İsveç qəzetində Bakı neftinin Nobel mükafatına töhfəsi haqqında məqalə dərc edilib

post-img

İsveçin “Karlskoga Tidning-Kuriren” qəzetində Azərbaycan Respublikasının İsveçdəki səfiri Zaur Əhmədovun Azərbaycan və İsveçin ortaq tarixinin az tanınan səhifəsinə – Bakının Nobel mükafatının yaradılmasına töhfəsinə həsr olunmuş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, “Bakının Nobel mükafatına töhfəsi – unudulmuş, lakin bəhs edilməyə layiq İsveç hekayəsi” sərlövhəli məqalədə diplomat xatırladır ki, Nobel mükafatının təsis edildiyi kapitalın əhəmiyyətli hissəsi dinamit istehsalından deyil, XIX əsrdə Bakıda hasil edilən neftdən əldə edilib.

Z. Əhmədov Nobel qardaşlarının – Robert, Lüdviq və Alfredin “Branobel” şirkətini yaradaraq, dünyada “Zoroastr” ilk neft tankerini tikib, ilk neft kəmərlərini çəkərək Azərbaycanın neft sənayesinin təşəkkülündə necə mühüm rol oynadıqlarından ətraflı bəhs edir. Müəllif vurğulayır ki, Bakı nefti texnoloji tərəqqinin mühərrikinə çevrildi və Avropada milyonlarla insanın gündəlik həyatını dəyişdi.

“Bakı nefti Avropanın küçələrini işıqlandırırdı və evləri qızdırırdı - kerosin günü uzatdı və milyonlarla insanın həyatını dəyişdirdi”, - deyə diplomat yazır.

Eyni zamanda, neft sənayesinin sürətli inkişafı ağır ekoloji nəticələrə də səbəb oldu. Kütləvi neft sızması və havanın çirklənməsi səbəbindən mədən ətrafındakı ərazi Qara şəhər adlandırıldı. Bu sənaye xaosunun ortasında Nobellər yaşıl bir oazis - Villa Petrolea yaratdılar, burada on minlərlə bitki əkildi, məktəblər, xəstəxanalar və fəhlələr üçün evlər tikildi.

Səfir onu da xatırladır ki, Rusiyada 1917-ci il Oktyabr çevrilişindən sonra bu ümumi İsveç-Azərbaycan irsinin izləri demək olar yoxa çıxıb. Sovet illərində Villa Petrolea tənəzzülə uğradı, Nobellərin Azərbaycandakı fəaliyyətinin xatirəsi faktiki olaraq itirildi.

Lakin 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra hekayə ikinci nəfəs aldı. Azərbaycan dövlətinin təşəbbüsü ilə genişmiqyaslı yenidənqurma işləri aparıldı və nəticədə keçmiş Qara şəhər müasir Ağ şəhərə - Bakının ekoloji cəhətdən yenilənmiş, yaşıl və dinamik inkişaf edən rayonuna çevrildi.

Bu gün Villa Petrolea Nobel irsinə həsr olunmuş İsveç və Norveçdən kənarda yeganə muzeydir.

Məqalədə müəllif vurğulayır ki, 2024-cü ildə Azərbaycan və İsveç Nobel ailəsinin Bakı neft irsinin 150 illiyini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edildi. Bakının 56 nömrəli məktəbi ilə İsveçin Stokholm şəhərindəki Jensen Gimnaziyasının şagirdləri arasında onlayn görüş keçirilib.

Z.Əhmədov vurğulayır ki, Nobel mükafatının yaradılmasında Azərbaycanın tarixi rolunun tanınması və Bakı Nobel Fondunun rəsmi Nobel mərasimlərinə daxil edilməsi tarixi ədalət aktı olardı.

“Axı, onun şöhrətinin və əzəmətinin bir hissəsi həqiqətən də Nobel ailəsinin neftinin bu gün bütün dünyada tərəqqi və bəşəriyyəti simvolizə edən işığı ilk dəfə yandırdığı Azərbaycan torpağında yaranıb”, - deyə diplomat sözünü yekunlaşdırıb.

Siyasət