Ürəyimdə bir dilək var,
O da doğru kəsilsin.
O gün olsun bu göy bayraq,
Turan üstdən asılsın!
C.Cabbarlı
Turan nədir?
Tur babamın yeri-göyü, yaylası.
“Ergənəkon” işığında
anaların laylası!
Turan nədir?
Turanlının yurdu, evi-eşiyi,
Layla ilə dolub-daşan
körpələrin beşiyi.
Turan nədir?
Bir millətin bütünlüyü, birliyi,
Əvvəldə də, axırda da
diriliyi, dirliyi!
Turan nədir?
Arzumuzun uzaq-uzaq hədəfi,
Qəlbimizin, ruhumuzun
uca şanı-şərəfi.
Turan nədir?
Əbədiyyət, uzun yolun yolçusu,
Sabahları açmaq üçün
Xoş xəbərin elçisi.
Turan nədir?
Göy üzünün
Göyə sığmaz işığı.
Sönməz Ayı, ulduzu,
dünyanın yaraşığı!
Turan nədir?
Sevgimizin solmaz olan rəngidi.
Bizim olan bayraqların
çiçəkdən çələngidi!
Zəlimxan YAQUB