“Ömrüm”də əbədiləşmiş ömür yolu

post-img

 Təqdimat    


Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli alim və  dövlət xadimi, akademik  Musa Əliyevin ömrünün son illərində qələmə aldığı xatirələrinin toplandığı “Ömrüm” adlı xatirələr kitabının təqdimatı keçirildi. 

Mərasimdə muzeyin direktoru akademik Rafael Hüseynov bildirdi ki, haqqında düşüncələrimizi bölüşəcəyimiz yeni nəşr sadə bir kitab deyil,  xalqa, dövlətə qulluq örnəyinin şərəfli salnaməsidir. Zahirən bir insanın ömür yolu haqqında düşüncələr, onun görüb-eşitdikləri, ömründən keçən hadisələr barədə qeydlər təsiri bağışlayan bu xatirələr elə bir tarix parçasını əks etdirir ki, o, sadə bir kitab olmaqdan kənara çıxıb epoxanın mənzərəsini canlandıran salnaməyə çevrilib.       

R.Hüseynov Musa Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, elmimizin inkişafında gördüyü önəmli işlərdən, ölkəmizdən kənarda misilsiz fəaliyyətindən ətraflı danışdı. Akademik qeyd etdi ki, kitabın müəllifi unudulmaz elm və dövlət xadimi Musa Əliyev 1950–58-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olub. Kitabı vərəqlədikcə, onun  mürəkkəb dövrdən baş çıxarması, necə sağ qalması, vicdanını, ləyaqətini necə qoruması heyrət doğurur. Musa Əliyevin ömür yolu haqqında yazdıqlarını oxuduqca düşünürsən ki, o öz yeniliyini, düsturunu gətirməyə, öz yolunu açmağa çalışıb. Musa Əliyev elə bir ömür yaşayıb ki, övladları, nəslinin davamçıları, onu tanıyanlar həmişə bu insanla fəxr ediblər.

Bildirildi ki, milli akademiya prezidentinin rəhbərliyi ilə 1950–1970-ci illər üçün Azərbaycanın inkişaf perspektivləri ilə bağlı layihə hazırlanıb. Bunlardan Azərbaycanda metro, Milli Dram Teatrı, Milli Kitabxana, Şamaxıdakı Rəsədxana, Sumqayıtda Boru prokat zavodu, Gəncədə Alüminium zavodu, Elmlər Akademiyası və digər vacib əhəmiyyətli tikintiləri xatırlatmaq olar. Ömrünün son illərində Musa Əliyev xatirələrini, ömründən keçən hadisələri yazmağa başlayıb. Bu bir sənəddir, tarixin aynasıdır. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Musa Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərini xatırlatdı. O, bildirdi ki, akademiya rəhbərlərindən indiyədək memuar yazanı olmayıb. Onun bu kitabı ilk belə qiymətli əsərdir. Bu kitabda müəllif, sanki, XX əsri bizə yenidən təqdim edir, akademiyanın tarixinin də yüksəliş dövrü barədə indiki nəslə dəyərli bilgi verir. 

Akademik Akif Əlizadə, AMEA  Tarix İnstitutunun şöbə müdiri Cəbi Bəhramov, tarixçi alim Dilarə Seyidzadə Musa Əliyevin çoxcəhətli elmi-təşkilati və ictimai-siyasi həyatını müxtəlif yönlərdən səciyyələndirdilər, yeni nəşri qiymətli tarixi-sənədli mənbə kimi dəyərləndirdilər.

Musa Əliyevin nəvəsi Cəmilə Paşayeva-Seyidzadə Parisdə UNESCO-da babasının yubileyinin necə təntənə ilə keçirildiyini xatırlatdı, onun ömür yolu ilə qürur duyduqlarını dedi. ADA universitetinin rektoru, professor Hafiz Paşayev kitabı ərsəyə gətirənlərə və təqdimatın təşkilatçılarına təşəkkür etdi. Bu kitab və onun təqdimatı Musa Əliyevin həmişəyaşar irsini bir daha xalqımıza qaytardı.

Mərasimdə iştirak edən Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri akademik Musa Əliyevin ömür yolunun müxtəlif anlarını əks etdirən stendlə tanış oldular.

Qabil YUSİFOĞLU
XQ

 



















Mədəniyyət