Ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias yanvarın 23-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
Ziyarət zamanı Ulu öndərin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə əklil qoyulub.
***
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias həmin gün Bakıda Zəfər parkını da ziyarət edib. Burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Zəfər abidəsinin önünə əklil qoyub. Qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.
Sonra qonaq Zəfər muzeyi ilə tanış olub.



