Noyabrın 14-də Özbəkistan Milli Kinematoqrafiya Sarayında Mərkəzi Asiya və Azərbaycan Kinosu Günlərinin açılışı olub. Tədbir xarici nümayəndə heyətlərinin iştirakı ilə dəyirmi masa müzakirəsi ilə başlayıb.
XQ “UzA” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, açılış mərasimində Özbəkistan Mədəniyyət Nazirliyi yanında Kinematoqrafiya Agentliyinin direktoru Şuxrat Rizayev, Azərbaycan Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, Qazaxıstan Milli Kinoya Dövlət Dəstəyi Mərkəzinin sədr müavini Adilet Ömərov, Mərkəzi Asiya ölkələrindən gələn qonaqlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə türk dövlətlərinin rejissorları arasında yaradıcı əlaqələrin yeni inkişaf səviyyəsinə çatdığı qeyd edilib. Vurğulanıb ki, müxtəlif beynəlxalq film festivalları və yaradıcılıq müsabiqələri, eləcə də birgə filmlərin yaradılması prosesi bu əməkdaşlığı daha da gücləndirir.
Çıxış edənlər bildiriblər ki, Mərkəzi Asiya və Azərbaycan Kinosu Günləri insanları incəsənət vasitəsilə bir araya gətirmək və təcrübə mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Yaradıcı layihənin ilk günündə qısametrajlı filmlərin nümayişi olub.

