Bu problem 1926-cı ilə qədər də aktual idi
I Türkoloji Qurultayın keçirilməsindən xeyli əvvəl türk xalqlarının mədəni dirçəlişi və maariflənməsi ideyası Azərbaycan ziyalılarının elmi-fəlsəfi düşüncəsində dərin kök salmış faktlardan sayıla bilər. XIX əsrdə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı kimi mütəfəkkirlər türk dünyasında dil, yazı və düşüncə birliyinin vacibliyini irəli sürərək gələcək islahatların ideoloji əsasını yaratmışdılar. Onların fikirləri yalnız nəzəri müstəvidə qalmamış, milli oyanış hərəkatına çevrilərək maarif və mədəniyyət sahəsində yeniləşmənin başlanğıc nöqtəsi olmuşdur.
Türk dünyasında mədəni müstəqillik və modernləşmə ideyasının ilk praktik nümunəsi kimi tarixə düşən Əlifba islahatı türk xalqları tarixində sadəcə qrafik yazı dəyişikliyi deyil, dərin mədəni, siyasi və ideoloji məzmun daşıyan hadisə kimi qiymətləndirilir. Bu proses müxtəlif türk dövlətlərinin modernləşmə və milli kimlik formalaşdırma istiqamətində atdıqları mühüm addımlardan biri olmuşdur. Əlifba dəyişimi yalnız texniki zərurətdən doğmamış, eyni zamanda cəmiyyətin dil, təhsil və mədəniyyət sistemlərinin yenilənməsi ideyalarını özündə ehtiva etmişdir.
XIX əsrin ortalarında əlifba islahatı ideyalarının əsasını qoyan Mirzə Fətəli Axundzadə bu sahədə türk dünyasında intellektual hərəkatın başlanğıcını yaratmışdır. O, Tiflisdə tərcüməçi kimi fəaliyyət göstərdiyi dövrdə (1850-ci ildən etibarən) ərəb əlifbasının Azərbaycan dilinin fonetik sisteminə uyğunlaşdırılması təşəbbüsünü irəli sürmüş, ərəb qrafikasının fonetik uyğunsuzluğunun yazı və oxu prosesində ciddi çətinliklər yaratdığını elmi əsaslarla sübut etməyə çalışmışdır. M.F.Axundovun latın qrafikasına keçidi təklif edən ilk maarifçi təşəbbüs kimi Osmanlı sultanına ünvanladığı məşhur məktubunda deyilirdi: “Ümidvaram ki, böyük Osmanlı dövlətinin rəhbərləri xalqın həm dünyəvi, həm də axirət səadətini təmin edəcək bu mühüm məsələyə lazımi diqqət ayıracaq və üç yüz milyondan çox müsəlmanın elm və savad çatışmazlığından doğan cəhalət girdabında daimi qalmasına razılıq verməyəcəklər”. Axundov həmin məktubunda əlifba islahatını islam dünyasının tərəqqisi üçün zəruri şərt hesab edir və bunun bütün müsəlman xalqlarının gələcəyinə təsir edəcək strateji addım olduğunu əsaslandırırdı.
1863-cü ildə İstanbulda Osmanlı Elm Cəmiyyətində çıxış edən Axundzadə öz əlifba layihəsini təqdim etmiş, bu təklif o dövrdə türk ziyalıları arasında geniş rezonans doğurmuş, xüsusilə mətbuat və ədəbiyyat çevrələrində mübahisələrə səbəb olmuşdur. Əksər Osmanlı ziyalıları bu islahatı dini və mədəni səbəblərlə rədd etmiş, yalnız Namiq Kamal kimi yenilikçi düşüncəyə malik bir sıra maarifçi Axundzadənin təşəbbüsünü dəstəkləmişdir. Ərəb əlifbasının dəyişdirilməsinə qarşı ən sərt müqavimət Quranın ərəb dilində olması ilə bağlı dini arqumentlərə söykənirdi. Nəticədə Axundzadə bu sistemin islahının praktik baxımdan mümkün olmadığını qəbul etmişdir.
Bununla belə, onun ideyaları sonrakı nəsil maarifçilər və ziyalılar üçün əsas ilham mənbəyinə çevrilmişdir. XIX əsrin sonlarında bu məsələ yenidən aktuallaşmış, 1886-cı ildə “Qafqaz” qəzetində Mirzə Əliməhəmmədin ərəb əlifbasının dəyişdirilməsi mövzusunda məqaləsi dərc edilmişdir. Ardınca Firidun bəy Köçərlinin 1898-ci ildə yazdığı “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqalə islahat ideyasının elmi müstəviyə daşınmasında yeni və mühüm addım olmuşdur.
XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” jurnalında dərc etdirdiyi yazısında ərəb əlifbasının milli təfəkkürün inkişafına maneə yaratdığını kəskin tənqid etmişdir. O, yazı sisteminin sadələşdirilməsini xalqın maariflənməsi və savadlanması üçün vacib şərt kimi qiymətləndirmiş və qeyd etmişdir ki, “bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”.
Məhəmməd ağa Şahtaxtinski və Sultan Məcid Qənizadə kimi görkəmli ziyalılar da əlifba islahatının fəal tərəfdarlarından olmuşlar. Hələ 1879-cu ildə “Təkmilləşdirilmiş müsəlman əlifbası” layihəsini hazırlayan Məhəmməd ağa Şahtaxtinski ərəb qrafikasının çətinliyini, onun türk dillərinin fonetik xüsusiyyətlərinə uyğun gəlmədiyini elmi əsaslarla izah edir, yeni – səs əsaslı əlifbanın qəbulunun savadlılığın genişlənməsinə və maarifin inkişafına böyük təkan verəcəyini bildirirdi. O, Parisdə və Bakıda çıxan qəzetlərdəki yazılarında latın qrafikasına əsaslanan yeni yazı sisteminin yaradılmasını təklif etmişdi.
İlk orta təhsil məktəbinin yaradıcılarından olan Sultan Məcid Qənizadə isə əlifba məsələsini praktik və pedaqoji baxımdan dəyərləndirərək göstərirdi ki, uşaqlara ərəb əlifbasını öyrətmək həm vaxt, həm də enerji baxımından çox çətindir. Onun fikrincə, sadə və səslərə uyğun bir əlifba xalq arasında savadlanmanı sürətləndirəcək, milli mətbuatın dilini asanlaşdıracaq və elmi düşüncənin inkişafına xidmət edəcəkdir.
Türkçülük hərəkatının məşhur ideoloqu görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq Əhməd bəy Ağaoğlu əlifba məsələsini Türk dünyasının mədəni inkişafı baxımından son dərəcə vacib sayırdı. O, ərəb qrafikasının xüsusilə mətbuat üçün böyük maneə yaratdığını vurğulayırdı. Ağaoğlunun fikrincə, ərəb əlifbası daha çox poetik və elmi üslub üçün münasib idi, lakin qəzet və gündəlik ünsiyyət dilinin tələblərinə cavab vermirdi. O yazırdı ki, bu əlifbada yazılmış bir sətri anlamaq üçün oxucu çox vaxt sərf etməli olur, halbuki qəzet dili sadə, anlaşıqlı və axıcı olmalıdır.
Dövrün ziyalıları əlifba islahatını milli dirçəlişin, maarifin demokratikləşməsinin və türk dünyasının mədəni inteqrasiyasının əsas şərtlərindən biri kimi görürdülər. Bunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də (1918–1920) əlifba islahatı yenidən gündəmə gəlmişdir. Yeni yaranmış dövlətin maarifçi ziyalıları arasında yazı sisteminin müasirləşdirilməsi və xalqın savad səviyyəsinin yüksəldilməsi məsələləri geniş şəkildə müzakirə olunurdu. Əlifba məsələsi təkcə dilin texniki quruluşu ilə deyil, həm də milli kimliyin ifadəsi, müstəqil dövlətin modernləşmə istiqamətinin müəyyənləşdirilməsi ilə sıx bağlı idi.
Əlifba islahatına dair təşəbbüslər I Türkoloji Qurultaydan çox əvvəl formalaşmış, lakin bu qurultay həmin ideyaların elmi əsasda müzakirə və təsdiq olunduğu beynəlxalq səviyyəli platformaya çevrilmişdir. Axundzadədən Əfəndizadəyədək uzanan bu maarifçilik xətti türk xalqlarının milli kimliyini qorumaq və müasir mədəniyyətlə sintez etmək iradəsinin ifadəsi idi və əlifba islahatı məsələsi ziyalıların yaradıcılığında mərkəzi yer tutmuş, türk xalqlarının müasir mədəniyyətə inteqrasiya yolunda mühüm amil kimi qiymətləndirilmişdir. Bu ideyalar dövlət səviyyəsində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə reallaşma mərhələsinə qədəm qoymuşdur. 1919-cu il martın 21-də – Novruz bayramı günü Azərbaycan Parlamentində Xudadat bəy Məlik Aslanovun məruzəsindən sonra “Ərəb əlifbası islahatı üzrə komissiyanın yaradılması haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən Xalq Maarifi Nazirliyi nəzdində xüsusi komissiya yaradılmış, burada ərəb əlifbasının islahı və ya yeni əlifbaya keçid məsələsi elmi və praktiki aspektdən müzakirə olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fərhad Ağazadə kimi ziyalılar bu məsələnin önündə gedən şəxslərdən idi. Fərhad Ağazadə latın qrafikasına keçidin zəruriliyini elmi arqumentlərlə əsaslandıraraq, ərəb əlifbasının Azərbaycan dilinin fonetik-fonoloji sisteminə uyğun gəlmədiyini göstərirdi. O, “Azərbaycan” qəzetində dərc etdirdiyi “Əlifba tarixində türklərin vəziyyəti” və “Dilimizin türkləşməyinə çarələr” adlı silsilə məqalələrində mövcud ərəb qrafikasının tədris və yazı prosesində yaratdığı çətinlikləri təhlil edir, latın əsaslı yazı sisteminə keçidi milli dilin inkişafı üçün “yeganə düzgün yol” adlandırırdı.
Komissiyanın müzakirəsinə 3 layihə təqdim edilmişdir: Abdulla bəy Əfəndizadənin, Məmmədağa Şaxtaxtlının və A.Tağızadənin Mir Əbdüləziz Seyidovla birlikdə tərtib etdikləri layihələr. Uzun mübahisələrdən sonra A.Əfəndizadənin “Son türk əlifbası” layihəsi daha praktik və tətbiqə yararlı hesab edilərək qəbul edilmiş, çapına da icazə verilmişdir. Lakin 1920-ci ilin aprelində baş verən bolşevik çevrilişi layihənin həyata keçirilməsinə mane olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlanmış əlifba islahatı prosesi sovet mərhələsində sistemli mədəni islahat hərəkatına çevrilmişdir. Cümhuriyyətin süqutundan sonra da əlifba islahatı ideyası unudulmamış, əksinə, 1920-1930-cu illərdə yeni ictimai-siyasi şəraitdə yenidən aktuallaşmışdır. 1920-ci il noyabrın 11-də Xalq Maarif Komissarlığının qərarı ilə yeni türk əlifbası layihəsini hazırlamaq üçün xüsusi komissiya yaradılmışdır. 1921-ci ildə Nəriman Nərimanovun təşəbbüsü ilə əlifba və dil məsələləri sovet Azərbaycanında geniş müzakirə obyektinə çevrilmişdir. Hətta sovet hakimiyyətinin ilk dövründə yenidən aktuallaşmış əlifba məsələsi istiqamətində sistemli fəaliyyət planı hazırlanmışdır. Bu proses yalnız yazı sisteminin dəyişməsi ilə yekunlaşmamış, həm də Azərbaycan cəmiyyətində müasir düşüncənin, dünyəvi təhsilin və milli özünüdərkin formalaşmasına dərin təsir göstərmişdi. Bu dövrdə ziyalılar arasında iki əsas ideoloji qrup formalaşmışdı: “latınçılar” və “ərəbçilər”.
Hər iki tərəf – həm “latınçılar”, həm də “ərəbçilər” müxtəlif ideoloji mövqelərdən çıxış etsələr də, ortaq məqsəd kimi milli yazı sisteminin sadələşdirilməsini və savadlılıq səviyyəsinin yüksəldilməsini önə çəkirdilər. Lakin praktik baxımdan yalnız “latınçılar” konkret layihə hazırlayaraq onu elmi müzakirələrdən sonra hökumətə təqdim edə bilmişdilər.
Latın əlifbasının tərəfdarları – “latınçılar” islahatın elmi, pedaqoji və sosial baxımdan zəruriliyini vurğulayır, bu prosesdə səkkiz nəfərlik mütəxəssis qrupa F.Ağazadə rəhbərlik edirdi. Onlar dilin fonetik prinsiplərinə uyğun, öyrənilməsi asan və beynəlxalq əlaqələr üçün daha əlverişli olan latın qrafikasının tətbiqini əsaslandırırdılar. Ərəb əlifbasının tərəfdarları isə daha çox dini və ənənəvi dəyərləri qorumaq mövqeyindən çıxış edirdilər.
