Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2026” beynəlxalq turnirinə yekun vurulub. Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 185 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, dünən baş tutan final döyüşlərini federasiya rəsmiləri ilə yanaşı, Olimpiya və dünya çempionatının mükafatçıları izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.
Turnirdə parlaq çıxışı ilə yadda qalan Azərbaycan millisi 45 medal qazanıb. Boksçularımız 11 qızıl, 12 gümüş və 22 bürünc medalla turniri başa vurublar.
Yarışda komanda hesabında Azərbaycan millisi birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (4-2-4) yiyələndiyi halda, “üçlüy”ü Qazaxıstan
(3-5-7) qapayıb.
Turnirdə ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.
Qabil YUSİFOĞLU
XQ

