Kanada Parlamentinin üzvü, Kanada xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant Torontoda fəaliyyət göstərən Azərbaycan Evinin qonağı olub və gənc soydaşlarımızla görüşüb.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonağa Kanadadakı Azərbaycan icmasının fəaliyyəti barədə məlumat verib və soydaşlarımıza göstərdiyi diqqətə görə təşəkkür edib.
Gənc diaspor üzvlərinin fəallığını yüksək qiymətləndirən Rob Olifant onların Kanadanın ictimai-siyasi və mədəni həyatına verdikləri töhfələrin, birgə təşəbbüslərin xüsusi əhəmiyyət daşıdığını dilə gətirib, gənclərimizə tövsiyələrini belə ifadə edib: “Siz əlbəttə ki, öz vətəninizi, azərbaycanlı olduğunuzu heç vaxt unutmamamlı, milli dəyərlərinizi yaşatmalısınız. Lakin yaddan çıxarmamalısız ki, siz həm də kanadalısız və bu cəmiyyətə uğurla inteqrasiya olunmalısız”.
Rob Olifant Kanadanın çoxmədəniyyətli ölkə olduğuna bir daha diqqət çəkib, gənc azərbaycanlılara ölkənin siyasi sistemi və multikultural dəyərləri barədə geniş məlumat verib.
Azərbaycan Evinin rəhbəri Lalin Həsənova bu görüşü Kanadada yaşayan müxtəlif xalqların nümayəndələrinə həssas münasibətin, eləcə də diaspor gənclərinin Kanadanın ictimai-siyasi həyatına verdikləri mühüm töhfələrin nəticəsi kimi qiymətləndirib və qonağa xüsusi təşəkkür edib.
Rob Olifanta, həmçinin Azərbaycan mətbəxinin dadlı təamları təqdim olunub.
Maraqlı və yaddaqalan görüş qarşılıqlı fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.





