“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icra nəticələri davamlı inkişaf üçün yeni strateji baxışın əsas sütunlarını müəyyənləşdirir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkədə davamlı iqtisadi artımın təmin edilməsi, institusional islahatların dərinləşdirilməsi və inklüziv inkişafın gücləndirilməsi baxımından əsas çərçivə sənədi kimi çıxış edir. Strategiyanın icrası nəticəsində əldə olunan göstəricilər növbəti mərhələdə qəbul ediləcək strateji qərarlar üçün etibarlı analitik əsas formalaşdırır.
Sərəncamın 4-cü bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçirilir. Bu proses icra nəticələrinin sistemli təhlilini, institusional və sektorlar üzrə irəliləyişlərin qiymətləndirilməsini, həmçinin mövcud çağırışların və yeni imkanların müəyyən edilməsini əhatə edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Strategiyanın icra vəziyyəti, əldə olunan əsas nəticələr və bu nəticələrin 2027–2030-cu illər üçün hazırlanan yeni sosial-iqtisadi inkişaf strategiyasının konseptual sütunlarının formalaşmasına verdiyi töhfələr barədə XQ-nin suallarını cavablandırıb.
-2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının icrasının monitorinq və qiymətləndirilməsi hansı əsas məqsədlərə xidmət edir?
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ölkədə dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsinə xidmət edir və bu istiqamətdə dövlət siyasəti üçün əsas çərçivəni formalaşdırır. Sənədin icrasının monitorinqi və qiymətləndirilməsi dövlət başçısı tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb ki, bu proses Strategiya çərçivəsində müəyyənləşdirilmiş hədəflərin icra vəziyyətinin obyektiv izlənməsinə, resurslardan səmərəli istifadənin təmin edilməsinə və əldə olunan nəticələr əsasında vaxtında əsaslandırılmış idarəetmə qərarlarının qəbuluna zəmin yaradır.
Strategiya sənədi digər dövlət proqramları və fəaliyyət planları üçün baza sənədi hesab edilə bilər. Bu əsasda monitorinq və qiymətləndirmənin mühüm fərqləndirici xüsusiyyətləri var. Belə ki, Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş Metodoloji Çərçivə sənədi və dövlət başçısının Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi” Qaydası əsas tutularaq Strategiya üzrə “Elektron Hesabatlılıq Portalı” (www.azerbaijan2030.gov.az) vasitəsilə monitorinq və qiymətləndirmə aparılır. Bu çərçivədə Mərkəz Dövlət Proqramının Tədbirlər Planı üzrə əsas və digər icraçı qurum qismində müəyyən edilmiş 60-a yaxın dövlət qurumu və orqanları ilə sıx və sistemli koordinasiya, eləcə də davamlı kommunikasiya təmin edir. Mühüm fərqləndirici məqamlardan biri odur ki, Strategiyanın həyata keçirilməsi və koordinasiyası məqsədilə Nazirlər Kabinetinin tabeliyində yaradılmış 8 işçi qrup monitorinq və qiymətləndirmə kontekstində hökumət proqramlarının icrasının əlaqələndirilməsində mühüm rol oynayır. Onlar Mərkəzin rəhbərliyi ilə nəticəyönümlü monitorinq sisteminə inteqrasiya olunaraq məlumatların toplanması, təhlili və hesabatların hazırlanmasını koordinasiya edirlər. Bu qruplar vasitəsilə müxtəlif dövlət qurumlarının məlumat mübadiləsi vahid platformada həyata keçirilir, nəticədə qərarvermə daha çevik və sübutlara əsaslanmış olur. İşçi qrupları həmçinin problemlərin erkən aşkarlanması və risklərin idarə olunması baxımından effektiv mexanizm kimi çıxış edir və dövlət proqramlarının icrasında koordinasiyalı yanaşmanı təmin edir.
Eyni zamanda, Strategiyanın monitorinq və qiymətləndirilmə prosesində layihə və proqram idarəetməsi beynəlxalq yanaşmalar əsasında tətbiq olunur. Belə ki, fəaliyyətdə olan “Layihə idarəetməsi” modulu vasitəsilə icra mərhələləri real vaxt rejimində rəqəmsal platforma vasitəsilə izlənilir və bütün proseslər ortamüddətli xərclər çərçivəsi ilə uzlaşdırılaraq nəticəyə əsaslanan qərarqəbuletmə təmin edilir.
Bunlardan əlavə, monitorinq və qiymətləndirmə prosesinin effektiv aparılması məqsədilə bölgələrə səfərlər təşkil edilir və icra olunan aidiyyəti layihələrə, o cümlədən yenidənqurma və bərpa işlərinə, həmçinin infrastruktur və digər obyektlərə, ümumilikdə görülmüş işlərə yerində baxış keçirilir, müvafiq hesabatlar və təkliflər hazırlanaraq ali rəhbərliyə təqdim edilir. Belə ki, cari dövrədək 5 strateji siyasət sənədi üzrə, o cümlədən Strategiya çərçivəsində səfərlər təşkil edilib. Xüsusilə vurğulamaq lazımdır ki, ötən ilin may ayında Xızı–Abşeron Külək Elektrik Stansiyası və Qaradağ Günəş Elektrik Stansiyasına həyata keçirilmiş səfərlər çərçivəsində icra vəziyyəti yerində qiymətləndirilib, müşahidələr nəticəsində əsaslandırılmış rəy və təkliflər formalaşdırılıb. Səfərlər zamanı əldə olunan məlumatlar monitorinq və qiymətləndirmə hesabatlarında nəzərə alınaraq keyfiyyətin daha da artırılmasına mühüm töhfə verir.
-2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində hansı mühüm nəticələrə nail olunub, monitorinq nəticələrinə görə ölkədə sosial-iqtisadi inkişafın mövcud vəziyyəti hansı səviyyədədir, bu nəticələr perspektiv üçün nə vəd edir?
-Əvvəlcə qeyd edim ki, 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyası dayanıqlı, innovativ və sosial ədalətə əsaslanan inkişaf modelini formalaşdırır. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişaf meyilləri qorunub saxlanılıb. Bu dövrdə Ümumi Daxili Məhsul 1,4 faiz artıb, qeyri-neft-qaz sektorunda artım 2,7 faiz təşkil edib.
Eyni zamanda, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 14,2 milyard ABŞ dolları artaraq 85,2 milyard ABŞ dollarına çatıb. Manat ifadəsində bu göstərici 145 milyard manat təşkil etməklə, 2025-ci il üzrə gözlənilən ÜDM həcmini üstələyir. Hazırda strateji valyuta ehtiyatlarının xarici dövlət borcundan təxminən 18 dəfəyə qədər çox olması ölkənin maliyyə dayanıqlığının daha da möhkəmləndiyini göstərir.
2025-ci il ərzində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı 3,6 milyard ABŞ dollarını ötüb. 2022-ci ildən bəri olan inkişaf dinamikası göstərir ki, qeyri-neft ixracı artıq 14 milyard dollara yaxın həcmdə reallaşıb. Bu artım iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm nəticədir. Eyni zamanda, 2022-ci ildən bəri qeyri-neft sektoruna 6 milyard ABŞ dollarından çox birbaşa xarici investisiya cəlb olunub.
İllik inflasiya səviyyəsinin 4±2 diapazonunda, habelə məcmu dövlət borcunun ÜDM-ə nisbəti və icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft-qaz ÜDM-ə nisbəti ilə bağlı müəyyən edilmiş makro-fiskal çərçivədə saxlanılması Strategiyanın icrası dövründə təmin edilib.
Son illərdə əmək bazarında rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Peşə və kvalifikasiya standartlarının yaradılması bu prosesin əsas dayaqlarından biridir. Hazırda “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə 1 600-dən çox standart mövcuddur ki, bu da əmək bazarında təklif və tələbin daha effektiv uyğunlaşdırılmasına imkan verir.
Azərbaycan rəqəmsal transformasiya sahəsində regionda öncül mövqeyini möhkəmləndirir. Yüksək və orta-yüksək texnoloji sənayenin əlavə dəyərinin ümumi əlavə dəyərdə xüsusi çəkisi 13%-ə çatıb. Qeyd edək ki, bu göstərici üzrə 2026-cı ildə 15%-ə nail olunması əsas hədəflərdən biridir. Bununla yanaşı, bu Strategiyaya istinadən ölkə başçısının müvafiq Sərəncamları ilə təsdiq olunmuş Süni İntellekt Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiyanın qəbul edilməsi Azərbaycanın texnoloji inkişafında yeni mərhələni müəyyənləşdirir.
Təhsil, elm, səhiyyə və rəqəmsal transformasiya sahələrində həyata keçirilən ardıcıl islahatlar müasir bilik və bacarıqlara malik, sağlam və rəqabətqabiliyyətli nəsil formalaşdırmağa yönəlib. 2025–2026-cı tədris ilində 225 mindən çox uşaq məktəbəhazırlığa cəlb edilib, 80-dən artıq məktəb isə əsaslı şəkildə yenilənib. Peşə təhsilində də artıq modern yanaşmalar tətbiq olunur. Bakı və Lənkəran Peşə Təhsil Mərkəzlərində yenidənqurma işləri başa çatıb, adambaşı maliyyələşmə modeli çərçivəsində minlərlə gənc əmək bazarına uyğun ixtisaslar üzrə təhsil alır.
