IV yazı
Özbəklər Mərkəzi Asiyada ən böyük türkdilli xalqdır. Tarixçilərin qənaətinə görə, özbəklərin ən qədim əcdadları prototürklər və türklər olub. Orta Asiyanın türk və Şərqi İran dialektlərində danışan yerli oturaq və maldar əhali həmin qövmlərin törəmələri hesab olunur. İki dildə danışan qəbilələrin qarışması prosesi özbək xalqının başlanğıcını qoymuşdur.
Özbək xalqının formalaşmasında və inkişafında XIV-XVI əsrlərdə Əmir Teymur tərəfindən yaradılan böyük imperiyanın müstəsna rolu olmuşdur. Bu imperiya 1370-1507-ci illər arasında mövcud olmuş və Teymurilər, Gürkanilər və ya Turan adını daşımışdır. Teymurilər dönəmində tarixi Türküstan və Xorasan əraziləri İslam mədəniyyəti, incəsənəti və memarlığı baxımından ən parlaq dövrlərindən birini yaşamışdır.
İmperiyanın paytaxtı Səmərqənd şəhəri məhz bu dövrdə əsl intibaha qovuşmuş, dünyanın hər yerindən buraya mahir sənətkarlar köçürülmüşdür. Əmir Teymur və davamçılarının dövründə inkişaf edən sənətkarlıq və elm səbəbindən bu dövr Teymuri renesansı olaraq xatırlanmaqdadır.
Əmir Teymurun sarayında Əbdülqadir Marağayi kimi dahi musiqiçi fəaliyyət göstərərək məqam sənətinin gur inkişafını təmin etmişdir. Bunun nəticəsidir ki, özbək musiqisində maqom (özbəklər öz dil xüsusiyyətlərinə uyğun şəkildə məqama maqom deyirlər) ənənəsi intişar etmiş, sonralar böyük xanlıqlar dövrünü yaşamış Buxara şəhərində onun Şaşmaqom kimi məxsusi orijinal forması meydana gəlmişdir. Bu maqomlar UNESCO-nun bəşəriyyətin qeyri-maddi sərvətləri siyahısında yer almışdır.
Hazırda Özbəkistan Respublikası paytaxtı Daşkənd şəhəri olmaqla əhali sayına görə (35 milyon) türk dünyasının ikinci böyük dövlətidir. Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Əfqanıstan və Tacikistanla həmsərhəddir. Səmərqənd, Buxara, Xivə, Kokand, Şəhrisəbz kimi qədim şəhərlərində çoxsaylı memarlıq abidələri vardır və onlar Şərq mədəniyyətinin nadir inciləri siyahısındadır. `Bu sırada Səmərqənddə yerləşən Registan meydanı, Bibixanım məscidi, Uluqbəy rəsədxanası və məqbərəsi, Şahi Zində məqbərəsi, Əmir Teymurun və nəslinin uyuduğu Gur-Əmir mavzoleyi, Şəhrisəbzdə Əmir Teymurun Ağ Sarayının adları çəkilməlidir.
Bibixanım məscidi islam aləmində və Mərkəzi Asiyada yerləşən ən böyük məscidlərdən biridir. Mərkəzi Asiyanın müqəddəs şəhəri adlandırılan Buxarada isə 140 memarlıq abidəsi var. Onların bir çoxu, eyni zamanda 1997-ci ildə və 2500 illiyi qeyd olunmuş Xivə şəhərindəki İçan-Qalası UNESCO-nun Ümumdünya irs siyahısına daxil edilmişdir.
Başqa türk xalqlarında olduğu kimi, özbək ənənəvi musiqisi də iki böyük təbəqəyə –folklor (xalq yaradıcılığı) və şifahi ənənəli professional yaradıcılığına (makomlar və digər inkişaflı formalar) ayrılır. Öz növbəsində xalq yaradıcılığı daşıdığı funksiya və mövcud formalarına görə iki böyük qrupa bölünür və hər bir qrup səciyyəvi cizgilərə malikdir.
Birinci qrupa müəyyən şəraitdə və müəyyən vaxtda ifa olunan mahnılar və instrumental havalar daxildir. Bura əmək, mərasim, beşik mahnıları, müxtəlif adət-ənənələr, kütləvi tamaşalar zamanı ifa olunan instrumental havalar daxildir. İkinci qrupa isə hər zaman və hər yerdə ifa olunan janrlar – terma, koşuk, lapar, yalla, aşulə və həmçinin analoji planda müxtəlif instrumental pyeslər daxildir. Çoxcəhətli məhəbbət lirikası, tarixi mövzu, satira və yumor, ictimai etiraz bu janrlardan hər birinin əsasını təşkil edə bilər. Buna baxmayaraq, həmin janrlar musiqi məzmununun səciyyəvi ifadə vasitələri ilə bir-birindən fərqlənir.
Onu da qeyd etmək lazımdır ki, ötən yüzilliklər ərzində Özbəkistanın hazırkı ərazisi müxtəlif xanlıqlara (Xivə, Buxara, Kokand) parçalandığına görə bu vəziyyət musiqidə öz izini üslub müxtəlifliyində biruzə vermişdir: əhalinin fərqli həyat tərzi, sosial-iqtisadi durumu və etnik tərkibi xalq və professional musiqidə dörd əsas lokal üslubun əmələ gəlməsini şərtləndirmişdir.
Özbək əmək mahnıları məzmun, poetik mətn və üslub baxımından kifayət qədər müxtəlifdir: maldarlıq, əkinçilik, sənətkarlıqla bağlı, eləcə də qadınların ev əməyini təsvir edən mahnılar vardır ki, bunlarda lirik düşüncələr və arzular, şikayət və etiraz motivləri də yer alıb.
Özbək xalqının musiqi-poetik irsində epik rəvayətlər – dostanlar və ya dastanlar (bu söz özbək dilində iki cür tələffüz olunur) xüsusi yer tutur. Bu dastanlar arxaik türk folkloru və özbək tarixi əsasında yaranmışdır. Başqa sözlə, onlar həm qədim müştərək türk mədəni ənənələrini, həm də özbək xalqının formalaşma yaddaşını, düşüncə tərzini, taleyini və mənəvi-estetik ideallarını özlərində cəmləyiblər.
Özbək xalq dastanlarının təsnifatında ilk pillədə qəhrəmanlıq (“Alpamış”, “Yadqar) dastanları durur. Onların mənşəyi və əsası patriarxal-tayfa münasibətləri, uzaq keçmişdə köçəri və yarımköçəri həyat tərzi sürmüş özbək xalqının həyatı, məişəti, adət-ənənələri ilə sıx bağlıdır.
Özbək dastan yardacılığının sonrakı inkişafı roman səciyyəli dastanlarla bağlıdır ki, onlar ya döyüş (“Yusif və Əhməd”), “Əlibək və Balıbək”) qəhrəmani-romantik (“Tənha-Əhməd”, “Rüstəm”silsiləsi, “Qoroğlu” silsiləsi), sevgi-məhəbbət (“Kuntuqmış”, “Ravşan”, habelə Xarəzm dastanları), ictimai-məişət (“Sahibkıran”, “Arzugül”, “Şirin və Şəkər”) və nəhayət, kitab dastanları (“Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Bəhram və Güləndan” və s) kimi bir-birindən fərqlənirlər. Gördüyümüz kimi, Özbəkistanda digər türk xalqlarında məşhur olan dastanlar (məsələn, “Alpamış”, “Qoroğlu”, “Avazxon”, “Rovşan”, “Oşik Qarib”) kimi geniş yayılmışdır.
Özbək dastanlarını iki növə ayırırlar: 1) məzmunu başdan-başa reçitativ hekayət üslubunda dinləyicilərə çatdırılan dastanlar. 2) yalnız monoloq və dialoqları (nəzm hissləri) oxunan, qalan nəsr hissələri isə danışılan dastanlar. Adətən özbək epos ifaçıları ikisimli -dartma musiqi aləti olan dombranın müşayiəti ilə oxuyurlar.
