Milli Kitabxanada Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə elektron layihələr istifadəçilərə təqdim edilib
21 mart 2026-cı il tarixində Milli Kitabxana tərəfindən XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, tanınmış dramaturq və ictimai xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə “Xalqımızın ilk Xalq şairi Səməd Vurğun - 120” adlı virtual sərgi və “Azərbaycanın Xalq şairi Səməd Vurğun” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib.
XQ xəbər verir ki, virtual sərgidə (https://anl.az/el/vsb/Xalq_sairi_Semed_Vurgun/index.htm ) rəsmi sənədlər, şairin şeirləri, poemaları, dram əsərləri, tərcümələri, həyatı haqqında xatirələr, esseler, şeirlər, Səməd Vurğun və uşaq ədəbiyyatı, poeziyası, bədii əsərlərin dili və üslubu, dramaturgiyası və s. mövzularda tədqiqat işləri, monoqrafiyalar, zəngin irsi haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar və dövri mətbuat materialları fotolar nümayiş olunur.
Elektron məlumat bazasında (https://anl.az/el/emb/S.Vurgun/index.html) şairin irsi haqqında daha geniş və sistemləşdirilmiş tammətnli resurslar “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Səməd Vurğun haqqında”, “Hikmətli sözləri və aforizmləri”, “Əsərləri”, “Şeirlərinə yazılmış mahnılar”, “Haqqında”, “Təltiflər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.
23 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Səməd Yusif oğlu Vəkilov (Səməd Vurğun) 1906-cı il mart ayının 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. O, ilk təhsilini kənd məktəbində alıb, sonra Qazax Müəllimlər Seminariyasında oxuyub. Seminariyanı bitirdikdən sonra müəllimliklə məşğul olub. 1929-1930-cu illərdə Moskva Dövlət Universitetində (Şərq fakültəsi) təhsilini davam etdirib.
1941-1948-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, 1954-1956-cı illərdə Elmlər Akademiyasının vitse-prezidenti, 1940-1950-ci illərdə SSRİ Ali Sovetinin deputatı seçilib. 1956-cı ildə filologiya elmləri doktoru adını alıb.
Səməd Vurğunun ilk şeirləri 1920-1930-cu illərdə “Şərq qadını”, “Maarif və mədəniyyət” qəzetlərində, “Şairin andı” adlı ilk şeirlər kitabı 1930-cu ildə nəşr olub. “Vaqif” (1937), “Xanlar” (1938–1939), “Fərhad və Şirin” (1939–1941), “İnsan” (1945), “İki sevgi” (1940–1941), “Şairin həyatı” (1945) və s. pyeslərin, “Komsomol poeması” (1933), “Zəncinin arzuları” (1948), “Muğan” (1948–1949), “Aygün” (1950–1951), “Zamanın bayraqdarı” (1952) və s. poemaların, 100-ə yaxın şeirin müəllifidir.
1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir.
Şair tərcüməçilik fəaliyyəti ilə də məşğul olub. Puşkinin “Yevgeni Onegin”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Maksim Qorkinin ”Qız və ölüm”, Nizaminin “Leyli və Məcnun” poemalarını Azərbaycan dilinə tərcümə edib.
Əsərləri rus, gürcü, tacik, ukrayna, özbək, çin, ingilis, alman, polyak, bolqar və s. dillərə tərcümə olunub.
Səməd Vurğun 1941-1942-ci illərdə iki dəfə Dövlət mükafatı laureatı olub, 1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Şair müxtəlif illərdə ən yüksək orden və medallarla təltif edilib. 1956-cı ilin mart ayında “Azərbaycanın Xalq şairi” fəxri adı təsis edilib və ilk dəfə bu ada Səməd Vurğun layiq görülüb.


