Bir neçə gündür ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Xankəndi şəhərində Diaspor Gənclərinin VI Yay Düşərgəsi keçirilir.
Düşərgə iştirakçıları Fəxri xiyabanda gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarınıziyarət edib, Şəhidlər xiyabanında ölməz vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, Zəfər abidəsinin önünə gül dəstələri qoyublar. Gənclərə Azərbaycanın Konstitusiya və suverenlik dəyərləri, müstəqillik tarixi, Qarabağda qazanılan qələbə və bir sıra başqa mövzularla bağlı məlumat verilib. Bildirilib ki, ölkəmizin imicinin formalaşması və beynəlxalq nüfuzunun artırılmasında diaspor gənclərinin xüsusi rola malik olması onların doğru bilgiləndirilməsini zəruri edir.
İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan panel müzakirəsi maraqla qarşılanıb. Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevin moderatorluq etdiyi paneldə Prezidentin Laçın, Şuşa, Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndələri, bərpa və idarəetmə xidməti təmsilçiləri iştirak ediblər. Çıxışlarda "Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı infrastruktur layihələrindən, ağıllı kənd və şəhər modellərindən bəhs olunub. Yol və kommunikasiya xətlərinin çəkilişi, sosial obyektlərin inşası, həmçinin təbii və mədəni irsin bərpası istiqamətində həyata keçirilən kompleks tədbirlər diqqətə çatdırılıb. Gəncləri maraqlandıran suallar cavablandırılıb.
“Xankəndi” adlı növbəti panelin moderatoru isə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı olub. İctimai fəal qadınlar müzakirələrə qatılıblar. Paneldə Prezident İlham Əliyevin Xankəndidə üçrəngli bayrağımızı qaldırmasının görüntüləri, həmçinin Xankəndi şəhərinin salınma tarixi ilə bağlı Azərbaycan və ingilis dillərində videomaterial nümayiş olunub. Qədim Azərbaycan torpaqlarında salınan Xankəndi şəhərinin zəngin tarixi və burada əzəli Azərbaycan mədəniyyətinin mövcudluğu barədə tarixi faktlar səsləndirilib, Xankəndinin erməniləşdirilməsi və tarixi ədalətin bərpa olunaraq şəhərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının rəmzinə çevrilməsindən danışılıb. Həmçinin panelin xankəndili iştirakçıları xatirələrini danışıb, 30 ildən sonra Qarabağa qayıdışın sevincini bölüşüblər.
Panel sualların cavablandırılması və düşərgə iştirakçılarının qəhrəmanlıq ruhunda mahnıları ifa etmələri ilə yekunlaşıb. Diaspor gəncləri paneli mövzunu forma baxımından yeni platforma kimi dəyərləndiriblər.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirlərinin Xankəndidə VI Yay Düşərgəsinin iştirakçıları ilə görüşü keçirilib. Maraqlı müzakirələr aparılıb.
Diaspor Gənclərinin VI Yay Düşərgəsinin qonağı olan Azərbaycan əsilli fransız -dünya şöhrətli fotojurnalist Reza Deqatiyə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim olunub. Mükafatı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov təqdim ediblər. Komitə sədri məşhur fotojurnalist Reza Deqatinin uzun illərdir Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı misilsiz fəaliyyətini yüksək qiymətləndirib.
O, düşərgə, burada keçdiyi ustad dərsi haqqında danışıb və bu kimi tədbirlərin təşkilinin ayrı-ayrı ölkələrdən gəlmiş gənclər üçün son dərəcə gərəkli olduğunu vurğulayıb:
Bir daha həqiqətləri dünyaya çatdırmaqda göstərdiyim töhfələrə görə ən yüksək təqdirə layiq görülmək məni çox qürurlandırdı və təsirləndirdi. Bütün diaspor komandasına mən də daxil olmaqla, yüzlərlə gənci VI Yay Düşərgəsinə topladığı üçün təşəkkür edirəm. Gələcək parlaqdır və sülh vəd edir. Sizinlə dostluq mənim üçün çox dəyərlidir.
Düşərgə iştirakçıları üçün keçirilən Azərbaycan dili dərsi də böyük maraqla qarşılanıb. Ana dili dərsini Dürdanə Əlizadə tədris edib. Bildirilib ki, müəyyən qədər hiss olunan dil baryerinin aradan qalxması, diaspor gənclərinə və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələrinə Qarabağla bağlı səhih məlumatların verilməsi onların "yumşaq güc" kimi formalaşmalarına, ölkəmizin təbliğində və dezinformasiyaların qarşısının alınmasında iştirak etmələrinə töhfələr verilməsinə hesablanan addımlardır.
Qarabağ Universiteti ilə tanışlıq, Şuşa gəzintisi də hər kəsə xoş təsir bağışlayıb. Birinci Qarabağ müharibəsinin şəhidi Sənan Rüstəmovun qardaşı qızı, Diaspor Gənclərinin VI Yay Düşərgəsinə İsveçdən qatılan, əslən Qarabağdan olan Məsumə Rüstəmlidən İsa bulağında jurnalistlərlə söhbətində deyib ki, düşərgədən əldə etdiyi təəssüratları ömrü boyu unutmayacaq.
Qeyd edək ki, avqustun 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində olub.
Ə.ƏLİYEV
XQ