Azərbaycan və Özbəkistan: Ortaq dəyərlər üzərində qurulan strateji birlik

post-img

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi bir daha onu sübut edir ki, Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ən yüksək səviyyədə inkişaf edir. Bu əlaqələr həm də regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında mühüm rol oynayır. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər ölkələrimiz arasında qarşılıqlı etimadın və ortaq maraqlara əsaslanan əməkdaşlığın nə qədər dərinləşdiyini növbəti dəfə nümayiş etdirir, həmçinin gələcək illərdə əlaqələrin daha da güclənəcəyinin aydın mesajını verir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Azərbaycanla Özbəkistanı yalnız ortaq maraqlar deyil, həm də dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir: 

“Hər iki xalq Türk dünyasına mənsubdur, ortaq dil, din, adət-ənənə və dəyərlərə malikdir. Bu amillər göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə diplomatik deyil, həm də qardaşlıq və strateji müttəfiqlik xarakteri daşıyır. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, son illərdə qarşılıqlı səfərlərin intensivliyi əlaqələrimizin rekord səviyyədə inkişaf etdiyini sübut edir. Şübhəsiz ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bu gün ən yüksək səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluq və səmimi münasibətlərinin xüsusi rolu var. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad, hörmət və strateji baxış iki ölkə arasında əməkdaşlığın sürətlə və ardıcıl şəkildə inkişaf etməsini təmin edən əsas amillərdəndir. 

Bir məsələni də xüsusi qeyd edim ki, Prezident İlham Əliyevin 2004-cü il martın 23-24-də Özbəkistana dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə”, 2022-ci il iyunun 21-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə”, 2024-cü il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”, eləcə də həmin müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər ikitərəfli əməkdaşlığın hüquqi bazasını gücləndirib. Bu mühüm sənədlərdən sonra ölkələrimiz arasında siyasi dialoq intensivləşib, iqtisadi əlaqələr genişlənib, mədəni-humanitar əməkdaşlıq yeni dinamika qazanıb. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini daim dəstəkləyir, qlobal və regional miqyasda ortaq mövqe nümayiş etdirir”.

S.Salmanova qeyd edib ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının gücləndirilməsində də aparıcı rola malikdir:

“Hər iki dövlət Türk dünyasının birliyi, ortaq iqtisadi məkanın formalaşdırılması, mədəni-mənəvi dəyərlərin qorunması və yeni əməkdaşlıq formatlarının yaradılması istiqamətində fəal təşəbbüslərlə çıxış edir. Son illərdə Azərbaycan - Özbəkistan əlaqələrinin yüksələn xətlə inkişafı göstərir ki, bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün Türk dünyasının gələcəyi üçün strateji resursa çevrilməkdədir. Əminik ki, xalqlarımızı birləşdirən ortaq dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə Azərbaycan və Özbəkistanın gələcəkdə də bütün sahələrdə uğurlu əməkdaşlığını təmin edəcək. Bu münasibətlər xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və inkişaf proseslərinə xidmət edəcək”.

Siyasət