1922-ci ilin martında komissiyanın fəaliyyəti genişləndirilmiş, eyni ilin aprel ayında isə komissiya daha yüksək səlahiyyətlərə malik Əlifba Komitəsinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi (AMİK) yanında təsis edilən Komitənin yaradılmasının əsas məqsədi Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun, öyrənilməsi və tətbiqi asan olan latın əsaslı əlifbanın hazırlanması idi. Komitənin tərkibinə görkəmli ziyalılar – Səməd Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlik Aslanov, Abdulla Tağızadə və Əhməd Pepinov daxil edilmişdilər.
Başlanğıcda Komitəyə F.Ağazadə sədrlik etsə də, 1922-ci ilin 20 noyabrından bu vəzifə Abdulla Tağızadəyə, 1923-cü ilin martından isə S.Ağamalıoğluna həvalə olunmuşdu. Ağamalıoğlu həm komitəni, həm də AMİK-in sədri olaraq siyasi rəhbəri F.Ağazadə isə sədr müavini və nəşriyyat şöbəsinin müdiri kimi fəaliyyət göstərirdi. Komitənin mətbu orqanı kimi 1922-ci il sentyabrın 21-də Mirzə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan “Yeni yol” qəzeti öz səhifələrində yeni türk (latın) qrafikasında yazılmış yazılar dərc etmişdir.
Yeni əlifbanın elmi əsaslarının hazırlanması məqsədilə 1922-ci ildə Səməd Ağamalıoğlunun təşəbbüsü ilə professor Bəkir Çobanzadə Bakıya dəvət olunmuş, ona latın qrafikasına keçidin elmi prinsiplərini işləyib hazırlamaq tapşırılmışdı. Çobanzadənin dilçilik və fonetika sahəsindəki təhlilləri islahatın nəzəri bazasının formalaşmasında mühüm rol oynamışdır.
Azərbaycan hökuməti 1923-cü il oktyabrın 20-də rəsmi şəkildə latın qrafikalı əlifbanın qəbulunu elan etmişdi. Keçid dövründə müəyyən müddət ərzində həm ərəb, həm də latın qrafikalı yazı sistemləri paralel şəkildə istifadə olunmuşdu. Beləliklə, Cümhuriyyət dövründə əsası qoyulan əlifba islahatının ideyaları sovet dövrünün ilk illərində daha sistemli və təşkilati şəkildə davam etdirilmiş, mətbuat vasitəsilə geniş ictimai müzakirəyə çıxarılmışdır.
Əlifba məsələsinə son elmi təsdiq 1926-cı il fevralın 26-dan martın 5-dək Bakıda keçirilən I Beynəlxalq Türkoloji Qurultayda verildi. Qurultayın 9–13-cü iclaslarında “Son Türk əlifbası” layihəsi qəbul edildi və qərara əsasən, bütün türkdilli respublikaların mərhələli şəkildə latın qrafikasına keçməsi təsdiqləndi. Bu qərar türk xalqları arasında mədəni və elmi inteqrasiyanın rəmzi kimi qəbul olundu.
Sovet hökumətinin dəstəyi ilə həyata keçirilən bu islahat 1929-cu il yanvarın 1-dən tam qüvvəyə mindi. Həmin tarixdən etibarən ərəb əlifbasının istifadəsi qadağan edildi, dini mətnlər və köhnə kitablar kütləvi şəkildə müsadirə olundu və yandırıldı. Bu kampaniyanın məqsədi təkcə yazını dəyişmək deyil, həm də ictimai yaddaşın yönünü yeni ideoloji məcraya çevirmək idi.
Azərbaycanın 1923-cü ildə latın qrafikasını qəbul etməsi beynəlxalq miqyasda, xüsusilə Türkiyədə böyük maraq doğurdu. Türkiyə mətbuatında bu addım “Türk dünyasının mədəni yaxınlaşması istiqamətində tarixi hadisə” kimi qiymətləndirildi. Azərbaycanın bu təşəbbüsündən beş il sonra, 1928-ci ildə Türkiyə Cümhuriyyəti də Atatürkün rəhbərliyi ilə latın əlifbasına keçid islahatını həyata keçirdi.
Lakin bu mədəni yaxınlaşma uzun sürmədi. Stalin dövründə Sovet İttifaqı rəhbərliyi türkdilli respublikalar arasında ortaq mədəni əlaqələrin qarşısını almaq məqsədilə latın qrafikasını kiril əlifbası ilə əvəz etdi. Bu addım türk xalqları arasında ortaq dil və mədəni inteqrasiyanın qarşısını almağa yönəlmiş siyasi qərar idi.
Namiq ƏHMƏDOV
XQ




