“Birinci Türkoloji Qurultay sadəcə elmi bir hadisə deyil, Türk dünyasının tarixində böyük bir siyasi-mədəni hadisədir. O dövrün ağır ictimai-siyasi şəraitində, totalitar rejimin basqıları altında belə bir möhtəşəm məclisin məhz Bakıda toplanması Azərbaycan xalqının intellektual potensialının, onun azadlıq və milli intibah ideallarına sadiqliyinin bariz nümunəsi idi.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
2026-cı il türk dünyası üçün sadəcə tarix deyil, ortaq keçmişimizə, dilimizə, mədəniyyətimizə və kimliyimizə açılan yüz illik möhtəşəm yubileyin tarixidir. Bu tarixin arxasında böyük bir millətin ruhu, keçmişi, həmçinin vətən fədailərinin fədakar taleləri dayanır. 100 il əvvəl – 1926-cı ildə Bakı yalnız Birinci Türkoloji Qurultayın keçirildiyi məkan deyil, türk dünyasının eyni soydan gələn elm fədailərinin bir yerə toplandığı tarixi və elmi mərkəz idi. O dövrdə qəbul edilən fikirlər, müzakirə olunan qərarlar böyük türk dünyasını qırılmaz tellərlə bir-birinə bağladı. Amma bu 100 illik yol asan keçmədi. Birinci Türkoloji Qurultay bütün türk millətlərini bir araya gətirən milli-mənəvi birliyin 100 illik dastanı kimi yadda qalmaqla yanaşı, repressiyaya məruz qalan, "pantürkist" damğası vurularaq sürgün edilən elm fədailərimizin acı taleyi ilə yaddaşlara həkk olundu.
1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Türkoloji Qurultayda rəsmi məlumatlara görə 131 nümayəndə, o cümlədən, dünyanın müxtəlif yerlərindən – Türkiyə, SSRİ-nin türk respublikaları və muxtar vilayətlərindən (Tatarıstan MSSR, Başqırdıstan MSSR, Krım MSSR), Şimali Qafqaz və Orta Asiya regionlarından, eləcə də xarici ölkələrdən (Almaniya, Macarıstan və s.) gəlmiş görkəmli alimlər, dilçilər, tarixçilər və ictimai xadimlər iştirak edirdilər. Fuad Köprülü, Bəkir Çobanzadə, Xalid Səid Xocayev, Sergey Malov, Nikolay Aşmarin və dövrün digər məşhur türkoloqları bu nümayəndələr sırasında idi. Qurultayda geniş müstəvidə müzakirə edilən məsələlərdən biri – ərəb əlifbasından latın qrafikasına keçid idi. Bu qərar oxuma-yazma səviyyəsini yüksəldərək maarifçilik hərəkatını sürətləndirdi. Bu gün türk dövlətlərinin böyük əksəriyyətində istifadə edilən latın qrafikası mədəni inteqrasiyanın praktik nəticəsidir. Qurultay nəticəsində türkoloji araşdırmalar pərakəndəlikdən çıxaraq sistemli bir elm sahəsinə çevrildi. Bu isə türk dilinin, tarixinin və ədəbiyyatının öyrənilməsi üçün vahid metodologiyaların tətbiqinə təkan verdi. Bu gün Türk Akademiyası və digər elmi qurumlar tərəfindən aparılan tədqiqatlar məhz həmin qurultay materiallarına istinad edir. Qurultay nəticəsində Ortaq Türk Kimliyi şüuru formalaşdı. Bu isə sübut etdi ki, əslində, türk millətlərini ayıran yalnız dövlət sərhədləridir, türklərin ortaq şüuru, ortaq kimliyi, ortaq yaddaşı var. Ortaq Türk Kimliyi şüuru bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan inteqrasiya proseslərinin ideoloji təməli kimi çıxış edir. Nəinki çıxış edir, hətta bu gün də Qurultayda müzakirə edilən terminologiya, lüğətçilik və ədəbi dilin saflaşdırılması problemlərinin aktuallığını qoruyur.
Müasir dövrdə ortaq terminologiyanın yaradılması istiqamətində görülən işlər, əslində, 1926-cı ildə qoyulmuş elmi vəzifələrin yeni dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Bu gün türk dünyası bayram edir, zəngin mədəni irsə və minillikləri əhatə edən tarixə malik olan Azərbaycan Türkoloji Qurultayın 100 illik yubiley tədbirinə dəvət olunmuş qonaqlarını qarşılayır, türkologiyanın inkişafı istiqamətində keçirilən yığıncaqlara ev sahibliyi edir. Bunlar onu göstərir ki, bütün dünya ölkələrində gedən qloballaşma meyilləri, müasir tendensiyalar türk dünyası millətlərinin birliyini sarsıda bilməmişdir. Hələ o dövrdə SSRİ rəhbərliyini ən çox qorxudan və narahat edən məsələ milli yaddaşın və milli şüurun oyanması idi, milli yaddaş, milli şüur anlayışları qadağan idi. O dövrün çətin şərtləri altında, siyasi təzyiqlərin kölgəsində belə, öz elmini, dilini və mədəniyyətini müdafiə etmək böyük bir cəsarət tələb edirdi. Sovet İttifaqı rəhbərlərinin gözündə I Türkoloji Qurultayda səsləndirilən hər məruzə, hər təklif bir mübarizə üsulu hesab olunurdu. Qurultayda iştirak edənlər bunu yaxşı anlayırdılar, gələcəkdə onları gözləyən məhrumiyyətlərdən də xəbərdar idilər. Buna baxmayaraq, milli şüur, milli yaddaş, türk həmrəyliyi uğrunda, bu tarixi hadisənin yaratdığı mənəvi yükü, məsuliyyəti və qüruru duyaraq Birinci Türkoloji Qurultayda iştirak edirdilər.
Bu gün həmin qurultayın tarixi yaddaşını vərəqləyərkən, sadəcə, əlifba dəyişikliyi, qrammatika qaydaları deyil, milli şüur, milli birlik uğrunda mübarizə aparan elm fədailərinin acı taleyi bizi düşünməyə vadar edir. Qurultaydan sonra müəyyən edilmiş "əlifba islahatı", "terminologiya" və "türk xalqlarının yaxınlaşması" kimi istiqamətlər totalitar rejimin ideoloji hədəfinə çevrildi. Türkoloji Qurultayda iştirak edən və qurultayın qərarlarının həyata keçirilməsində rolu olan bir çox alimlər və ictimai xadimlər sonrakı illərdə repressiyanın ağır nəticələrinə məruz qaldılar. Planlı şəkildə həyata keçirilən repressiya siyasəti, əslində, Türk dünyasının elmi yaddaşının və intellektual potensialının məhv edilməsi demək idi. Qurultayın ən parlaq simalarından biri, əslən krımlı olan və "pantürkizmdə" ittiham edilərək güllələnən Bəkir Çobanzadə, Qurultayın katibi olmuş, türk dillərinin müqayisəli qrammatikası üzrə mütəxəssis Xalid Səid Xocayev, o dövrün elm xadimlərindən olub, qurultayın hazırlanmasına böyük səy göstərən Vəli Məmmədov və digər qurultay nümayəndələri faciəvi şəkildə öldürüldülər. Hətta qurultayda iştirak edən onlarla azərbaycanlı – Hüseyn Cavid, Əhməd Cavad və başqaları da məhz "millətçi", "pantürkist" adı ilə damğalandılar.
Bəs onların günahı nə idi? Sovet dövründə dilini, soyunu, milli yaddaşını unutmamaq, milli irsin qorunması, türk dilinin qayda-qanunları barədə müzakirələr aparmaq, böyük türk dünyasını bir araya gətirmək uğrunda çalışmaq “böyük günah” hesab olunurdu. Milli mədəniyyət dedikdə SSRİ tərkibində olan millətlərin səhnədə milli geyimdə rəqs etməsi, milli mətbəxləri başa düşülürdü. Türklərin eyni soydan olduqları, türkçülük ideologiyası haqqında fikir və mülahizələri ifadə etmək, hətta adını belə dilə gətirmək qəti qadağan idi. Milli şüuru formalaşdıran hər bir addım dərhal "millətçilik" (nasionalizm) və ya "pantürkizm" adı ilə susdurulurdu. Hətta 1950-ci illərin əvvəllərində "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanda rəsmi şəkildə qadağan edilmişdi. Səbəb kimi dastanın "feodalizmin qalıqlarını təbliğ etməsi" göstərilsə də, əslində məqsəd başqa idi. Dastanın türk ruhu, türk müdrikliyi, türk vətənpərvərliyi o dövrün rəhbərlərini narahat edirdi. Odur ki, dastanı qadağan etməklə xalqı soykökündən uzaqlaşdırmağa çalışırdılar. Sovet imperiyası yaxşı bilirdi ki, milli şüuru tamamilə yox etmək qeyri-mümkündür. Bu səbəbdən görkəmli ziyalılarımızı repressiyaya uğratdı, ən öndə gedən elm fədailərimizi aradan götürməklə, elmin, intibahın inkişafını illərlə geri qoydu.
