Yaralı yoldaşını xilas etdi, özü isə...

post-img

İllərlə intizarında olduğumuz qələbə müjdəsindən sonra onların ölüm xəbəri çox ağır oldu. 2021-ci il noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində Kəlbəcər və Laçın istiqamətində dövlət sərhədində baş verən döyüş əməliyyatları zamanı ordumuz 7 şəhid verdi. Şanlı tariximizi öz qanları ilə yazan bu qəhrəmanlardan biri də kiçik çavuş Natiq Əliyev idi.

Şəhidlik yolunu seçmək bilə-bilə özünü odun-alovun içinə atmaq, ölümün gözünə dik baxmaqdır. Natiq də gözünü qırpmadan Vətən uğrunda canından keçdi, yaralı əsgər yoldaşına kömək edərkən ruhu şəhidlik zirvəsinə ucaldı.

"Onun yoxluğu ilə hələ də barışa bilmirəm... Sanki yaşamıram... Hər gün otağına girib şəkilləri ilə danışıram, ətrini paltarlarından alıram... Elə bilirəm yanımdadı, yaşayır... Yeganə təsəllim balamın müqəddəs amal uğrunda..." – cümləsinin sonunu gətirə bilməyən Ətayə ananın göz yaşları içində balası haqqında söylədiyi bu sözlər məni dərindən sarsıtdı:

– Natiq 3-cü övladım, sonbeşiyim idi. Mən ona, o da mənə bağlıydı. Uşaqlıqdan fərqli xarakteri – ağlı, zəkası, təmkini ilə seçilirdi. Məktəbdə dərslərini yaxşı oxuyurdu. Müəllimləri həmişə ondan razılıq edirdilər. Deyirdi ki, ana, mən elə övlad olacağam ki, sizin başınız uca olsun. Sözünə əməl də elədi… O, uşaqlıqdan vətənpərvər ruhda böyümüşdü. Ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək və bu yolda vuruşmaq idi. Bu, onun el-obasına, vətəninə bağlılığından irəli gəlirdi.

Ətayə ana oğlu ilə son söhbətini xatırladı:

– Natiqlə noyabrın 16-da, şəhid olmamışdan 2 saat əvvəl danışmışdım. Qonşumuz həmin gün məni “müharibə yenidən başlayıb” - deyib həyəcanlandırmışdı. Təlaş içində tez-tələsik Natiqə zəng etdim. Dedi ki, ana narahat olma, hər şey yaxşıdı, salamatlıqdı. Demə, bu, balamla son danışığım imiş... Natiqin yoxluğuna alışmaq mənim üçün çətin olsa da, Vətənə, xalqa belə övlad böyütdüyüm üçün fəxr edirəm. Oğlumun son nəfəsində belə yaralı yoldaşına yardım göstərməsi üçün özünü gülləyə sipər etməsi məni qürurlandırır. Yeganə təsəllim budur.

Oğlunun nisgilindən ürəyində problemlər yaranan şəhidimizin atası Yusif Əliyev də söhbətinə Natiqin uşaqlıq illərindən başladı:

– Natiq uşaqlıqdan qayğıkeş idi. Orta məktəbdə oxuduğu illərdə bir dəfə də olsun ondan narazı olan müəllim, ya da sinif yoldaşı görmədik. Bu gün mən oğlumla qürur duyuram. O, möhkəm xarakteri, hərbçi qətiyyəti, vətəndaş ləyaqəti ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən alnıaçıq, üzüağ çıxmağı bacardı.

Qəhərdən gözləri dolan ata da oğlunun yoxluğu ilə barışa bilmədiyini dedi:

– Evimizin hər küncündə onun xatirəsi, hər əşyasında onun nəfəsi yaşayır. İllər keçir, amma onun yoxluğuna inana bilmirəm. Oğlum şəhidlik zirvəsinə ucaldı, amma mənim gözlərim hər gün yol çəkir. Elə bilirəm ki, nə vaxtsa qayıdacaq...

Qeyd edək ki, Əliyev Natiq Yusif oğlu 1989-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əslən Qərbi Azərbaycandan idi. 1996-cı ildə Gəncə şəhəri 10 nömrəli məktəbin 1-ci sinfinə daxil olub, həmin məktəbi 2007-ci ildə bitirmişdi. 2008-ci ildə hərbi xidmətə çağırılmış, 2012-ci ildən isə Murovdağda "N" saylı hərbi hissədə xidmətini davam etdirmişdi. 2012-ci ildə hərbi xidmətdə kiçik çavuş və həkim köməkçisi (feldşer) olmuş, 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi. 2018-ci ildə ailə həyatı quran Natiqin 2020-ci ildə qız övladı dünyaya gəlib.

Qarabağın azadlığı uğrunda Vətən müharibəsində kiçik çavuş Natiq Əliyev Laçın və Kəlbəcər istiqamətində gedən döyüşlərdə igidliklə vuruşmuşdur. 44 günlük müharibə bitdikdən sonra Kəlbəcərdə hərbi qulluqçu kimi fəaliyyət göstərmişdir. 16 noyabr 2021-ci ildə Laçın–Kəlbəcər istiqamətində aparılan antiterror əməliyyatı zamanı yaralı yoldaşını təxliyyə edərkən yaralanmış və qəhrəmancasına şəhid olmuşdur. 17 noyabrda Gəncə Şəhidlər xiyabanında dəfn edilmişdir.

Natiq Əliyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Natiq Əliyev kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Ruhun şad, məkanın cənnət olsun igid, Vətən oğlu!

Elenora HƏSƏNOVA
XQ



Sosial həyat