Elə şəxsiyyətlər var ki, həyatları yalnız yaşadıqları dövrə sığmır. Onlar zamanın sərhədlərini aşaraq bütöv bir xalqın, millətin yaddaşına, taleyinə və gələcəyinə yol açır. Belə nadir şəxsiyyətlər hər xalqın tarixində yer almır. Bu baxımdan xoşbəxt xalqıq ki, bizim qismətimizə Heydər Əliyev kimi dahi şəxsiyyət, dünya əhəmiyyətli siyasi lider, dövlət xilaskarı kimi əvəzsiz bir şəxsiyyət düşüb. Onun adı Azərbaycan tarixinə yalnız siyasi lider kimi deyil, həm də dövlətçiliyin xilaskarı, müstəqilliyi bərpa edən şəxsiyyət kimi həkk olunub.
Onun həyat yoluna, siyasi karyerasına nəzər saldıqda nələrin şahidi oluruq? Gələcək nəsillərin hələ araşdırmalı olduğu siyasi irsində bir ömürə sığmayan qətiyyətin, siyasi iradənin, uzaqgörənliyin, ən əsası isə dövlətinə, xalqına, millətinə bağlılığın əvəzsiz nümunəsini görürük.
Tarixin ən mürəkkəb, çətin anlarında belə Ulu Öndərin möhkəm iradəsinin nəticəsi olaraq Azərbaycan beynəlxalq arenada tanındı və söz sahibi oldu. Ölkəmizi tanımaq istəməyənlər belə bu qüdrətli siyasət adamının siyasi gedişlərinə təslim oldu. Bütün bunlar isə asan başa gəlmədi. Yeri gəldikdə xalqı üçün həyatını belə təhlükəyə atmaqdan çəkinmədi. Bütün yaşananlar yalnız və yalnız liderlik bacarığının, siyasi savadın bariz nümunəsi idi.
Onun zəkası, müdrikliyi və gələcəyə hesablanan təşəbbüsləri nəticəsində Azərbaycanın ən çətin dönəmində ölkə iqtisadiyyatının dirçəlməsi, elm və təhsil sahələrinin inkişafı, beynəlxalq münasibətlərdə dövlət mövqeyinin möhkəmləndirilməsi istiqamətində fundamental nəticələr əldə olundu. Bu gün ölkəmizin əldə etdiyi nailiyyətlərə, son 30 ildə həyata keçirilən neft-qaz layihələrinin nəticələrinə nəzər saldıqda, həmin siyasətin strateji dərinliyi və uzaqgörənliyi daha aydın hiss olunur.
Heydər Əliyevin doğum günü, anım günü yalnız tarixi şəxsiyyətin xatirəsinin yad edilməsi deyil. Bizim üçün bu tarix həm də dəmir iradəli bir şəxsiyyətin müstəqillik və dövlətçilik yolunda əsil liderlik fəlsəfəsinin, dövlətçilik irsinin yad edilməsi deməkdir. Çünki bu irs gələcək nəsillər üçün yalnız tarix deyil, həm də gerçək bir məktəbdir.
Ulu Öndər ölkədə hüquqi bazanın yaradılması və milli kimliyin qorunması istiqamətində ardıcıl və məqsədyönlü siyasi islahatlara imza atdı. Bu yanaşma Azərbaycanın müstəqilliyinin dayanıqlı əsaslar üzərində qurulmasını təmin edən başlıca amilə çevrildi.
Heydər Əliyev həm də bir el ağsaqqalı kimi cəmiyyətdə birlik və sabitliyin təmin olunmasının təməlini qoydu. Hesab edirəm ki, onun siyasi kursu yalnız düzgün idarəetmə modeli deyildi, eyni zamanda da ictimai şüurun formalaşdırılması, vətəndaş məsuliyyətinin artırılması və milli həmrəyliyin gücləndirilməsi ilə də xarakteizə olunmalıdır. Bütün bu xüsusiyyətlər onu sadəcə dövlət başçısı kimi deyil, xalqı arxasınca apara bilən lider kimi fərqləndirirdi. Bu gün xalq olaraq dövlətçilik fəlsəfəsinin və milli inkişafın memarı olan Heydər Əliyevlə qürur duyuruq. Zaman keçdikcə daha aydın görürük ki, onun idarəçilik modeli, milli strategiyası yalnız yaşadığımız həyatın problemlərinin həllinə deyil, gələcəyin inkişafına, qurulmasına da hədəflənib.
Bu gün biz daha aydın şəkildə dərk edirik ki, Heydər Əliyev insanların dərdini duyan, sevincini bölüşməyi bacaran bir şəxsiyyət idi, çünki özü də sadə xalqın içindən çıxmışdı. Böyük şəxsiyyətin doğum günü həm də düşünmək, dəyərləndirmək, onu daha dərindən dərk etmək üçün bir fürsətdir. Çünki zaman da göstərir ki, tarix təsadüflərlə deyil, məhz belə şəxsiyyətlərin iradəsi və imzası ilə yazılır. Dahi liderin irsi bu gün də yaşayır. Bu irs təkcə keçmişin xatirəsi deyil, bu günün reallığı və gələcəyin xəritəsidir. Bu yol xəritəsi ilə doğru addımlamaq isə bir millət olaraq bizim üzərimizə düşən ən böyük vətəndaş məsuliyyətidir.
Bu gün ümummilli liderimizi anarkən onun inkişafına nail olduğu sahələrlə yanaşı Azərbaycan səhiyyəsinin inkişaf strategiyasından da danışmamaq mümkün deyil. Xalqın sağlamlığına xüsusi önəm verən Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xüsusilə səhiyyə sisteminin formalaşması və inkişafında oynadığı mühüm rolu bir daha xatırlamaq borcumuzdur. Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı danışarkən qeyd etmək istərdim ki, səhiyyə yalnız xəstəliklərin müalicəsi deyil, həm də sağlam cəmiyyətin qurulmasıdır. Çünki sağlam nəsil, sağlam gələcək deməkdir. Bu baxımdan Heydər Əliyevin dövlət siyasətində insan amilinə verdiyi dəyər səhiyyənin inkişafının prioritet istiqamətlərindən birinə çevrildi.
Onun rəhbərliyi dövründə Azərbaycanda səhiyyə infrastrukturunun yenilənməsi, yeni xəstəxnaların və tibb müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının müasir avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atıldı. Eyni zamanda, tibbi kadrların hazırlanması və onların beynəlxalq təcrübə ilə tanış olması üçün geniş imkanlar yaradıldı.
Heydər Əliyev səhiyyə sahəsində yalnız maddi- texniki bazanın inkişafına deyil, həm də tibbi xidmətlərin əlçatanlığına və keyfiyyətinə xüsusi önəm verirdi. Onun təşəbbüsü ilə həyata keçirilən sosial proqramlar əhalinin müxtəlif təbəqələrinin tibbi xidmətlərə çıxışını xeyli asanlaşdırdı.
Bu gün Azərbaycanın səhiyyə sistemi müasir çağırışlara cavab verən bir səviyyəyə çatıbsa, bu, məhz Heydər Əliyevin əsasını qoyduğu düzgün strateji xəttin davam etdirilməsi sayəsində mümkün olub. Onun müəyyən etdiyi inkişaf konsepsiyası bu gün də uğurla davam etdirilir.
Hər bir dövlətin səhiyyə siyasəti onun insan kapitalına verdiyi dəyərin ən real göstəricilərindən biridir. Azərbaycan səhiyyəsinin müasir inkişaf mərhələsinə nəzər saldıqda aydın şəkildə görürük ki, bu sistemin fundamental əsasları məhz Heydər Əliyevin uzaqgörən və strateji yanaşması nəticəsində formalaşıb. Əminliklə deyə bilərik ki, sağlam bir cəmiyyət güclü dövlətin əsas sütunudur. Heydər Əliyev bu həqiqəti dərindən anlayaraq, səhiyyəyə göstərdiyi qayğısı ilə xalqın rifahına xidmət edəcək mühüm addımlar atdı. Onun xatirəsi xalqımızın yaddaşında daima yaşayacaq. Səhiyyə sahəsində çalışan həkimlərimiz, tibb işçilərimiz, alimlərimiz üçün isə bu xatirə bir örnək və güc mənbəyi olaraq qalacaq.
Bu gün Azərbaycan səhiyyəsinin əldə etdiyi nailiyyətlər- innovativ müalicə üsullarının tətbiqi, beynəlxalq səhiyyə sisteminə inteqrasiya məhz doğru, düzgün aparılmış siyasətin məntiqi nəticəsidir. Heydər Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi inkişaf modeli yalnız bir dövrü deyil, gələcək nəsilləri də əhatə edəcək davamlı və dayanaqlı bir konsepsiyadır. Bu modelin əsasını təşkil edən insan amili, elmi yanaşma və sosial məsuliyyət prinsipləri bu gün də aktuallığını qoruyur və səhiyyə işçiləri üçün həm peşəkar, həm də mənəvi istiqamətverici rol oynayır.
Zaman keçir, nəsillər dəyişir, lakin böyük şəxsiyyətlərin yaratdığı dəyərlər öz aktuallığını itirmir. Bu baxımdan fenomen şəxsiyyət olan Heydər Əliyevin xatirəsi yalnız tarix kitablarında deyil, həm də müasir Azərbaycanın səhiyyə sistemində olduğu kimi digər uğurlarında da yaşayır və gələcəyə doğru atılan hər bir addımda da öz əksini tapir. Beləliklə, Heydər Əliyevin qoyduğu siyasi irs və dövlətçilik ənənələri bu gün də yaşayır, Azərbaycanın gələcəyinə inamla yol göstərməyə davam edir.
Ulu Öndərin parlaq ruhu qarşısında ehtiramla baş əyirik. Ruhu şad olsun!
Afət Həsənova
Tibb üzrə fəlsəfə doktoru, dosent

