“Nodar Dumbadze – gürcü ədəbiyyatı” adı altında on gün davam edən festivalda Azərbaycan, İspaniya, Özbəkistan , Qazaxıstan İsrail və Yunanıstan teatrları ilə yanaşı 15 gürcü teatr truppası da tamaşaçılara 21 tamaşa təqdim edib.
Tamaşalar Nodar Dumbadzenin və digər gürcü klassiklərinin əsərləri əsasında hazırlanıb. 12 nominasiya üzrə qaliblərə xüsusi mükafatlar, diplomlar və hədiyyələr təqdim olunub.
Adı çəkilən festivalda Gəncə Dövlət Milli Dram Teatrı və Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrının birgə layihəsi əsasında tamaşaçılara Nodar Dumbadzenin "Kukaraça" tamaşası təqdim olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivalda iştirak edən Gəncə Dövlət Milli Dram Teatrı və Aleksandr Tsutsunava adına Ozurqeti Dövlət Dram Teatrı festivalın “Ən yaxşı müştərək layihə" nominasiyası ilə təltif olunub.
Müştərək layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, kordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərov, tamaşanın quruluşçu rejissoru Gürcüstan respublikasının əməkdar incəsənət xadimi Vasili Ciqoqidze, quruluşçu rəssamı Lomqul Murusidzedir.
Festivalın bağlanış və mükafatladırma mərasimində Gürcüstanın mədəniyyət nazirinin müavini Giorgi Mirtsulava, mədəniyyətin inkişafı və təbliği departamentinin rəhbəri Tata Svanidze və Mədəniyyətin inkişafı və teatr, kino və təsviri incəsənətin təbliği departamentinin rəhbəri vəzifəsini icra edən Nutsa Kobaidze iştirak ediblər.
Gəncə Dövlət Dram Teatrının baş rejissoru Elşad Əhmədov deyir ki, biz Azərbaycan mədəniyyətini, onun teatrını layiqincə təmsil edə bildik ki, buna da çox sevinirik.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə