Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

post-img

Ukraynanın Xarkov şəhərində görkəmli heykəltəraş, Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı Seyfəddin Qurbanovun xatirə lövhəsinin təntənəli açılışı olub. 

Tədbirdə Xarkov şəhərinin meri İqor Terexov, Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov, Xarkov Dizayn və Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolev, Ukraynanın Xalq rəssamları Viktor Kovtun və Katib Məmmədov, “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov, sənətçinin yaxınları, həmkarları və tələbələri iştirak ediblər.

Xatirə lövhəsi Xarkov vilayəti “Dostluq” cəmiyyətinin sədri Murad Ömərovun təşəbbüsü ilə ustadın uzun illər dərs dediyi, biliklərini yeni heykəltəraş nəsillərinə ötürdüyü Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının binalarından birində qoyulub. 

“Şəhərimizi bəzəyən çoxsaylı əsər Seyfəddin Qurbanovun xidmətləridir. "Damdakı skripkaçı", Beketovun, Meçnikovun abidələri, Memarlar meydanındakı kompozisiyalar Xarkovun əsl inciləridir. Bu lövhəni açaraq böyük insanın xatirəsini anırıq. O, burada yaşayıb, yeni nəsillər yetişdirib. Bu gün burada onun çoxlu heykəltəraş tələbələri var. Seyfəddin Qurbanovun xatirəsi bizim qəlbimizdə əbədi olaraq yaşayacaq”,- deyə Mer İqor Terexov bildirib. 

Fəxri konsul Əfqan Salmanov Seyfəddin Qurbanovun xatirəsinin əbədiləşdirilməsinə görə şəhər meri İqor Terexova, Rəssamlıq Akademiyasının rektoru Aleksandr Sobolevə və “Dostluq” cəmiyyətinin sədri Murad Ömərova minnətdarlığını bildirib. Əfqan Salmanov heykəltəraşın yaradıcılığının mədəniyyətləri və xalqları birləşdirən sənət və ilham mənbəyi olduğunu deyib. 

Məlumat üçün qeyd edək ki, Seyfəddin Qurbanov Xarkovda yaşayıb və fəaliyyət göstərib. Onun yaratdığı heykəllər təkcə Ukraynanın yox, digər ölkələrin şəhərlərini də bəzəyir. Heykəltəraş İrpendə Zərifə Əliyevanın, Lyublyanada (Sloveniya) Qriqori Skovorodanın, Kiyevdə Müslüm Maqomayevin, Balakleyada Taras Şevçenkonun hekayələrinin, Xarkovda üç mütəfəkkirin abidəsinin müəllifidir. Onun "Damdakı skripkaçı" heykəli Xarkovun rəmzlərindən birinə çevrilib.















Mədəniyyət