Aləmdə səsi qalan şair

post-img

Seyid Əzim Şirvani - 190

Sumqayıtdakı Poeziya Evində qüdrətli şair və maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr edilən ədəbi-bədii gecə keçirilib.

Məlum olduğu kimi, Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Sözügedən məclis həmin silsilədən düzənlənən növbəti tədbir kimi yaddaqalan olub.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məclisi açaraq milli-mənəvi dəyərlərin, ədəbiyyat və incəsənətin təbliğinə dövlət səviyyəsində diqqət göstərilməsindən, klassiklərimizin, o cümlədən Seyid Əzimin irsinə qayğıkeş münasibətdən danışıb. Sonra AzTV-nin “Sabah” Yaradıcılıq Studiyasının “Yad et məni” layihəsi çərçivəsində ərsəyə gətirdiyi “Ustadi-əzəm” bədii-sənədli filmi nümayiş olunub.

Ədəbi-bədii gecənin aparıcısı Elşad Xaqan böyük klassikin həyatından və yaradıcılıq məziyyətlərindən bəhs edib. Tanınmış şairlər – Prezidentin fərdi təqaüdçüləri Əşrəf Veysəlli və Ofelya Babayeva, filologiya elmləri doktorları Aftandil Ağbaba və Rafiq Yusifoğlu, Əməkdar müəllim Sabir Məmmədov və başqaları Seyid Əzimin poetik dünyasına nəzər salıb, maarifçilik fəaliyyətinin örnək cəhətlərini xatırladıblar.

Ümid Abbas Nihaninin “Dərviş” qrupunun kompozisiyası, Sumqayıt Musiqi Kollecinin muğam ifaçılarının, bədii qiraətçi Vahid Cuhuninin, qələmlərini əruz vəznində sınayan gənc şairlərin çıxışları da maraqla qarşılanıb. Məclisin ümumi ruhu bir daha göstərib ki, “Seyyida, ölmərəm, aləmdə səsim var mənim” deyən şairin bənzərsiz poeziyası ölməzlik qazanıb və daim sevilməkdədir.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət