Vikimediaçıların açıq bilik təlimi

post-img

Mayın sonu, iyunun əvvəlində Qazax şəhərində möhtəşəm bir layihə – “2025 VikiGənclik düşərgəsi” təşkil olunmuşdu. Üstündən ayyarım keçsə də təəssüratları köhnəlməyən həmin layihədə iştirakımdan bəhs etmək istəyirəm.

Bu layihə “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu tərəfindən təklif edilmiş, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəklədiyi “Açıq bilik üçün birlikdə yazırıq” layihəsi çərçivəsində təşkil olunmuşdu. Təlimdə 20-si təcrübəli, 70-dən çoxu yeni olmaqla, ümumilikdə, 100-ə

yaxın iştirakçı bir araya gəlmişdi. Əsas məqsəd Azərbaycanda vikimedia hərəkatını gücləndirmək, fəal istifadəçilər arasında əməkdaşlığı artırmaq, yeni könüllülər cəlb etmək, eləcə də multikultural zənginliyə malik Qazax rayonu barədə Vikipediyada yeni məqalələr yaratmaqdan ibarət idi.

Qeyd etmək lazımdır ki, gənclər təcrübəli vikipediyaçıların keçirdikləri təlimlər vasitəsilə burada məqalə yazmaqla bağlı bütün detallar üzrə bilik və bacarıqlar əldə etməklə Vikimedianın digər layihələri ilə də ətraflı şəkildə tanış oldular. Bununla da layihənin həyata keçirildiyi müddət ərzində yazdıqları məqalələrlə Azərbaycan Vikipediyasının daha da zənginləşməsinə öz töhfələrini vermiş oldular.

Düşərgə boyunca gənclər hər biri 7 nəfərdən ibarət olmaqla 13 komandaya ayrıldılar. Hər komanda qrup və fərdi olmaqla məqalələr hazırlamağa çalışır, yeni qeydlər üzərində işləyirdilər. Layihəni fərqləndirən məqamlardan biri isə iştirakçılar arasında azərbaycanlılarla birlikdə Özbəkistandan olan vikipediyaçıların da yer alması idi. Bu qardaş ölkənin təcrübəli vikipediyaçıları bir yandan yeni istifadəçilərlə öz bilik və təcrübələrini bölüşür, digər yandan isə yeni məqalələr hazırlayaraq Azərbaycan Vikipediyasının inkişafına dəstək olurdular.

Həmçinin bu müddət ərzində iştirakçıların asudə vaxtlarının səmərəli keçməsi üçün intellektual oyunlar və fərqli fəaliyyətlər təşkil edilirdi. Düşərgənin maraqlı məqamlarından biri isə layihənin bir gününün xüsusi olaraq Qazax rayonunun tarixi, mədəni və təbii məkanları ilə yaxından tanışlığa həsr edilməsi oldu. Bu gəzinti ərzində gənclər Qazaxın füsunkar təbiəti, möhtəşəm tarixi ilə tanış olmaqla yanaşı, məqalələri üçün yazılı və vizual materiallar toplamağa çalışdılar.

“Səməd Vurğun Poeziya evi”, “Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun “Damcılı” və “Göyəzən” filialları, şəhidlərin xatirəsinə həsr olunan memorial kompleksi, “Qazax Tarix-Diyarşünaslıq Muzeyi”, Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan da zəngin təəssürat əldə etdik. Mərkəzdə ulu öndərin Qazax rayonuna səfərlərindən ibarət tarixi videokadrlara baxdıq. Muzey gəzintisi əsnasında mənim məqalə mövzum olan və yetərincə mənbə tapa bilmədiyim “Salahlı karnavalı” haqqında qızılı hərflərlə yazılmış xüsusi məlumatlandırıcı bölməni görmək də çox sevindirici oldu.

Növbəti dayanacağımız “Qazax Ədəbiyyat Muzeyi” idi. Burada bizi tanınmış şair, publisist, Əməkdar incəsənət xadimi Barat Vüsal qarşıladı. Ardınca Qazaxın məşhur Mütəfəkkirlər Parkını gəzdik, ADA Universitetinin Qazax filialına yollandıq. Gənclər burada bir yandan Qazax Seminariyasından üzübəri inkişaf tarixçəsi ilə tanış oldular, bir yandan da təhsil müəssisəsinin özəllikləri ilə bağlı ətraflı məlumatlandırıldılar.

Bu möhtəşəm layihənin gerçəkləşməsində ən böyük məsuliyyət və əziyyət isə heç şübhəsiz, Gənclər və İdman Nazirliyinin İnnovativ və İnkişaf Sektorunun müdiri Kənan Kərimovun, dəyərli rəhbərimiz Aidə Aslanova və onun peşəkar komandasının üzərinə düşürdü. Onlar hər bir iştirakçıya fərdi yanaşmaları, həssaslıqları sayəsində bu düşərgə layihəsini uğurla yekunlaşdırmağı bacardılar. Təlimin yekununda iştirakçılar nazirliyin xüsusi sertifikatları ilə təltif edildilər.

Nəticə etibarilə AzVikidə 150 məqalənin yaradılması və Vikianbara 50 fotoşəklin yüklənməsinin hədəfləndiyi bu layihədə qarşıya qoyulan hədəfə çatılması yüksək şəkildə dəyərləndirilməlidir.

Vaqif ƏMİRASLAN,
təlim iştirakçısı

Mədəniyyət