Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamına əsasən tərtib edilmiş tədbirlər planına uyğun olaraq AMEA-nın Gəncə Bölməsində “Seyid Əzim Şirvaninin həyat və yaradıcılığında Nizami irsi” mövzusunda elmi seminar keçirilib.
Seminarı AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov açaraq “Seyid Əzim Şirvaninin yaradıcılığında Nizami Gəncəvi ənənələri” adlı məruzə ilə çıxış edib.
Çıxışdan əvvəl iştirakçılara “Nizami” bədii filmindən bir fraqment təqdim edən Ə.Muxtarov, burada Nizami Gəncəvi ilə Xaqani Şirvaninin görüşü və onların dialoqunda şeiriyyətimizin gələcəyi ilə bağlı səsləndirilən fikirləri xüsusi vurğulayıb.
Qeyd olunub ki ,Azərbaycan-Şərq poeziya ənənələri XIX əsrdə müəyyən durğunluq yaşasa da, bu durğunluq Seyid Əzim Şirvani kimi maarifçi və yenilikçi bir şairin fəaliyyəti ilə aradan qalxmışdır.
Seminarda çıxış edən digər iştirakçılar da Seyid Əzim Şirvaninin həm Şərq poeziyasının çoxəsrlik klassik ənənələrini yüksək sənətkarlıqla davam etdirdiyini, həm də dövrün ictimai-siyasi dəyişiklikləri fonunda Azərbaycan ədəbiyyatını maarifçilik ideyaları ilə zənginləşdirdiyini vurğulayıblar.
Bildirilib ki, şairin parlaq lirikasında mənəvi gözəlliklər tərənnüm olunmaqla yanaşı, realist satiralarında dövrün aktual problemlərinə cəsarətli münasibət əksini tapmış, didaktik əsərlərində isə humanist ideyaların təbliğinə xüsusi önəm verilmişdir.
Həmçinin qeyd olunub ki, Seyid Əzim Şirvani maarifçilik ideyalarını reallaşdırmaq məqsədilə ana dilində yeni üsullu məktəb açmış və bu təşəbbüs Azərbaycan təhsili tarixində mühüm mərhələ kimi qiymətləndirilir.
Seminar iştirakçıları ölkə Prezidentinin bu əlamətdar tarixlə bağlı imzaladığı Sərəncamı, xalqımızın milli dəyərlərinə, görkəmli şəxsiyyətlərinə və onların tərəqqipərvər fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsi kimi dəyərləndiriblər.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə