Şavkat Mirziyoyevə Gürcüstanın “Qızıl Yun” ordeni təqdim edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Tbilisidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə Gürcüstanın ən yüksək dövlət mükafatı olan “Qızıl Yun” ordeninin təqdim edilməsi mərasimi keçirilib.

Xəbəri “Anadolu” yayıb. 

Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Prezident Mixeil Kavelaşvili Mirziyoyevə yüksək mükafatı çoxşaxəli Özbəkistan-Gürcüstan münasibətlərinin dərinləşdirilməsindəki dəyərli töhfələrinə görə təqdim edib.

Özbəkistan lideri yüksək mükafata görə Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə, Baş nazir İrakli Kobaxidzeyə və parlamentin sədri Şalva Papuaşviliyə təşəkkürünü bildirib, dost Gürcüstan xalqına sülh, rifah və firavanlıq arzulayıb.

1998-ci ildə təsis edilmiş "Qızıl Yun" ordeni ölkənin ən yüksək dövlət mükafatlarından biridir və xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsində, eləcə də gürcü mədəniyyətinin, elminin və incəsənətinin populyarlaşdırılmasında xüsusi xidmətlərinə görə verilir.

P.ƏMİRCANOV
XQ

Dünya