Şifahi ənənəli özbək musiqisində mərkəzi yeri, bir sıra Şərq, o cümlədən türk xalqlarında – Anadolu türkləri, azərbaycanlılar, uyğurlar və türkmənlərdə olduğu kimi, məqam ənənəsinin özünəxas təzahürü olan maqomlar – vokal instrumental pyeslər silsiləsi tutur.
Bu, bir həqiqtədir ki, özbək xalqının musiqi mədəniyyəti Yaxın Şərq və Mərkəzi Asiya xalqlarının mədəniyyət və incəsənətinin ayrılmaz tərkib hissəsi idi. VI-VII əsrlərdə yaşamış əfsanəvi musiqiçi, şair və musiqi nəzəriyyəçisi Barbədin (müxtəlif dillərdə və şivələrdə Borbad, Fəhləbad, Paxlabad və s. kimi səslənir) zəngin irsi Turan və İran xalqlarının musiqi tarixində xüsusi əhəmiyyət daşımış və onun sənəti klassik şairlərin yaradıcılığında kifayət qədər vəsf olunmuşdur.
Məlumdur ki, Barbəd Yaxın Şərqin ilk və bəlkə də ən peşəkar musiqiçisi kimi musiqi tarixinə düşmüşdür. Onun musiqi irsində 360 oxunan hava, 30 instrumental melodiya, həmçinin kosmoloji təsəvvürlərin özünəməxsus təzahürü kimi 7 “xosrovani” də var ki, bu da ilin 360 günü, 30 həftəsi və həftənin 7 günü ilə bağlı olub.
Orta əsrlərdə Yaxın və Orta Şərq musiqisində formalaşmış “On iki məqam” – mürəkkəb və çoxtərkibli musiqi-nəzəri bir sistem idi. Klassik məqamlar saray musiqisində mühüm yer tuturdu və şəhər mədəniyyətinin təzahürü kimi inkişaf edirdi. Teymurilərin dövründə məqam formaları musiqi yaradıcılığında geniş intişar tapır. O dövrün tarixi xronikaları, Səmərqənddə məşhur musiqiçi-alim Əbdülqadir Marağayinin fəaliyyəti, XIV-XVII əsrlərdə yazılmış musiqi risalələri bunu sübut edir.
Özbək xalqının musiqi alətləri rəngarəngliyi ilə diqqəti cəlb edir. Burada bütün alətlər qrupu – simli, nəfəsli və zərb alətləri təmsil olunmuşdur ki, bu da alətlərin bütün növlərini və funksiyalarını özündə cəmləşdirir. Onlardan çoxu türk xalqlarının, habelə taciklərin və bir sıra Şərq xalqlarının musiqi alətləri ilə eyni və ya oxşardır.
Simli alətlər qrupu daha zəngindir. Bu qrupa – mizrablı (tambur, dombra, dutar, əfqan rubabı, qaşqar rubabı), zərbli (çəng), kamanlı (kobuz, giçak, sato) simli alətlər daxildir.
Özbək xalq çalğı alətləri arasında nəfəs alətləri qrupu çox geniş təmsil olunmuşdur. Bunların arasında qamış, sümük və ağac nəfəsli alətlər xüsusi yer tutur: nay və onun növləri – sibizik, koşnay, balaman, surnay və s.
Özbəklərin zərb alətləri simli və nəfəs alətləri kimi, Şərq və o cümlədən türk xalqları üçün ümumi alətlərdəndir. Onlar özbək xalqının musiqi təcrübəsində mühüm yer tutur. Doyra, həmçinin naqora aləti çox istifadə olunur. Özənsəsli safoil, koşik, kayrak kimi alətlər nisbətən az yayılmışdır.
Lalə HÜSEYNOVA,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor