Yapon alimlərindən xərçəng müalicəsində ümidverici kəşf

post-img

Yapon alimləri ağac qurbağalarının bağırsağında xərçəng şişlərini məhv edə bilən bakteriya aşkar ediblər. Təcrübələr siçanlar üzərində aparılıb və nəticələr çox ümidverici olub.

Araşdırma zamanı məlum olub ki, bu bakteriya kolorektal xərçəngi olan siçanlara bir dəfə venadaxili yeridildikdən sonra bütün hallarda şişlər tamamilə yox olub. Bu nəticə mövcud müalicə üsullarından daha güclü təsir göstərib.

Alimlər amfibiyalara və sürünənlərə ona görə diqqət yetiriblər ki, bu heyvanlarda xərçəng çox nadir hallarda rast gəlinir. Onların bağırsaqlarından götürülən bakteriyalar arasından ən təsirli olanı Yapon ağac qurbağasında tapılan "Ewingella americana" olub.

Bu bakteriya əsasən oksigenin az olduğu şiş toxumasında toplanır, sağlam orqanlara zərər vermir və xərçəng hüceyrələrini məhv edir. Eyni zamanda immun sistemini gücləndirərək orqanizmin şişə qarşı mübarizəsini artırır.

Təcrübələrdə şişlər yox olduqdan sonra siçanlarda uzunmüddətli immun yaddaş formalaşıb və xərçəng hüceyrələri yenidən yeridilsə belə, yeni şişlər yaranmayıb. Bakteriya qısa müddətdə orqanizmdən xaric olub və ciddi yan təsirlər müşahidə edilməyib.

Alimlər bildirirlər ki, bu nəticələr hələlik yalnız heyvanlar üzərində əldə edilib. Bu üsulun insanlar üçün təhlükəsiz və effektiv olub-olmadığını müəyyən etmək üçün əlavə tədqiqatlar aparılmalıdır.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı