Özbəkistanın Xarəzm vilayətinin qədim Xivə şəhərində “Arda Xivə” turizm kompleksində “Xalçaların gözəlliyi” birinci beynəlxalq sərgi-festival keçirilib.
Sərgidə ölkənin müxtəlif bölgələrindən, həmçinin Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstandan gələn sənətkarlar, alim və incəsənət xadimləri, dizaynerlər, sahibkarlarla yanaşı Xarəzm vilayətinin minlərlə sakini və qonaqlar iştirak edib.
Sərgidə ölkəmizi Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və bu qurumun təşəbbüsü ilə Bakıdan gələn xalçaçı rəssam, miniatür ustası Ağasadıq Süleymanov təmsil edib.
Sərgi-festivalın birinci günü keçirilən mətbuat konfransında respublika “Hunərmənd” birliyinin sədri Rəsuljon Mirzəhmədov, Xarəzm vilayəti hakiminin müavini Botir Səidov və başqaları ilk dəfə keçirilən xalça festivalının məqsədi, əhəmiyyəti və beynəlxalq əməkdaşlığın perspektivlərindən danışıblar.
Botir Səidov deyib ki, hazırda Xarəzm vilayətində 500-dən çox sənətkar xalçaçılıqla məşğul olur. Onların toxuduğu xalçalara təkcə Özbəkistan deyil, bütün dünyada böyük tələbat var. Qədim və gənc Xivə şəhərində keçirilən bu sərgi ölkəmizin zəngin mədəni irsinin və xalq yaradıcılığının parlaq ifadəsidir.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli öz çıxışında qeyd edib ki, xalça Azərbaycan xalqının min illik mədəni irsinin, milli sənətinin və estetik dünyagörüşünün ayrılmaz hissəsidir. O vurğulayıb ki, Azərbaycan xalça sənəti yalnız məişət və bədii sənət növü kimi deyil, həm də xalqın ruhunu, tarixi yaddaşını, mənəvi dəyərlərini və bədii zövqünü ifadə edən mühüm mədəni fenomen kimi dünya miqyasında tanınır. Direktor əlavə edib ki, xalçaçılıq sənəti bu gün xalqlar arasında mədəni dialoqun və dostluğun güclənməsinə xidmət edir, belə beynəlxalq tədbirlər isə xalça ənənələrinin qorunub-saxlanması və yeni nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Sonra beynəlxalq sərgi-festival çərçivəsində milli xalçaçılıq sənətinə həsr olunmuş nadir sərgiyə start verilib.
Sərginin Azərbaycan guşəsində AMM-nin təqdim etdiyi Naxçıvan, Gəncə, Quba, İrəvan, Təbriz, Borçalı, Dərbənd və digər bölgələrimizə aid xalça nümunələri, həmçinin Azərbaycan xalça sənətinə dair albomlar nümayiş olunub.
Ağasadıq Süleymanov öz kiçik dəzgahında xalçaların toxunmasını əyani olaraq təqdim edib.
Ümumiyyətlə Azərbaycan guşəsi, həmçinin Ağasadıq Süleymanovun xalçaların toxunmasını əyani şəkildə nümayiş etdirməsi iştirakçıların böyük marağına səbəb olub.
Sərgi-festival çərçivəsində “Özbəkistan xalçaçılığı: Ənənə və innovasiya” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans da keçirilib.
Konfransda Ağasadıq Süleymanovun “Azərbaycan xalça sənətinin tarixi” adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgi-festivalın yekunu ilə bağlı keçirilən tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandırılıb.
Azərbaycandan gələn xalçaçı rəssam Ağasadıq Süleymanov “Gənc xalçaçı rəssam” nominasiyasında birinci mükafata layiq görülüb, ona müvafiq sertifikat və hədiyyələr təqdim olunub.
Sərg-festivalda aktiv iştirak etdiyinə görə isə AMM xüsusi diploma layiq görülüb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Xivə şəhəri