MEDİA-nın vizual peşəkarlıq təlimi

post-img

Dünən Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə “Vizual təsirin gücləndirilməsi və müasir auditoriya üçün cəlbedici multimedia məzmunların hazırlanması” mövzusunda peşəkar inkişaf təlim proqramı keçirildi.

Media sahəsində çalışan mütəxəssislər və iştirakçılar üçün nəzərdə tutulan təlimin əsas məqsədi müasir jurnalistikada vizual media ilə təqdim olunan materialların əhəmiyyətini vurğulamaq, multimedia məzmununun hazırlanması üzrə bilik və bacarıqları artırmaq, media nümayəndələri arasında təcrübə və fikir mübadiləsini təşviq etmək idi. Gün ərzində təşkil olunan sessiyalar çərçivəsində iştirakçılara vizual məzmunun hazırlanması, mətnin təqdim olunma formaları, kadr seçimi və emosional təsir mövzularında təcrübi və nəzəri bilgilər çatdırıldı.

Medianın İnkişafı Agentliyi icraçı direktorunun müavini Natiq Məmmədli vurğuladı ki, rəqəmsal platformaların sürətli inkişafı informasiyanın istehlak formasını kökündən dəyişdiyi üçün vizual məzmun artıq köməkçi vasitə deyil, xəbərin əsas sütunudur. Belə dinamik mühitdə jurnalistlərin üzərinə düşən məsuliyyət daha çoxşaxəlidir; onlar artıq yalnız məlumatı çatdıran şəxs deyil, həm də texnoloji trendlərdən məlumatlı, çevik qərar verən və yaradıcı həllər təqdim edən peşəkar kadrlar olmalıdırlar. Bu gün auditoriyanın diqqətini qazanmaq və saniyələr içində minlərlə paylaşım arasından seçilmək üçün informasiyanı cəlbedici və təsirli şəkildə təqdim etmək vacibdir.

Təlimçi, tanınmış rejissor və kommunikasiya mütəxəssisi Antye Dombrovskinin yanaşmasına görə, informasiyanın vizuallaşdırılması həm də auditoriya ilə emosional bağ qurmaq və incəlikləri duymaq sənətidir. Müasir media mühitində informasiyanın həcmi artdıqca, multimedia alətlərindən səmərəli istifadə etmək məlumatın çatdırılmasında həlledici rol oynayır. Bu yanaşma, quru faktları canlı və yaddaqalan məntlərə çevirərək, xəbərin və ya mesajın təsir gücünü dəfələrlə artırır. Vizual elementlər – istər dinamik video, istərsə də rəngarəng infoqrafika dil və ya digər bariyerləri aşaraq auditoriyanın hadisəni daha aydın və sürətli qavramasına xidmət edir.

Antye Dombrovskinin təqdimatında keçilən təlim sessiyalarla davam etdi.

Birinci sessiyada müasir multimedia məzmun yaradıcılığına giriş mövzusu müzakirə olundu. Sessiya çərçivəsində iştirakçılara multimedia jurnalistikasının əsas prinsipləri, müxtəlif platformalar üçün məzmunun hazırlanması və vizual hekayəçiliyin struktur xüsusiyyətləri haqqında məlumat verildi. Media sahəsində çalışan mütəxəssislər arasında təcrübə və fikir mübadiləsi aparıldı.

İkinci sessiya isə real iş mühitində qərarvermə proseslərinə həsr olundu. Bu hissədə peşə terminologiyası, montaj prosesinin xüsusiyyətləri və vizual elementlərin işlənməsi mövzularına toxunuldu. Sessiya zamanı iştirakçılar qrup işi formatında praktiki tapşırıqlar yerinə yetirərək real media layihələrində istifadə olunan yanaşmaları tətbiq etmək imkanı əldə etdilər.

Üçüncü sessiyada mətnə giriş mövzusu diqqət mərkəzində idi. Bu sessiya çərçivəsində auditoriyanı cəlb edən giriş strategiyaları, emosional təsirin yaradılması və etibarlı narrativin qurulması məsələləri müzakirə olundu. Təlim zamanı iştirakçılara emosional və psixoloji aspektləri də izah edildi.

Dördüncü sessiya avadanlıqlardan istifadə və kadr quruluşunun əhəmiyyətinə həsr olundu. Bu hissədə kadrlama texnikaları, perspektivin vizual təsiri və müxtəlif çəkiliş üsulları haqqında məlumat verildi. İştirakçılar qrup işi çərçivəsində kompozisiya elementlərini praktiki şəkildə sınaqdan keçirdilər.

Təlimin növbəti sessiyasında multimedia materiallarının hazırlanması zamanı etik yanaşma prinsiplərindən danışıldı. İnformasiyanın düzgün təqdim olunması və vizual manipulyasiyaların qarşısının alınması kimi mövzulara diqqət yetirildi. Qeyd olundu ki, vizual materiallar auditoriyaya güclü təsir göstərdiyi üçün jurnalistlərin məsuliyyəti də artır və bu baxımdan etik standartlara riayət olunması xüsusi əhəmiyyət daşıyır.

Sonuncu sessiyada isə qazanılan bilgilər müzakirə olundu. İştirakçılar gün ərzində mənimsədikləri bilik və təcrübələri ümumiləşdirərək peşə fəaliyyətində bu bacarıqların tətbiqi imkanları barədə fikir mübadiləsi apardılar.

Media sahəsində çalışan mütəxəssislərin peşəkar inkişafına töhfə vermək və müasir media mühitində kommunikasiya bacarıqlarını gücləndirmək məqsədilə təşkil olunan təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Fidan ƏLİYEVA
XQ

Sosial həyat