Yaxın Şərq yenidən alova bürünüb

post-img

Beynəlxalq birliyin sülh çağırışları eşidiləcəkmi?

Fevralın son, mart ayının ilk günlərinə düşən ABŞ/İsrail–İran hərbi eskalasiyası Yaxın Şərqin hərbi səhnəsində qlobal güc balansını tamamilə sarsıdıb. Ağ Ev administrasiyası və İsrail hökumətinin müştərək həyata keçirdiyi genişmiqyaslı hava əməliyyatları, sadəcə, regional hərbi addım xarakteri daşımır. Hazırkı geosiyasi böhran xroniki münaqişələrin həlli yolunu silahların kölgəsinə çəkərək diplomatiya ənənələrini iflic vəziyyətinə salıb. Təşkil edilən hərbi kampaniyanın əsas məqsədi mövcud rejimin dayaqlarını məhv etməyə, dövlətin idarəetmə aparatını çökdürməyə istiqamətlənib.

Qeyd olunan tarix müasir kitablara yüksəktexnologiyalı qırıcıların amansız mərmi yağışı kimi həkk olunacaq. Rəsmi Vaşinqton aparılan qlobal hücumu “Epik qəzəb” adlandırıb, İsrail ordusu isə həmin missiyanı “Nərildəyən şir” şifrəsi altında icra edir. Adıçəkilən hərbi ittifaqın nəhəng kəşfiyyat və aviasiya imkanları tam səfərbər olunaraq İranın ciddi mühafizə edilən yeraltı mərkəzlərini məhv etməyə yönəldilib. Hədəflər siyahısına paytaxt Tehran, uranın zənginləşdirilməsi obyektlərinin yerləşdiyi İsfahan, Qum, həmçinin Kərəc və Kirmanşah şəhərlərindəki yeraltı strateji obyektlər daxildir. Hava həmlələrinin intensivliyi, koordinasiyası və dağıdıcı qüvvəsi rəqib tərəfin zenit raket komplekslərini asanlıqla yararaq kütləvi dağıntılara səbəb olub. Hədəfə alınan məkanlar arasında prezidentin parad meydanı, Təhlükəsizlik Şurasının qərargahı, kəşfiyyat idarələri də daxil olmaqla, ümumilikdə otuzdan çox hərbi obyekt yer alır.

***

Əməliyyatların ən sarsıdıcı nəticəsi İranın siyasi və dini rəhbəri sayılan Ali Rəhbər Ayətullah Əli Xameneinin öldürülməsidir. Paytaxt Tehranın mərkəzində yerləşən, son dərəcə qorunan iqamətgaha endirilən dəqiq hava zərbələri dini liderin həyatına son qoyub. Vurulan hədəflər siyahısında ölkənin Təhlükəsizlik Şurasının nüfuzlu nümayəndəsi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən Məhəmməd Pakpur kimi mühüm şəxslərin adları sadalanır.

***

Hadisələrin cərəyan etdiyi təlatümlü mənzərə fonunda Qafqazın geosiyasi mərkəzi olan Azərbaycanın yürütdüyü xarici siyasət kursu son dərəcə soyuqqanlı, praqmatik yanaşması ilə seçildi. Böhranın kəskinləşdiyi ilk saatlarda Prezident İlham Əliyev qonşu ölkənin başçısı Məsud Pezeşkiana rəsmi başsağlığı məktubu ünvanlayaraq, Ali dini rəhbər Ayətullah Əli Xameneinin həlak olmasından qaynaqlanan dərin kədərini ifadə edib, qonşu xalqa dözüm arzulayıb. Eyni zamanda, xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon vasitəsilə əlaqə yaradaraq yaranmış regional xaosdan doğan narahatlığı qarşı tərəfin diqqətinə çatdırıb.

Hadisələr mürəkkəb xronologiya ilə irəliləyir, rəhbərlərin hər cümləsi qlobal bazarların nəbzini dəyişir. Müharibə xaosundan yaxa qurtarmağın yeganə resepti ali müdriklik və qətiyyətli təmkindir. Əldə olunan son məlumatlara görə, əhaliyə humanitar yardımın çatdırılması və təhlükəsiz zonaların yaradılması üzrə tədbirlər həyata keçirilir. Bu isə ümidləri artırır ki, müharibə xaosundan çıxış yolu tədricən formalaşacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət