Bakıda Türk Dövlətlərinin Üz-Çənə Cərrahları üzrə I Konqresi keçirilib. Məclis Beynəlxalq Üz-Çənə Cərrahları Kollecinin 33-cü Dünya Konqresi (ICMFS) və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin III Beynəlxalq Konqresi ilə paralel təşkil olunub.
Konqres Türk dünyasının ən nüfuzlu mütəxəssislərini bir araya gətirərək bilik mübadiləsinə, innovasiyalara və gələcək əməkdaşlıqlara zəmin yaradıb.
Müxtəlif ölkələrdən yüzlərlə mütəxəssisin iştirak etdiyi toplantı Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və TƏBİB-in birgə dəstəyi ilə keçirilib.
Açılış mərasimində çıxış edən Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin sədri, professor Çingiz Rəhimov bildirib ki, tədbir tibb elminin inkişafı, müasir müalicə üsullarının paylaşılması və beynəlxalq əməkdaşlıq üçün mühüm platformadır. Qeyd olunub ki, Amerika, İtaliya, Almaniya, Türkiyə, İsrail, Brazilya, Belçika və digər ölkələrdən tanınmış məruzəçilərin qatıldığı elmi-tibbi məclisin proqramı ağız və üz-çənə cərrahiyyəsi ixtisası ilə yanaşı, qonşu peşə sahələrini də əhatə edir. Bunlara stomatologiya, üzün estetik və rekonstruktiv cərrahiyyəsi, baş-boyun onkologiyası, otorinolarinqologiya, dermatologiya və kosmetologiyaya aiddir.
Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev və digərləri çıxış edərək tədbirin elmi əhəmiyyətini vurğulayıb, konqresin işinə uğurlar arzulayıblar.
Üçgünlük müzakirədə baş və boyun cərrahiyyəsində dünya miqyasında tanınmış mütəxəssis, professor Jatin Şah (ABŞ), üz transplantasiyası üzrə 7 əməliyyat təcrübəsinə malik, dünyaşöhrətli üz-çənə cərrahı, professor Jan-Pol Meningaud (Fransa), Hayfa Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi Şöbəsinin müdiri, professor Adi Rachmiel (İsrail), Lokman Hekim Universitetinin Ağız və Üz-Çənə Cərrahiyyəsi Şöbəsinin müdiri, Çənə-Dodaq Yarığı və Əlaqəli Anomaliyalar Mərkəzinin direktoru, professor Reha Kisnisci (Türkiyə) və digərləri maraqlı məruzələrlə çıxış ediblər.
Beynəlxalq mütəxəssislər təcrübə mübadiləsinin üz-çənə cərrahiyyəsinin bütün istiqamətlərinin inkişafına töhfə verəcəyini söyləyib, yüksək səviyyədə təşkilatçılığa görə minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində plenar iclaslar, simpoziumlar, təqdimatlar və ixtisaslaşmış sərgilərlə zəngin proqram təqdim olunub.
Qabil YUSİFOĞLU
XQ