Bayatı, nağıl, dastan karvanının sarvanı

post-img

Milli folklorşünaslığımızın tanınmış nümayəndəsi, Bakı Dövlət Universiteti Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, AMEA-nın müxbir üzvü olmuş professor Azad Nəbiyev ehtiramla xatırlanan böyük alim və ziyalılardandır.

...Universitetin jurnalistika fakültəsinin 1-ci kursunda oxuyurduq. Qrupumuza “Xalq yaradıcılığı”nı tədris edən Azad müəllim bir-iki dərsdən sonra hamımızın sevimlisi olmuşdu. Onun tapşırığı ilə bölgələrimizin ağız ədəbiyyatı nümunələrini həvəslə toplayıb gətirirdik. Hər birimiz Azad müəllimin təqdirini qazanmağa çalışırdıq. Çünki o vaxtadək rastına çıxmayan bir atalar sözü, məsəl və ya bayatı eşidəndə qəlbən sevinir, kurs işimizə “əla” yazır, tapıntılarımızı Azərbaycan radiosunun “Bulaq” verilişində səsləndirəcəyini deyirdi. Mənim topladığım bayatıların da arasından “mirvari”lər çıxmışdı. Birini indi də xatırlayıram:

Bu körpü – ulu körpü,
Haqdan qurulu körpü.
Qədəm basım köksünə,
Yavuq et yolu, körpü...

Onun doğulub boya-başa çatdığı Quba tarixən bölgənin təfəkkür mərkəzi kimi tanınıb, özünün görkəmli şəxsiyyətləri, elm xadimləri ilə fəxr edib. Azad Nəbiyev də filoloq həmkarları – Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Əliheydər Orucov, professorlar Vaqif Arzumanlı, Nizaməddin Şəmsizadə, Şahin Fazil, Maqsud Hacıyev kimi bu gözəl diyarın tanınmış ziyalılarından idi.

Azad Mövlud oğlu lap kiçik yaşlarından bayatı, nağıl və dastanlara maraq göstərib. Özündən 80 il əvvəl doğma yurdu Qubada dünyaya göz açmış, Azərbaycanın ilk dramaturq qadını, dərslərində adını çəkdiyi Səkinəxanım Axundzadənin milli folklorumuz əsasında yazdığı “Əbülfəz və Rəna” hekayəsi də, güman ki, onun həyatını bu sahəyə həsr etməsinə vəsilə olub. Ciddi-cəhdlə kəndləri, obaları gəzərək xalq yaradıcılığı örnəklərini toplayıb, dərc etdirib. Şeir, hekayə, oçerk və məqalələr yazdıqca püxtələşib. Bakı Dövlət Universitetinin filologiya fakültəsini jurnalist ixtisası üzrə fərqlənmə ilə bitirib (Hələ tələbə ikən “Koroğlu” dastanının yeni bir qolunu universitetin “Elmi əsərləri”ndə dərc etdirmişdi). Sonra müəllimlik, redaktorluq edib, folklor axtarışlarından bir gün də qalmayıb. “Koroğlu” dastanı mövzusunda namizədlik dissertasiyası müdafıə edəndə onun 27, “Azərbaycan–özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edəndə isə 36 yaşı vardı. Azad Nəbiyev “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin mətnini sadələşdirərək nəşr etdirib. “Azərbaycan dastanları”, “Nəğmələr, inanclar, alqışlar, adətlər”, “Koroğlu” dastanının versiyaları”, “İlaxır çərşənbələr”, “El nəğmələri, xalq oyunları”, “Azərbaycan uşaq folkloru” kimi kitabları yazıb. İrihəcmli “Azərbaycan xalq ədəbiyyatı (iki kitab) dərslikləri, İtalyan (“Bertoltonun sərgüzəştləri”) və özbək (“Tülkü və qurd”) xalq nağıllarının tərcüməsi də ona aiddir. Ümumiyyətlə, Azad Nəbiyevin elmi bioqrafiyasında qeyd olunmalı mühüm faktlar yetərli qədərdir.

Azad Nəbiyev məzunu olduğu filologiya fakültəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Şifahi xalq ədəbiyyatı kafedrasına uzun müddət rəhbərlik edib. BDU-nun nəşr etdiyi “Folklorşünaslıq məsələləri” jurnalının baş redaktoru olub. Sayı 200-ü ötən elmi əsərin, o cümlədən folklorumuzun ayrı-ayrı sahələrinə aid 40-dan artıq monoqrafiyanın müəllifidir. Onun 15-dən artıq toplama və tərtib kitabı folklorşünaslar üçün mühüm qaynaqlardan sayılır. Uzun müddət AMEA Humanitar və İctimai Elmlər Bölməsi Bürosunun və Folklor İnstitutu Elmi Şurasının üzvü, “Folklorşünaslıq” ixtisası üzrə Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına sədrlik edib. O həm də son nəfəsinə qədər Beynəlxalq Əlillər Federasiyası idarə heyətinin üzvü olub. Görkəmli alim 2000-ci ildə Əməkdar müəllim fəxri adını alıb.

...Həmkarı Etibar Talıblının dediyinə görə, 2012-ci il fevralın 13-də öz rəhbərliyi ilə yenicə çapdan çıxmış sonuncu kitabın – “Azərbaycanda Novruz”un sevincini isti-isti kafedranın müəllimləri ilə bölüşmüşdü. Qarşıdakı planlarından, layihələrindən söz açmışdı. Amma cəmi bir neçə saat sonra 67 yaşlı folklor fədaisi fani dünyaya əlvida deyib getdi.

Qeyd edək ki, Azad müəllimin ömürgün dostu Narıngül xanım və qızı Ülkər Nəbiyeva da filoloqdurlar. Görkəmli alimin ömrü boyu məhsuldar çalışmasının bir səbəbi də elə bu amil olub. Bu gün yubiley mövludu – 80 yaşı ailəsi və dostları çərçivəsində qeyd edilən Azad Mövlud oğlu cismən bizdən ayrı olsa da, ruhən yanımızdadır, həzin xatirələrimizdə yaşayır. Xatirələr isə daha uzunömürlüdür.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət