Yer getdikcə “qaralır”: Səbəb nədir?

post-img

2001–2024-cü illər arasında Yer “qaralıb”- yəni, o, əvvəlkindən az Günəş işığını kosmosa qaytarır. PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında dərc olunan araşdırmaya görə, bu proses şimal yarımkürəsində cə­nuba nisbətən daha güclüdür.

NASA-nın Langley Araşdırma Mərkəzindən Norman Loebin rəhbərlik etdiyi komanda peyk məlumatlarını təhlil edərək şimal və cənub yarımkürələri arasında bu əvvəllər məlum olmayan fərqi aşkar edib.

Alimlər yazırlar ki, cənub yarımkürəsi atmosferin yuxarı qatlarında ortalama olaraq daha çox Günəş enerjisi alır, şimal yarımkürəsində isə əksinə, enerjinin xalis itkisi müşahidə olunur. Əvvəllər hesab olunurdu ki, bu enerji fərqi atmosfer və okean axınları vasitəsilə ekvatoru keçən enerji dövranı ilə tarazlaşdırılır.

Yeni tədqiqat göstərir ki, son 20 ildə bu axınlar artıq həmin tarazlığı tam saxlaya bilmir. Günəşdən Yerin hər kvadratmetrinin orta hesabla 240–243 vatt enerji almasına baxmayaraq, 10 ildə 0,34 vattlıq fərq çox böyük görünməsə də, alimlər bunu statistik cəhətdən əhəmiyyətli sayırlar.

Şimal və cənub yarımkürəsindəki fərqlər atmosferdəki su buxarı və bulud miqdarındakı dəyişikliklər, həmçinin Yerin səthinin albedosundakı (əks etdirmə qabiliyyətindəki) azalma ilə izah olunur.

Məsələn, buz və qar Günəş işığını daş və sudan daha çox əks etdirir. Tədqiqata görə, şimal yarımkürəsində dəniz buzunun və qar örtüyünün azalması Yerin daha da “qaralmasına” səbəb olub.

Bundan əlavə, aerozollarla (havada asılı olan xırda hissəciklərlə) radiasiya arasındakı qarşılıqlı təsir də mühüm rol oynayır. Aerozollar bulud əmələ gəlməsində kondensasiya nüvələri kimi çıxış edir və bu da öz növbəsində Günəş işığının bir hissəsinin əks olunmasına kömək edir.

Alimlər qeyd edirlər ki, şimal yarımkürəsində son illərdə hava çirklənməsi azalıb - Avropa, ABŞ və Çində qəbul edilən ekoloji tədbirlər buna səbəb olub.
Əksinə, cənub yarımkürəsində isə Avstraliyadakı meşə yanğınları və 2021–2022-ci illərdə Sakit okeanın cənub hissəsindəki Hunqa-Tonqa vulkanının püskürməsi nəticəsində atmosferdəki aerozol miqdarı artıb.

Əvvəllər alimlər düşünürdülər ki, yarımkürələr arasındakı bu işıq fərqi buludlardakı dəyişikliklərlə balanslaşdırılır. Lakin yeni araşdırma göstərir ki, buludların rolu bu tarazlığı qorumaqda məhdud ola bilər. Bu əlaqələri anlamaq iqlim modellərinin dəqiqləşdirilməsi üçün də çox vacibdir.

Yeri gəlmişkən, elm adamları yaxınlarda Yerin nüvəsi yaxınlığında 20 il əvvəl baş vermiş sirli bir dəyişiklik aşkar ediblər. Onun öyrənilməsi Yerin müxtəlif təbəqələri arasındakı əlaqələri daha yaxşı anlamağa kömək edəcək.

S.ELAY

XQ

Maraqlı