Şirvan şair oğlunu yad etdi

post-img

Şamaxı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı Rayon Mədəniyyət Mərkəzində şair, publisist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət mükafatı laureatı Fikrət Sadığın anadan olmasının 95-ci ildönümü qeyd edilib.  
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və şair- tərcüməçi Zahid Sarıtorpaq şairin həyat yolu və yaradıcılığından bəhs ediblər. Bir vaxtlar Şamaxıda kənd müəllimi olmuş Fikrət Sadığın sonra rayon qəzetində ədəbi işçi, ASE-də elmi redaktor, şöbə müdiri, “Azərbaycanfilm” kinostudiyasında baş redaktor, AYB-də bədii ədəbiyyatın təbliği bürosunun direktoru vəzifələrində çalışdığı, 1963-cü ildə çap olunmuş “Cığır” adlı şeirlər kitabı ilə özü üçün böyük ədəbiyyata cığır açdığı yada salınıb, yaradıcılıq məziyyətləri incələnib. Onun poeziyasının vətənpərvərlik motivləri, lakonizmi, incə yumor hissi ilə zəngin olması diqqətə çatdırılıb. 

Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.

Mərhum şairin övladları – mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu və AYB üzvü Aysel Fikrət ataları ilə bağlı xatirələrini bölüşüblər.
Gecədə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblı və Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad İsrafilovun ifasında şairin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.   

İlqar HƏSƏNOV  
XQ-nin bölgə müxbiri

Mədəniyyət