Böyük İpək yolunun karvansara dayanacaqları

post-img

Çindən başlayıb Avropaya qədər uzanan, yalnız əmtəə mübadiləsi deyil, həm də mədəniyyətlərin qarşılıqlı təsir və inteqrasiyası üçün strateji platforma olan Böyük İpək Yolu şəbəkəsi hələ min illər öncə ölkələr arasında mədəni-mənəvi mübadiləyə təsir göstərib. Məhz bu təsirin nəticəsində fəlsəfə, din, memarlıq, incəsənət örnəkləri dünyaya yayılıb.

Böyük İpək Yolu şəbəkəsində öz mövqeyi ilə seçilən qədim şəhərlərdən biri də Şəki olub. İpəyi ilə məşhur Şəkinin təkcə xanlıq dövrünə nəzər saldıqda məlum olur ki, onun 13 kəndində 202, vassal asılılığında olan Ərəş sultanlığının 2 kəndində 74, Ağdaşın 10 kəndində 206 tut bağı olub. Şəki hələ qədim dövrlərdən karvanların dayanacağına çevrilib. Dünyanın müxtəlif yerlərindən gələn tacirlər Şəki karvansaralarında gecələyib.

Şəki karvansaraları təkcə ticarət obyektləri deyil, həm də müxtəlif sivilizasiyaların qovuşduğu, mədəni ünsiyyətin və qarşılıqlı zənginləşmənin baş verdiyi unikal məkanlar idi. Bu tarixi tikililərin memarlıq üslubu, funksional strukturu və yerləşdiyi coğrafi mövqe sübut edir ki, bu şəhər regionda strateji və mədəni cəhətdən böyük əhəmiyyətə malik olub. XIX əsr mənbələrinə görə, Şəkidə öz memarlıq quruluşu, həcmi və etibarlılığı ilə seçilən 5 karvansara vardı. Günümüzə həmin karvansaralardan yalnız 2-si yadigar qalıb: Yuxarı və Aşağı karvansaralar. Şəkinin tarixi mərkəzində yerləşən bu karvansaralar ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olaraq dövlət tərəfindən mühafizə olunur. Bu abidələr Şəki memarlığının ən xarakterik nümunələri olmaqla yanaşı, fasad kompozisiyası və tərtibatı baxımından da şəhərin vizual simasını müəyyən etmişdir. Öz böyüklüyünə görə xüsusilə fərqlənmiş Şəki karvansaralarından Yuxarı Karvansaranın ərazisi 6000 kvadratmetr, Aşağı Karvansaranın ərazisi isə 8000 kvadratmetrdir. Şəkinin ənənəvi inşaat materialları olan çay daşı və kərpiclə inşa olunmuş Yuxarı Karvansara girişdə yerləşən gümbəzinin böyüklüyü ilə Qafqazın bütün karvansaraları arasında fərqlənir. Bu gümbəzin diametri təqribən 12 metrə çatır və bişmiş kərpiclə hörülüb.

Karvansaralar ticarət yolları boyunca strateji nöqtələrdə inşa edilir və çoxfunksiyalı obyektlər kimi fəaliyyət göstərirdi. Onlar həm ticarət mallarının təhlükəsiz saxlanılması, həm də səyyahların və onların heyvanlarının dincəlməsi üçün nəzərdə tutulmuşdu. Bu binalarda ticarət mallarının saxlanılması üçün geniş anbarlar, heyvanlar üçün tövlələr, səyyahların dincələ biləcəyi otaqlar və ibadət üçün ayrılmış məkanlar mövcud idi. Bu cür karvansaralar səyyahlar arasında sadəcə dayanacaq yeri deyil, həm də müxtəlif mədəniyyətlərin birləşdiyi və ünsiyyət qurduğu mərkəzlər kimi tanınırdı. Tacirlər və səyyahlar burada görüşür, məlumat mübadiləsi aparır, ticarət şərtlərini müzakirə edirdilər. Eyni zamanda, bu məkan ətrafında dərvişlər və səyyahlar hekayələr danışır, şeir və qəzəllər oxuyur, musiqiçilər insanların ruhunu dinləndirirdi.

Şəki yerləşdiyi mövqe və böyük karvansaraları ilə İpək Yolunda yalnızca əmtəə mübadiləsi etməmiş, həm də mədəni, ədəbi, dini və fəlsəfi cəhətdən öz nəsibini almışdır. Şəki Çin çayından, hind qumaşından faydalanmış, hətta dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şəki Xan sarayını bəzəyən rəngarəng şüşələr buraya İpək Yolu vasitəsilə Venesiyadan gətirilmişdir.

Bu gün də qədim İpək Yolunun yadigarları olan Şəki karvansaraları keçmişin sirlərini və tarixi memarlıq üslubunu qoruyaraq əcdadların mirasını gələcəyə qürurla daşıyır. Keçmişdə karvanların gecələdiyi karvansaralar bu gün fərqli ölkələrdən gələn turistləri tarixi memarlıq üslubları ilə heyrətləndirir.

Zəminə RƏSULOVA,
Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Mədəniyyət