Şimpanzelərin də zövqü var

post-img

Onlar da insanlar kimi bəzəyi sevirlər

Arxeoloqlar qədim insan məskənlərində tez-tez kristal parçaları tapırlar. Bunların bəziləri 100 minlərlə il əvvələ aiddir. Maraqlıdır ki, onların çoxu alət, silah və ya bəzək kimi istifadə olunmayıb. Bu da belə bir sual yaradır: qədim insanlar kristalları niyə toplayırdılar?

Bu sualı araşdırmaq üçün ispaniyalı alimlər insanın yaxın qohumu olan şimpanzelərlə təcrübə aparıblar. Məqsəd onlarda da kristallara marağın olub-olmadığını öyrənmək idi. Tədqiqatın nəticələri “Frontiers in Psychology” jurnalında dərc olunub.

Araşdırmalar göstərir ki, qədim insanlar kristalları, ən azı, 700–800 min il əvvəl toplamağa başlayıblar. Bir çox yaşayış yerlərində tapılan kvars kristalları uzaq ərazilərdən gətirilib. Bu isə onların təsadüfən deyil, məqsədli şəkildə toplandığını göstərir.

Təcrübələr zamanı şimpanzelərə həm kvars kristalı, həm də adi daş verilib. Başlanğıcda hər ikisinə qısa müddətdən sonra əsasən kristallara maraq göstəriblər. Onlar kristalı fırladıb və müxtəlif bucaqlardan baxıblar. Hətta bir şimpanze kristalı istirahət etdikləri otağa aparıb.

Başqa bir təcrübədə isə kiçik kristallar adi daşlarla qarışdırılıb. Şimpanzelər, demək olar ki, dərhal kristalları seçə biliblər. Hətta qarışığa başqa minerallar əlavə olunanda belə, onları adi daşlardan ayırmaqda çətinlik çəkməyiblər.

Alimlər müşahidə ediblər ki, şimpanzelər xüsusilə kristalların şəffaflığına maraq göstərirlər. Onları işığa tutaraq uzun müddət izləyirlər. Bəzən kristalları ağızlarında daşıyırlar ki, bu da onlar üçün qeyri-adi davranış sayılır.

Alimlərin fikrincə, kristalların cazibəsi onların forması və işığı fərqli əks etdirməsi ilə bağlıdır. Təbiətdə əksər obyektlər nizamsız formada olur, kristallar isə simmetrik və düz səthlərə malikdir. Bu xüsusiyyətlər həm insanlarda, həm də digər primatlarda maraq yarada bilər.

Tədqiqatçılar hesab edirlər ki, qədim insanlar da kristalları məhz bu qeyri-adi xüsusiyyətlərinə görə toplayıblar. Ola bilsin ki, bu maraq sonradan incəsənət və estetik zövqün yaranmasına səbəb olan ilk addımlardan biri olub.

Beləliklə, kristallar insanın gözəlliyə və qeyri-adiliyə marağının çox qədim olduğunu göstərir.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat