Ukraynanın İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına 12 saylı Humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenkonun dünyasını dəyişməsi xəbəri soydaşlarımızı da kədərləndirib.
Mərhum təhsil xadimi ilə İrpenin mərkəzi meydanında keçirilən vida mərasimində şəhər meriyasının rəhbərliyi, məktəbin kollektivi, Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndəliyinin təmsilçiləri, diaspor fəallarımız iştirak ediblər.
Ölkəmizin Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, Valentina Antonenko Azərbaycanın böyük dostu idi: “Onun Azərbaycan və Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın inkişafında xidmətləri olub. Məhz onun bu xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2022-ci il yanvarın 12-də ölkəmizin “Dostluq” ordeni ilə təltif olunub. Valentina Antonenkonun əziz xatirəsi tək ukraynalıların deyil, azərbaycanlıların da qəlbində daim yaşayacaq”.
İrpen şəhər merinin birinci müavini Oleksandr Paşinski, liseyin direktor müavini Nina Qnedyuk və digər çıxış edənlər Valentina Antonenkonun xidmətlərindən, Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrdən danışıblar.
XQ

