Milli musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə geniş qeyd olunur. Qüdrətli sənətkarın 140 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində “Üzeyirin ecazkar dünyası” kitabı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində musiqisevərlərə təqdim edildi.
Dahi bəstəkarın həyat və yaradıcılığını interaktiv formada tanıdan topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edilib. Nəşr Azərbaycanda musiqiyönümlü oyunvari tədris prosesində ilk nümunələrdəndir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir.
Kitab Azərbaycanda ilk dəfə olaraq pedaqoji cəhətdən dəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual və interaktiv təqdimatına, idrak motivasiyasının yüksəldilməsinə xidmət edən virtual muzeylə müşayiət olunur. QR-kod vasitəsilə oxucular Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid əldə edə bilərlər. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrə bilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallara düzgün cavab tapmaq mümkündür.
“Üzeyirin ecazkar dünyası” nəşrinin yaradıcı heyətinin başlıca məqsədi milli musiqi mədəniyyətimizi, xüsusilə Üzeyir Hacıbəyli irsini yeni nəslə sevdirməkdir.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb–studiyası, “Musiqi dünyası” Elektron Nəşrlər Mərkəzi və “Azərbaycan Nəşriyyatı” MMC-nin çapa hazırladığı kitab şagird, müəllim və valideynlər üçün nəzərdə tutulub.
XQ