Bakının “Bayırşəhər” adlanan tarixi hissəsində azərbaycanlıların yaşadığı məhəllədə XIX əsrdə tikilmiş milli hamam sovet dövründə köhnəliyin qalığı kimi unutdurulub və zaman keçdikcə sıradan çıxıb. Baxımsızlıqdan bərbad vəziyyətə düşmüş, bir hissəsi qalın torpaq və zibil altında qalmış nadir arxitektura nümunəsini arxeoloq və memarlarımızın birgə layihəsi yenidən həyata qaytarıb.
Sovet dövründən əvvəl “Zərgərpalan” adlanmış küçənin adı ilə tanınan tarixi abidənin konservasiya işlərindən sonra alimlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılışı oldu. Aşkara çıxarılmış memarlıq obyektində aparılan arxeoloji işlərin rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun islam dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirdi ki, hamam sovet zamanı emalatxanaya çevrildiyindən və onillərlə baxımsız qaldığından bərbad vəziyyətə düşmüşdü. “Miras” İctimai Birliyinin sifarişi əsasında təmsil etdiyi qurumun, Memarlıq və İnşaat Universitetinin mütəxəssislərinin və italiyalı professor Luici Skrinzinin zərgər dəqiqliyi ilə apardıqları bərpa-konservasiya işləri “Zərgərpalan hamamı” əvvəlki vəziyyətinə qaytarılıb. Abidə mədəni məqsədlərlə istifadəyə yaralı vəziyyətə gətirilib.
Tarixi abidə ilə ətraflı tanışlıq zamanı professor Qafar Cəbiyev qeyd etdi ki, tikili 1899-cu ildə yerli sahibkarların vəsaiti hesabına inşa olunub. Müstəqillik dövründə tikili özəlləşdirilsə də, dövlət qeydiyyatında olduğundan onu ictimai istifadəyə qaytarmaq qərara alınıb. Xeyriyyəçi sahibkar Əli Əliyevin “Miras” İctimai Birliyinə müraciəti əsasında burada ilkin arxeoloji ekspertiza aparılıb. Fəlsəfə doktorları Fariz Xəlilli və Elmira Abbasova abidəni dərindən tədqiq ediblər.
Alim əlavə etdi ki, hamamın əsas strukturu giriş otağı, iki əsas salon və onlara bitişik otaqlardan ibarətdir. Arxeoloji qazıntılar zamanı otaqların hər birində maddi-mədəniyyət nümunələri, konstruksiya qatları və memarlıq elementləri aşkarlanıb. Abidədə Şərq memarlığının elementləri (tağlar, günbəzlər, səkilər, fəvvarələr) ilə yanaşı, Avropa memarlıq məktəbinin bəzi xüsusiyyətləri də müşahidə olunur. Konservasiya işləri zamanı İtaliya texnologiyasından istifadə olunub və abidənin orijinallığı maksimum şəkildə qorunub.
Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli söylədi ki, son illərdə Prezident İlham Əliyevin milli elmə və mədəni irsə müstəsna diqqət və qayğısı və müstəqil Azərbaycan dövlətinin prioritetlərinə uyğun aparılan islahatlar arxeologiyamızı da yeni inkişaf yoluna çıxarıb. Ölkəmizin müxtəlif bölgələrində yeraltı tariximizin öyrənilməsi istiqamətində bir sıra ekspedisiyalar fəaliyyət göstərir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu bölgələrdə apardığı geniş arxeoloji qazıntılarla yanaşı, paytaxtın mərkəzindəki bu abidədə də əsaslı tədqiqat və konservasiya aparıb.
AMEA rəhbəri daha sonra dedi ki, bu qiymətli memarlıq nümunəsi ölkəmizin tarixini, memarlığını, mədəniyyətini əks etdirməklə yanaşı, mədəni irsimizi tanıdan və turizm marşrutunu zənginləşdirən obyektə çevrilmə önəmi də daşıyır. Hamam binasının yerləşdiyi ərazidə, Bakının tarixi məhəllələrində və qədim tarixi olan ətraf qəsəbələrində arxeoloji tədqiqatlar daha da genişləndirilməlidir.
Milli Məclisin deputatı, tarixçi alim Vasif Qafarov “Zərgərpalan hamamı”nın tarixi-mədəni sərvətimizin bir parçası olduğunu və yenidən həyata qaytarılmasının tariximizə sahib çıxmaq baxımından vətənpərvərlik və elmi fədakarlıq örnəyi olduğunu bildirdi. SEBA Azərbaycan, Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri biologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Heydərova abidənin həyata qaytarılmasını milli irsimizə sahib çıxmaq və bu maddi-mənəvi sərvəti zənginləşdirmək işinə layiqli töhfə kimi dəyərləndirdi.
“Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və professor Hidayət Cəfərov “Zərgərpalan hamamı”nda aparılan konservasiya işləri, abidənin tarixi barədə məlumat verdilər. Sahibkar Əli Əliyev tarixi hamamın elmi əsasla və peşəkarlıqla Azərbaycan mədəniyyətinə qaytarılmasına görə alimlərə minnətdarlığını bildirdi.
Tahir AYDINOĞLU
XQ