Ekoloji tarazlığın qorunması, bərpa olunan enerji mənbələrinin payının artırılması və təmiz istehsal texnologiyalarının tətbiqi istiqamətində də ötən icra dövründə mühüm addımlar atılıb. Hidrometeoroloji müşahidələrin gücləndirilməsi məqsədilə ölkədə hava və su resurslarının monitorinqini daha operativ və dəqiq aparmağa imkan verən onlarla avtomat meteoroloji, hidroloji və radar sistemi quraşdırılıb. Kənd təsərrüfatında süni intellektə əsaslanan idarəetmə sistemləri və ekoloji təmiz istehsal texnologiyaları artıq bir çox təsərrüfatlarda sınaqdan keçirilir.
Enerji sektorunda qəbul edilən “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında” Qanunlar bu sahədə müasir tənzimləyici çərçivənin formalaşmasına mühüm töhfə verib. Azərbaycanın enerji xəritəsində əlamətdar hadisələrdən biri “Masdar” şirkəti tərəfindən inşa edilən 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının açılışı olub. Bununla yanaşı, “8 Noyabr” Elektrik Stansiyasının istismara verilməsi ölkənin enerji təhlükəsizliyini daha da gücləndirib. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində bərpa olunan enerji mənbələrinin payı 17,3 faizdən 20,8 faizə yüksəlib, bu isə Azərbaycanın “yaşıl enerji” strategiyasına sadiqliyinin göstəricisidir. Həmçinin burada diqqətə çatdırmaq yerinə düşər ki, su elektrik stansiyaları da daxil olmaqla, bərpa olunan enerji mənbələri üzrə ümumi qoyuluş gücü 1796 MVt-a çatıb və ölkə üzrə elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 20,8% təşkil edib. Bu tədbirlər nəticəsində artıq söyləmək olar ki, ölkə həm enerji təhlükəsizliyini möhkəmləndirir, həm də iqlim dəyişmələrinin təsirlərinin azaldılması istiqamətində regional lider kimi mövqeyini gücləndirir.
Nəticə etibarilə, iqtisadi sabitlik, rəqabətqabiliyyətli insan kapitalı, rəqəmsal transformasiya və “yaşıl artım” istiqamətində əldə edilən nəticələr ölkəmizin milli prioritetlərə uyğun şəkildə modern, inklüziv və uzunmüddətli inkişaf yolunda inamla irəlilədiyini təsdiqləyir.
-2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının icrası zamanı tətbiq edilən rəqəmsal və nəticəyönümlü monitorinq yanaşması gələcək strateji sənədlərin keyfiyyətinə necə təsir edəcək?
2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının icrası zamanı tətbiq edilən rəqəmsal və nəticəyönümlü monitorinq yanaşması ilk növbədə qərarqəbuletmə prosesinin faktlara əsaslanmasını gücləndirir və strateji sənədlərin hazırlanmasında keyfiyyətcə yeni mərhələyə keçidi təmin edir. Bu yanaşma icra prosesindən real vaxt rejimində əldə olunan məlumatların sistemli təhlilinə, hədəflərlə faktiki nəticələr arasında əlaqənin daha dəqiq qurulmasına və növbəti strateji sənədlərdə ölçülə bilən, icrası mümkün və nəticəyə fokuslanan məqsədlərin formalaşdırılmasına imkan yaradır.
Hazırda müvafiq portal üzərindən hesabatlılığın təmin olunması ilə bağlı bütün proseslər tam rəqəmsal əsasda həyata keçirilir. Monitorinq və qiymətləndirmə prosesləri rəqəmsal platformalar və artıq cari ildən mərkəzləşmiş şəkildə “Vahid Elektron Hesabatlılıq Portalı” üzərindən həyata keçirilir ki, bu da şəffaflığı, hesabatlılığı və operativliyi əhəmiyyətli dərəcədə artırır. Hesabat dövrlərinə uyğun olaraq məlumatların təqdim edilməsi avtomatlaşdırılmış mexanizmlər vasitəsilə icraçı qurumların şəxsi kabinetlərinə yönləndirilir, formalaşan böyük həcmli və strukturlaşdırılmış məlumatlar isə elektron mühitdə təhlil üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə ötürülür.
Qlobal təcrübə də göstərir ki, insan resurslarının məhsuldarlığını artıran və əməliyyat risklərini azaldan süni intellekt həlləri monitorinq və qiymətləndirmə proseslərində artıq effektiv şəkildə tətbiq olunur. Bu çərçivədə təbii dilin emalı alqoritmləri mətn əsaslı məlumatların sürətli emalı, yoxlanılması və analizi ilə yanaşı, əldə edilən nəticələr əsasında tendensiyaların proqnozlaşdırılmasına və resursların daha rasional bölüşdürülməsinə imkan yaradır.
Məhz bu yanaşma əsasında Mərkəzin mövcud portallarında “location intelligence” alqoritmləri və “chat-bot” interfeyslərinin tətbiqi istiqamətində işlər aparılıb. Coğrafi məlumatların vizuallaşdırılması Strategiya çərçivəsində görülən işlərə əyani baxışı təmin etməklə monitorinqin effektivliyini artırır və müxtəlif məlumat mənbələrinin vahid ağıllı xəritədə birləşdirilməsi yeni analitik baxış imkanları yaradır. Ümumilikdə, süni intellekt alətlərinin monitorinq və qiymətləndirmə proseslərinə inteqrasiyası insan resursu ilə texnoloji imkanların sinerji şəklində istifadəsini təmin edir və qərarqəbuletmə prosesinin daha çevik, dəqiq və nəticəyönümlü təşkilinə xidmət edir.
Mərkəzin monitorinq və qiymətləndirmə məqsədilə formalaşdırdığı müasir rəqəmsal platformalar layihələrin icrasına nəzarətdə və qərarların dəstəklənməsində data analitikası, coğrafi informasiya texnologiyaları, videomüşahidə sistemləri və süni intellekt imkanlarının tətbiqi ilə seçilir. Bu sistemlər OECD/DAC standartlarına əsaslanaraq layihələrin effektivliyini, səmərəliliyini və dayanıqlılığını qiymətləndirir. Eyni zamanda “Earned Value Management” (EVM) və “Risk Heat Map” kimi beynəlxalq metodlar tətbiq olunur. Nəticədə qərarvermə daha sübutlara əsaslanır, proqram idarəetməsi isə daha şəffaf və nəticəyönümlü olur.
Mərkəz təsis edildiyi dövrdən etibarən təqribən 40-dək strateji siyasət sənədinin monitorinq və qiymətləndirilməsini həyata keçirib. Xüsusən də, bu strateji sənədlərin demək olar ki, yarısından çoxu məhz son iki ildə təsdiq edilib. Hazırda icrası davam edən və ya yeni qəbul olunmuş 24 strateji sənəd üzrə proses müvafiq qaydada davam etdirilir.
Mərkəzin monitorinq və qiymətləndirmə mexanizmi beynəlxalq səviyyədə də tanınıb və ABŞ, Birləşmiş Krallıq və BƏƏ-də yerləşən beynəlxalq media qurumları tərəfindən 10-dan artıq beynəlxalq mükafatla təltif olunub. Bu faktlar Azərbaycanın innovativ ekosisteminin formalaşmasında institusional potensialın gücləndiyini və qlobal inkişaf meyarları ilə uyğunlaşmanın dərinləşdiyini göstərir.
Sonda onu qeyd edim ki, bu il həmçinin ölkə rəhbərliyi tərəfindən növbəti illərdə daha mürəkkəb çağırışlar və geniş imkanlarla xarakterizə olunan yeni mərhələyə daxil olmağı nəzərə alaraq, “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın layihələrinin hazırlanması barədə tapşırıq verilib. Qeyd olunmalıdır ki, məhz sözügedən sənədlərin layihələri də əvvəlki strateji sənədlər və dövlət proqramları üzrə aparılmış monitorinq və qiymətləndirmə nəticələri üzrə Mərkəzin təcrübələri, əldə edilmiş nailiyyətlər, müəyyən edilmiş boşluqlar və icra prosesində üzə çıxan çağırışlar, ortamüddətli dövr üçün nəzərdə tutulmuş resurslar nəzərə alınmaqla hazırlanır, demək olar ki, artıq yekunlaşma ərəfəsindədir.
Nəticə etibarilə, tətbiq edilən rəqəmsal və nəticəyönümlü monitorinq yanaşması əvvəlki təcrübə üzrə toplanmış sübutlara əsaslanaraq növbəti strateji sənədin daha real, ölçülə bilən, icrası mümkün və risklərə davamlı şəkildə hazırlanmasını təmin etməklə onların ümumi keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.
Son illərdə aparılan sistemli monitorinq və qiymətləndirmə nəticələri göstərir ki, iqtisadi idarəetmədə tətbiq olunan yeni yanaşmalar real nəticələr formalaşdırır və dövlət siyasətinin icrasını daha çevik və əsaslandırılmış edir. Qeyri-neft sektorunun artan rolu, maliyyə dayanıqlığının güclənməsi və rəqəmsal idarəetmə alətlərinin geniş tətbiqi bu Strategiyanın əsas institusional töhfəsi və bir növ “mirası” kimi çıxış edir. Məhz bu nəticələr sosial rifahın, məşğulluğun və gəlirlərin uzunmüddətli artımı üçün real zəmin yaratması ilə yanaşı, növbəti dövr üçün strateji qərarların daha dəqiq, ölçülə bilən və uzunmüddətli inkişaf hədəflərinə uyğun şəkildə formalaşdırılmasına imkan verir.
Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ

