Qardaşlığın Oljas Süleymenov zirvəsi

post-img

 Şair-tərcüməçi Akif Əhmədgil ilə “Az i YA” müəllifinin poeziyasının cazibəsi barədə söhbət 

– Akif müəllim, gəlin söhbətə “Az i Ya”dan başlayaq. Axı, Oljas Süleymenovun adı gələndə ilk yada düşən bu məşhur kitab olur. Siz bu əsərdəki nəzm parçalarını dilimizə tərcümə edibsiniz. Necə oldu ki, bunu məhz sizə həvalə etdilər? 

– Mən görkəmli türkoloq, tənqidçi Aydın Məmmədovun təklifi ilə bunu öz öhdəmə götürdüm. Amma bu suala müfəssəl cavab verməzdən əvvəl tələbəlik illərimə dönməli olacağam. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində I kursda oxuyurdum. Abuzər İsmayılov adlı bir qocaman müəllimimiz vardı, bizə “Qədim rus ədəbiyyatı” fənnindən dərs deyirdi. Bir dəfə onun dərsində söz Oljas Süleymenovun o illərdə yenicə işıq üzü görən və dərhal millәtçilik damğası ilə yasaq edilәn “Az i Ya” kitabından düşdü. Heç yadımdan çıxmır, Abuzər müəllim auditoriyada bir qədər ehtiyatla, bir o qədәr dә qürur hissilə kitabı tapıb mütaliə etməyimizi tövsiyə etdi. 

Qısa müddət sonra “Az i Ya” kitabı BDU-nun yataqxanasındakı tələbələr arasında əl-əl gəzirdi. Əlbəttə, bu çox dəyərli əsəri mən də diqqətlə oxudum. Çüx qürurlandım. Amma o vaxt heç cür ağlıma gәlmәzdi ki, üstündən 10-15 il keçəcək, respublikamızda Tərcümə Mərkəzi yaranacaq, ora Aydın Məmmədov kimi milli ruhlu, işıqlı insan, istedadlı tənqidçi rəhbərlik edəcək və o “Az i Ya”dakı şeirlәri dilimizə çevirmәyi mənə həvalə edəcək. Aydın müəllim tərcüməmdən razı qalmışdı, mənə yüksək qonorar da yazmışdı. Xeyli pul idi, həmin pula nişan üzüyü almışdım.

Aydınlıq gətirmək üçün xatırladım ki, mən yalnız oradakı şeirləri tərcümə etmişəm, kitabı, bütövlükdə, Azərbaycan dilinə ustad tərcüməçi Natiq Səfərov çevirib. 

–Sizin böyük şairlə tanışlığınız nə vaxt və necə başladı? 

– 1987-ci ilin yayında Alma-Ata şəhərində Ümumittifaq Poeziya Festivalı keçirilirdi. Ora keçmiş ittifaqın, demək olar ki, bütün respublikalarından çox sayda gənc istedadlı şair və tərcüməçini dəvət etmişdilər. Respublikamızı festivalda mən təmsil edirdim. O vaxt görkəmli şair Məmməd İsmayılın baş redaktoru olduğu “Gənclik” jurnalında çalışırdım. 

Qeyd etmək lazımdır ki, festivalın məhz Qazaxıstan paytaxtında keçirilmәsi heç də tәsadüfi deyildi. Yəqin ki, yadınızdadır, 1986-cı ilin dekabrında keçmiş SSRİ-nin başçısı Mixail Qorbaçov gözlənilmədən milliyyətcə qeyri-qazax olan bir nəfər partiya funksionerini (Kolbin nəzərdə tutulur-red.) Qazaxıstanda xalqın sevimlisi, akademik Dinməhəmməd Kunayevin yerinə birinci katib təyin etmişdi.

Qazax xalqı, xüsusilə də vətənpərvər gənclər buna kəskin etiraz etmişdilər. Paytaxtın mərkəzi meydanına izdihamlı mitiqnlər başlanmış, Kremlin əmrilə etirazçılara qarşı odlu silahlardan atəş açılmışdı. Xeyli ölən və yaralananlar olmuşdu. Hətta qazaxıstanlı bir gənc şairə kütlə qarşısında milli ruhda şeir oxuduğuna görə ölüm hökmü kәsilmişdi. 

Alma-Atada poeziya festivalında iştirak edən gənc şairlər bu ədalətsiz hökmün lәğv olunması üçün etiraz aksiyası keçirdilər. Moskvanın və Alma–Atanın rəsmi şəxslərinə festival iştirakçıları adından müraciət ünvanlandı. Sənədə ilk imza atanlardan biri də mən idim. Festival iştirakçılarının bu addımı o vaxt ittifaq mətbuatında geniş əks-səda doğurmuşdu. Yadımdadır, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Nursultan Nazarbayev (sonradan uzun illər Qazaxıstan dövlətinə başçılıq etmişdir-müəllif) kabinetində bizi qəbul edib xeyli söhbət etdi. 

