Beynəlxalq alimlər qrupu Saturnun peyki Titanın altında böyük və qlobal bir okeanın olması ilə bağlı əvvəlki fikirləri yenidən nəzərdən keçirib. Onların qənaətinə görə, Titanın buz qatının altında yüzlərlə kilometr dərinliyində vahid okean olmaya bilər. Bu isə yeni sual yaradır: əgər Günəş sistemindəki bir çox buzlu peykin yeraltı okeanı varsa, niyə Titan istisnadır?
Alimlər bildirirlər ki, Titan yenə də çox böyük həcmdə suya malik ola bilər. Sadəcə bu su vahid okean şəklində deyil, buzla əhatə olunmuş ayrı-ayrı maye su “cibləri” halında mövcuddur və ümumi həcmi Atlantik okeanı ilə müqayisə edilə bilər.
Əvvəllər “Kassini” kosmik aparatının məlumatları əsasında Titanın cazibə sahəsində fərqliliklər aşkar edilmişdi. Bu fərqliliklər yeraltı okeanın mövcudluğuna işarə kimi qəbul olunmuş və Titanın qalın buz qatının altında dərin okean olduğu düşünülmüşdü. Bu da orada həyatın ola biləcəyi ümidini artırmışdı.
Yeni tədqiqatçılar isə iki əsas arqument irəli sürürlər. Birincisi, Titan çox böyük miqdarda istilik itirir. Əgər onun altında qlobal okean olsaydı, bu qədər istiliyin səthə çıxması çətin izah edilərdi. İkincisi, belə okean olsaydı, Titan Saturnla qarşılıqlı cazibə təsiri nəticəsində daha çox enerji itirməli və orbiti daha dairəvi olmalı idi. Amma Titan hələ də uzanmış orbitini qoruyur.
Bu səbəbdən alimlər Titanın quruluşunu fərqli şəkildə modelləşdiriblər: qlobal okean əvəzinə buzun içində yerləşən, maye su ilə dolu ayrı-ayrı sahələr. Bu model müşahidələrə daha yaxşı uyğun gəlir.
Alimlər vurğulayırlar ki, bu nəticə Titanın həyat axtarışı baxımından əhəmiyyətini azaltmır. Əksinə, ayrı-ayrı su sahələrində təzyiq daha azdır və bu, həyat üçün daha uyğun şərait yarada bilər. Onların hesablamalarına görə, Titanın keçmişində qlobal okean olub, lakin zamanla donmağa başlayıb.
Buna baxmayaraq, bəzi alimlər yeni nəticələrlə razılaşmır və soruşurlar: əgər bir çox başqa peykdə yeraltı okean varsa, niyə məhz Titanda yoxdur? Bu sual hələ də açıq qalır.
Hazırladı:
S.ELAY
XQ

