Gürcüstanın Baş naziri müsəlman icması üçün iftar süfrəsi açıb

post-img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumət üzvləri ilə birlikdə müsəlman din xadimlərini və ölkədə yaşayan müsəlman icmasını iftar süfrəsinə qonaq edib.

AZƏRTAC xəbər verir ki, Baş nazir müasir və güclü Gürcüstan dövlətinin qurulması prosesində müsəlman icmasının rolundan danışıb və onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

“Bizim üçün böyük şərəfdir ki, bu il də sizi iftar süfrəsində qəbul edirik. Bu görüş bir daha təsdiq edir ki, qardaşlığımız, birliyimiz və qarşılıqlı hörmətimiz sarsılmazdır. Gürcüstanda yaşayan hər bir müsəlmanı və bütün müsəlman icmasını müqəddəs Ramazan ayı münasibətilə təbrik edirəm”, - deyə Kobaxidze vurğulayıb.

O deyib ki, hazırda Yaxın Şərqdə çətin vəziyyət hökm sürür. “Dost ölkələrimizə sülhün bərpa olunmasını arzulayıram.

Bu, insanların rifahı, inkişafı və irəliləyişi üçün vacib şərtdir”, - deyən Kobaxidze hər kəsə sülh arzulayıb.

İftar süfrəsində, həmçinin bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini liderləri çıxış edərək, Baş nazirə ənənəvi iftar süfrəsinə görə təşəkkürlərini bildiriblər. Onlar dövlətin müsəlman icmasına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlıqlarını ifadə edib, müsəlman vətəndaşların ölkənin inkişafına verdiyi töhfələr və dövlətə sədaqəti barədə danışıblar.

Dini liderlər Müsəlmanlar İdarəsinin əldə etdiyi nailiyyətlər və müsəlman icmasının qarşısında duran məsələlər haqqında da fikirlərini bölüşüblər.

Xətayi Əzizov 
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Dünya