İtaliyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş keçirilib

post-img

“Fly to Baku. Art Weekend. Sense the Future NOW” həftəsonu layihəsinin maraq doğuran təqdimatlarından biri də Bakıya dəvət olunan tanınmış italiyalı rəssam və heykəltaraş Cüzeppe Karta ilə görüş olub.

XQ xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil edilən tədbirdə gənc tədqiqatçılar, tələbələr, eləcə də Akademiyanın professor və müəllim heyəti və Cüzeppe Karta yaradıcılığına həvəs göstərənlər iştirak edib.

Mühazirə “Cüzeppe Kartanın yaradıcılığının əsas istiqamətləri” mövzusunda olub. Cüzeppe Karta öz yaradıcılığı, emalatxanada gördüyü işlər, əsərlərinin yaradılması texnologiyası, prinsipləri barədə auditoriyaya məlumat verib.

"Həyatımda elə məqamlar olub ki, mən gələcəkdə kim olacağıma qərar verə bilmirdim - müəllim, musiqiçi, rəssam və yaxud heykəltaraş. 75 yaşım olmağıma baxmayaraq, bu xaos hələ də mənim içimdə yaşayır. Hər zaman çalışmışam ki, yeni təcrübələr qazanım. Dərs deyirdim, eyni zamanda, rəssamlıqla məşğul olurdum. Hətta elə vaxt olub ki, kilsədə xor da idarə etmişəm", - deyə heykəltaraş diqqətə çatdırıb.

Onun sözlərinə görə, insanın təbiətə qarşı törətdiyi qəddarlığa rəğmən, təbiət bizə heç vaxt düşmən olmayıb: “İqtisadi gəlir əldə etmək üçün insan təbiətə qarşı qəddarlıq törədir. Buna baxmayaraq, təbiət yenidən doğulur və bizə yaşamaq imkanı verir”.

Görüş zamanı mühazirəçi bəzi kiçikölçülü işlərini də əyani formada təqdim edərək bir sıra vacib məqamları izah edib. Müəllif həm də beynəlxalq sərgi layihələrindən danışıb.

Xatırladaq ki, italiyalı rəssam və heykəltaraş Cüzeppe Kartanın “Təbiətin nemətləri” (“Gifts of nature”) adlı fərdi ekspozisiyası martın 6-dan etibarən Heydər Əliyev Mərkəzində sərgilənir. Sərgidə böyük meyvə və tərəvəz heykəlləri nümayiş olunur. Müəllif bu əsərlərin bir qismini məhz Heydər Əliyev Mərkəzindəki sərgisi üçün yaradıb və onlar ictimaiyyətə ilk dəfə Bakıda təqdim edilir.



Mədəniyyət