Bir millətin varlığını, mədəniyyətini və tarixini yaşadan əsas amil ana dilidir. Görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq və ictimai xadim Firidun bəy Köçərlinin təbirincə desək, "Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan ölüb itməz, amma dilini alsan fövt olar, ondan bir nişan qalmaz." SSRİ dövründə bu yaxşı başa düşülür, buna uyğun olaraq dil siyasəti aparılırdı. Azərbaycan da daxil olmaqla, türk xalqlarının 1926-cı il Bakı Türkoloji Qurultayının qərarına müvafiq olaraq ərəb qrafikasından latın qrafikasına keçməsi və türk xalqlarının latın qrafikalı əlifba vasitəsilə bir-birinə yaxınlaşması – ortaq əlifba SSRİ-ni çox narahat edirdi, ona görə də 1939-cu ildə məqsədyönlü şəkildə kiril əlifbasına keçilməsi barədə qərar qəbul olundu. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, bu millətin milli ruhunu öldürməyə kifayət etmədi, yazıya alınmayan folklorumuzda, xüsusən ailə folklorunda – layla, bayatı, nağıl və digər şifahi xalq ədəbiyyatı nümunələrimizdə milli ruhumuz, milli yaddaşımız yaşadı, nəsildən-nəslə ötürüldü. Təsadüfi deyil ki, “Kremldə ucalan türk bayrağı” adlandırılan Heydər Əliyevin hakimiyyətə gəlişi ilə türkologiya sahəsində yeni bir mərhələ başlandı. Məhz onun rəhbərliyi dövründə – 1969-cu ildə SSRİ məkanında ilk dəfə Bakı Dövlət Universitetində Türkologiya kafedrası yaradıldı. 1970-ci ildən Ulu öndər beynəlxalq “Sovet türkologiyası” elmi jurnalının nəşrə başlamasına nail oldu. 1970-ci ildən isə Ulu öndərin təşəbbüsü və dəstəyi ilə beynəlxalq "Sovet türkologiyası" elmi jurnalının nəşrinə başlanıldı. SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi fəaliyyətə başlayan bu jurnal qısa müddətdə türkoloji araşdırmaların elmi mərkəzinə çevrildi. 1993-cü ildən etibarən isə jurnal öz fəaliyyətini "Türkologiya" adı ilə davam etdirir.
Ulu öndərin müəyyən etdiyi strateji kursun və onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi fəaliyyətin məntiqi nəticəsidir ki, bu gün xalqımız I Türkoloji Qurultayın 100 illiyini qeyd edir. Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı ilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə ölkə daxilində və beynəlxalq səviyyədə silsilə yubiley tədbirləri həyata keçirilir. Xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasında I Türkoloji Qurultayın 100 illiyi ilə bağlı planlı şəkildə həyata keçirilən silsilə tədbirlər AMEA-nın dövlət başçısının fərman və sərəncamlarına olan həssas mövqeyinin və dövlətçilik ənənələrinə sadiqliyinin bariz nümunəsidir. AMEA-nın Azərbaycan Respublikası Prezidentinin qərarlarına göstərdiyi bu yüksək həssaslıq, elmi ictimaiyyətin dövlət siyasətinin arxasında dayandığını göstərir. Türkoloji Qurultayın 100 illiyi ilə bağlı keçirilən konfranslar, tematik müzakirələr, çap olunan monoqrafiyalar, təşkil edilən kitab sərgiləri bunu sübut edir.
