Tibbdə yeni inqilab: Süni intellekt süd vəzi xərçənginin dəqiq yerini tapır

post-img

Nyu-York Şəhər Kolleci və Memorial Sloan Kettering Onkologiya Mərkəzinin alimləri süni intellekt (Sİ) əsasında yeni bir sistem hazırlayıb. Bu sistem maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə süd vəzi şişlərini aşkar etməklə yanaşı, onların dəqiq yerləşdiyi nahiyəni də müəyyən edir. Tədqiqatın nəticələri “Radiology: Artificial Intelligence” jurnalında dərc olunub.

Yeni model dünyanın ən böyük süd vəzi MRT görüntüləri bazası əsasında təlim keçib və iki müxtəlif klinikanın xəstələrindən əldə olunan şəkillər üzərində test edilib. CCNY-nin biotibb mühəndisliyi professoru, layihənin rəhbərlərindən Lukas Parra bildirir ki, sistemin dəqiqliyi təcrübəli rentgenoloqların səviyyəsinə bərabərdir və mövcud avtomatlaşdırılmış proqramlardan daha üstün nəticələr göstərir.

Digər mövcud alqoritmlərdən fərqli olaraq, yeni model müstəqil ekspertlər tərəfindən qiymətləndirilib və artıq ABŞ-da açıq istifadə üçün əlçatandır. Tədqiqatçılar bildirirlər ki, bu texnologiya həkimlərin işini sürətləndirəcək, rentgenoloqların üzərindəki yükü azaldacaq.

MRT görüntülərinin təhlili, xüsusən süd vəzi toxuması sıx olan qadınlarda, mammografiyadan fərqli olaraq daha mürəkkəbdir. Yeni alqoritm yalnız şişi aşkarlamır, həm də onun dəqiq yerini qeyd etməklə, yanlış pozitiv diaqnozların qarşısını alır.

Bu nailiyyət süd vəzi xərçənginin erkən və dəqiq diaqnostikasında texnologiyanın rolunu daha da gücləndirir və müalicənin effektivliyini artırmağa imkan verir.

S.ELAY

XQ

Maraqlı