2025-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında əhalinin sayında artım qeydə alınıb.
XQ xəbər verir ki, ilin əvvəlindən 775 nəfər və ya 0,2 faiz artan əhali 1 iyul 2025-ci il tarixinə 471 718 nəfərə çatıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.
Əhalinin 35,5 faizini şəhər, 64,5 faizini isə kənd sakinləri təşkil edir. Cins bölgüsündə kişilər 49,9 faiz, qadınlar isə 50,1 faizdir. Hər kvadrat kilometrə 86 nəfər düşür.
Bu ilin ilk yarısında 1 717 körpə dünyaya gəlib. Ancaq doğum səviyyəsi bir qədər zəifləyib. Əhalinin hər 1 000 nəfərinə düşən göstərici 7,6-dan 7,3-ə enib. Doğulanların 52,2 faizi oğlan, 47,8 faizi qız uşaqları olub. Maraqlıdır ki, onlardan 33-ü əkiz, 1-i isə üçəm doğulub.
Eyni zamanda, 1 106 ölüm halı qeydə alınıb və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6-dan 4,7-yə yüksəlib.