“Sonuncu qonaq” tamaşasının premyerası olub

post-img

Sumqayıt Dövlət Dram Teatrı 10 Mart – Milli Teatr Gününü yeni səhnə əsərinin premyerası ilə qeyd edib.

Tanınmış tatar dramaturqu Taufiq Minullinin “Ərmağanlı Əlməndər” əsəri əsasında hazırlanan “Sonuncu qonaq” tamaşası tamaşaçılara təqdim olunub.

Premyeranı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, yerli dövlət qurumlarının rəhbərləri, teatr xadimləri və mətbuat nümayəndələri izləyiblər.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü Valeh Kərimovdur. Tamaşanın quruluşçu rəssamı Nizami Dadaşev, musiqi tərtibatçısı Gülcahan Yusifova, rejissor köməkçisi Ləman Məmmədli, rəqslərin quruluşçusu isə Kamil Ağazadədir. Səhnə əsərində Əməkdar artistlər Fəranə Musayeva və İlahə Səfərova, aktyorlar Oktay Mehdiyev, Akif Mirzəyev, Şəms Abdullayeva, Füzuli Qərənizadə, Elay Xasiyev və Aynur Hümmətova rol alırlar.

“Sonuncu qonaq” fəlsəfi çalarları, incə yumoru və dramatik qarşıdurmaları ilə seçilən səhnə əsəridir. Əsərin mərkəzində əzrail tərəfindən unudularaq yer üzündə qalan, həyata möhkəm bağlanan 91 yaşlı qoca Əlməndər dayanır. Həyat eşqi sönməyən, yenidən sevgi və macəra axtarışında olan Əlməndər gözlənilməz qonaq – Əzraillə üz-üzə qalır. Tamaşa boyunca həyat və ölüm, insanın iradəsi, sevgi, zaman və taleyin qaçılmazlığı dərin fəlsəfi prizmadan təqdim olunur.

Sonda isə Əlməndər taleyi ilə barışaraq son qərarını verir. Tamaşanın sonunda Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək kollektivə Milli Teatr Günü münasibətilə təbriklərini çatdırıb. Milli Teatr Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştiraklarına görə teatrın bir qrup əməkdaşına Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. 

















Mədəniyyət