları diplomatik nümayəndəliyin və ya konsulluğun, yaxud Nazirliyin razılığı olmadan dərc edilmir və üçüncü şəxslərə verilmir.

3.14. Fəxri konsula Nazirlik tərəfindən müvafiq konsul əməliyyatlarının yerinə yetirilməsi həvalə oluna bilər. Həmin konsul əməliyyatları üçün Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə dövlət rüsumunun və faktiki xərclərin tutulması müəyyən edildiyi hallarda, müvafiq dövlət rüsumunun və faktiki xərclərin məbləği, eləcə də fəxri konsul tərəfindən tutulan dövlət rüsumunun Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

3.15. Fəxri konsul diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə hər ilin yanvar ayında əvvəlki il üzrə fəaliyyəti barədə hesabat, o cümlədən olduğu təqdirdə maliyyə hesabatı verir.

3.16. Fəxri konsul istifadəsində olan Azərbaycan Respublikası Dövlət Bayrağının, Azərbaycan Respublikası Dövlət Gerbinin, həmçinin möhürünün və arxivinin saxlanılmasını, mühafizəsini və toxunulmazlığını təmin etmək üçün tədbirlər görür və bunun üçün şəxsən məsuliyyət daşıyır.

3.17. Fəxri konsulun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə (ərizə, təklif və şikayətlərə) diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik tərəfindən baxılır. Fəxri konsulun fəaliyyəti qənaətbəxş hesab edilmədikdə Nazirlik onun səlahiyyətinə xitam verilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət edir.

3.18. Fəxri konsulun fəaliyyətinə bu Əsasnamənin 3.5-ci bəndi ilə müəyyən edilmiş fasiləsiz səlahiyyət müddəti bitdikdə və onun bu müddətdən artıq fəaliyyətini davam etdirməsi barədə qərar olmadıqda, habelə Nazirliyin təklifi, fəxri konsulun şəxsi vəsatəti və ya qəbul edən dövlətin səlahiyyətli dövlət orqanının müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən xitam verilir.

3.19. Fəxri konsulun funksiyalarına xitam verildikdə qəbul edən dövlətin səlahiyyətli dövlət orqanı bu barədə diplomatik nümayəndəlik və ya konsulluq, yaxud Nazirlik tərəfindən məlumatlandırılır.

3.20. Fəxri konsulun fəaliyyətinə xitam verilərkən onun möhürü və arxivi, həmçinin Azərbaycan Respublikasının mülkiyyəti olan əmlak diplomatik nümayəndəliyə və ya konsulluğa, yaxud Nazirliyə təhvil verilməlidir.

Əsasnamə