“İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingiliscə nəşri təqdim olunub

post-img

Bakı Kitab Mərkəzində “İrəvan xanlığı bölgə mətbəxi” kitabının ingilis dilinə tərcümə olunmuş yeni nəşrinin təqdimatı keçirilib. Mərasimdə əvvəlcə kitab barədə hazırlanan videoçarx nümayiş etdirilib. Mərkəzin rəhbəri Günel Anarqızı nəşrin yüksək poliqrafik keyfiyyətini və mədəni əhəmiyyətini vurğulayaraq, kitabın ingiliscə yayımlanmasının Azərbaycan mətbəxinin dünya miqyasında tanıdılması baxımından mühüm hadisə olduğunu bildirib.

Kitabın müəllifi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) prezidenti, professor Tahir Əmiraslanov nəşrin hazırlanma tarixindən bəhs edərək bildirib ki, “İrəvan xanlığı bölgə mətbəxi” kitabının ideya əsasını Prezident İlham Əliyevin milli mətbəximizin ermənilər tərəfindən mənimsənilməsi ilə bağlı səsləndirdiyi fikirlər təşkil edib. Bu məqsədlə AMKA illər ərzində İrəvan bölgəsindən köçürülmüş soydaşlarla müsahibələr aparıb, etnoqrafik və tarixi mənbələri toplayıb, “Xanədan” etno-restoranında İrəvan mətbəxi günləri keçirərək materialları sistemləşdirib. Nəticədə 413 milli yeməyin resepti, onların texnoloji, tarixi və etnoqrafik xüsusiyyətləri toplanaraq elmi şəkildə işlənib və nəşrdə təqdim olunub.

Kitabın müəllifləri professor Tahir Əmiraslanov, Oruc Əliyev və Aygül Əsgərova, elmi redaktoru professor Maisə Rəhimova, rəyçisi isə tarixçi alim Tahir Şahbazovdur. Nəşr 2021-ci ildə İsveçrədə Alfred Nobel Ev Muzeyinin siyahısına daxil edilmiş və Parisdə “Dünya Kulinariya Kitabları Mükafatı” tərəfindən “Dünyanın ən yaxşı region mətbəxi” nominasiyasında qalib olmuşdur.

Kitabın ingiliscə nəşri Azərbaycanlı iş adamı və tarixçi Rəşid Hüseynovun təşəbbüsü ilə reallaşıb; o, dörd il ərzində tərcümə və çap prosesinə maddi və təşkilati dəstək göstərib. İngilis dilinə tərcüməni filologiya üzrə fəlsəfə doktoru Bəylər Hacıyev edib, nəşri isə TEAS tərəfindən həyata keçirilib. Yeni nəşrin giriş sözünü İrəvan xanının nəvəsi Amir Əli Sərdari İrəvani yazıb. Kitabın hazırlanmasına “YABAN” restoranlar şəbəkəsi və “Xanədan” etno-restoranı təşkilati-texniki dəstək verib.

Təqdimat mərasimində çıxış edən yazıçı Çingiz Abdullayev, millət vəkilləri Hicran Hüseynova və Fazil Mustafa, Vəhdət Partiyasının sədri Adəm Bakuvi, tibb elmləri doktoru Məhbubə Vəliyeva, texnika elmləri doktoru Mikayıl Məhərrəmov və İndira Şəmsivari kitabın müxtəlif sahələr üzrə — elmi, texnoloji, tarixi, etnoqrafik, tibbi, filoloji, siyasi və mədəni baxımdan əhəmiyyətini xüsusi vurğulayıblar.

Hazırda kitabın rus dili nəşri üzərində işlənilir.Nəşr İrəvan bölgəsinin Azərbaycan mətbəx irsinin sistemləşdirilməsi və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm elmi mənbədir.

XQ

 

 

 

 

 

 

 





Mədəniyyət