Yaxın günlərdə AMEA Mərkəzi Elmi Kitabxanasının tərtibatında “Birinci Türkoloji Qurultay–100” adlı biblioqrafik göstərici çap olunub. Biblioqrafik göstərici Azərbaycan Respublikası Prezidentinin I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələn vəzifələrin icrası, eləcə də AMEA Rəyasət Heyətinin müvafiq qərarı əsasında hazırlanıb. Vəsaitdə qurultayın tarixi, onun elmi irsi və türkoloji fikrin inkişafına təsiri ilə bağlı zəngin mənbələr sistemli şəkildə bir araya gətirilib. Göstəricidə Azərbaycan, türk, rus və digər xarici dillərdə işıq üzü görmüş kitablar, monoqrafiyalar, elmi məqalələr, dövri mətbuat materialları, məcmuələrdə dərc edilmiş yazılar, avtoreferatlar, dissertasiyalar və digər biblioqrafik mənbələr öz əksini tapmışdır. Bununla yanaşı, I Türkoloji Qurultayın iştirakçıları, təşkilatçıları, eləcə də qurultayın əhəmiyyəti barədə görkəmli elm, mədəniyyət və siyasi xadimlərin məqalə və çıxışları da vəsaitə daxil edilmişdir. Göstərici yalnız biblioqrafik mənbələrin siyahısını təqdim etmir, eyni zamanda I Türkoloji Qurultayın öyrənilməsi istiqamətində aparılmış elmi tədqiqatların ümumi mənzərəsini əks etdirən mühüm informasiya resursu kimi çıxış edir. Bu baxımdan vəsait türkoloji araşdırmalarla məşğul olan alim, magistrant, doktorant və ümumilikdə türk dünyasının tarixi və mədəni irsi ilə maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
Kitabda vəsaitin elmi məsləhətçisi, akademik İsa Həbibbəylinin “Birinci Türkoloji Qurultayın qurucuları, dərsləri və çağırışları” adlı elmi məqaləsi də yer almışdır. Məqalədə qurultayın təşkil olunmasının tarixi zərurəti, onun türk xalqları arasındakı elmi əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol, qəbul edilən qərarların türkoloji elmin inkişafına təsiri və müasir dövr üçün aktuallığı geniş şəkildə təhlil edilir. “Elm” nəşriyyatında çap olunan nəşrin elmi redaktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, tərtibçisi Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, redaktoru isə Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevadır. Türkoloji fikrin inkişafını əks etdirən məlumat bazası qismində çıxış edən bu biblioqrafiya, 1926-cı ildən günümüzədək I Türkoloji Qurultayla bağlı çap olunmuş fundamental tədqiqatları, kitab və məqalələri əhatə edərək, mövzu barədə dolğun təsəvvür yaradır.
I Türkoloji Qurultayın 100 illik yubileyinin müstəsna əhəmiyyəti onun həm də Azərbaycanın Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad edərək öz suverenliyini tam bərpa etdiyi tarixi bir dövrə təsadüf etməsi ilə bağlıdır. İlahi ədalət onu göstərir ki, 100 il əvvəlki qurultayda arzulanan "türk birliyi" və "güclü milli dövlət" ideologiyası bu gün həqiqətə çevrilmişdir. Azərbaycan dövləti Qarabağ Zəfəri və Şuşanın azad olunması ilə 2020-ci ilədək işğal altında olan ərazilərimizdə milli-mədəni irsimizi, toponimlərimizi və tarixi izimizi bərpa edərək vaxtilə türkdilli xalqların qurultayda müzakirə olunan əlifba və dil birliyini gerçəkləşdirdi. Əgər 1926-cı ildə Türkoloji Mərkəz Bakı idisə, 2026-cı ildə, 100 ildən sonra mədəniyyət mərkəzi Şuşa şəhəridir. Bu isə Azərbaycanın türk dünyasının elmi-mədəni həyatındakı aparıcı rolunu göstərir.
Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasının Rəqəmsal kitabxana və süni intellekt şöbəsi olaraq zəngin mənəvi irsimizi yaşatmaq, folklorumuzu, dastanlarımızı gələcək nəsillərə və dünyaya çatdırmaq bizim ümdə vəzifəmizdir. Gələcəkdə bütün türk dövlətlərinin kitabxanalarını, muzeylərini və arxivlərini vahid rəqəmsal məkanda birləşdirərək Ortaq Türk Rəqəmsal Kitabxana, Muzey və Arxivini yaratmaqla, türklərin zəngin irsini rəqəmsal dövrün dilinə çevirməklə Böyük Türk dünyasının elmi potensialını beynəlxalq məkanda görünən və əlçatan etmək, milli irsi yaşatmaq olar. Unutmayaq ki, milləti yaşadan onun yaddaşıdır.
Şəfəq Əliyeva,
AMEA Mərkəzi Elmi Kitabxanasının Rəqəmsal kitabxana və süni intellekt şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