O dövrdə Oljas Süleymenov Qazaxıstan Yazıçılar İttifaqının birinci katibi vəzifəsinə yenicə seçilmişdi. O, festival iştirakçılarını çox səmimi qarşıladı, bizimlə bir neçə dəfə görüşdü. Hətta yaxşı bir qonaqlıq verdi. Şairlə ünsiyyət zamanı onun həyatda çox sadə, mehriban və xeyirxah bir insan olduğunun şahidi oldum. O, mənim Bakıdan gəldiyimi biləndə buna çox sevindi. Ayrılanda Azərbaycandakı dostlara, xüsusilə dostu Aydın Məmmədova onun səmimi salamlarını çatdırmağımı xahiş etdi. Qeyd etməliyəm ki, Oljas Süleymenovun Azərbaycanda dostları əvvəllər də olub, indi də çoxdur, amma qazaxıstanlı şairin rəhmətlik Aydın Məmmədova xüsusi rəğbəti vardı. 

Oljas Süleymenovla ünsiyyət məndə onun poeziyasına marağımı daha da artırmışdı. O vaxtdan şairin çox sayda şeirlərini dilimizə tərcümə etməyə başladım. Oljas Süleymenevun “Kuban nəğməsi” adlı məşhur şeirlər kitabı var. O əsəri şair dostum Elxan Zal ilə dilimizə çevirmişik. Bu nəşrə görə hər ikimiz nüfuzlu “Qızıl Kəlmə” mükafatına layiq görülmüşük. 

– Siz bu gün şairin ən yaxşı tərcüməçilərindən biri sayılırsınız. Sizcə, Oljas Süleymenov poeziyasını milyonlarla oxucu üçün bu qədər cazibəli edən nədir? 

– Bu, yaxşı sualdır. Dərhal fikrimi bildirmək istəyirəm. Oljas Süleymenov şeiriyyatının gücü qazax xalqının azad, müstəqil, xoşbəxt yaşamaq arzusundan qaynaqlanır. 

Oljas Süleymenov şeirləri tərcüməyə rahat gələn şairlərdən deyil. Ona görə ki, bu şeirlər ağır məna yükü daşıyır, onların dərin sətiraltı mənaları var, məzmunu çox dolğundur. Bir daha vurğulamaq istəyirəm ki, Oljasın poeziyasında, ilk növbədə, qazax xalqının azadlıq ruhu təcəssüm olunur. 

Yeri gəlmişkən, Oljasın şeirlərinin tərcüməsi ilə bağlı dəfələrlə qardaş ölkəyə səfər etməli olmuşam və hər dəfə də müəlliflə görüşərək onunla bir çox məqamları dəqiqləşdirmişəm. Şairin təklifilə Qazaxıstanın ayrı-ayrı bölgələrinə səfərlər etmişəm, hər dəfə də sadə insanlarla görüşüb onların arzu və düşüncələri ilə yaxından tanış olmuşam. Qazaxıstana səfərlərim zamanı yurtalarda kımıs, şubat içә-içә, qazax dilində әzizlәmә mәnasında işlәnәn “ayçalayn” (yәni “dәrdin alım, başına dönüm” ifadələrini eşidә-eşidә, qazax şeirinin, Oljas misrasının istisinә tapınmışam. 

Böyük şair dəfələrlə məndən onun şeirlərinin Azərbaycan dilində səsləndirməyimi xahiş edib. Bu zaman o, demək olar ki, hər dəfə belə bir fikri vurğulayırdı ki, Azərbaycan şeirinin dili böyük İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin yüksək poetik təfəkkürünün qüdrəti ilə cilalanıb. Ona görə belə səlis və musiqilidir. Oljas Süleymenov, həqiqətən, Azərbaycan poeziyasının vurğunudur. 

Bu yerdə belə bir məqamı qeyd etməmək ədalətsizlik olardı. Oljas Süleymenov çağdaş qazax şeirinin və poetik dilinin yaradıcılarındandır. Bu sahədə onun xidmətləri danılmazdır. Bir qüdrətli yaradıcı insan kimi onun taleyinə qazax şeirini dünya poeziyasının zirvələrinə daşımaq missiyası düşüb. Oljas bu missiyasını böyük şərəflə yerinə yetirir! 

– Oljas Süleymenov xalqımızın ən yaxın, etibarlı dostlarındandır. Onun 20 Yanvar faciəsinin ilk saatlarında təcili surətdə Bakıya gəlişi, istiqlal savaşına qalxan xalqımıza birmənalı dəstək verməsi heç vaxt yaddaşlardan silinməyəcək... 

– Bakıda zamanın komendant saatı ilә ölçüldüyü həmin dar macalda Oljas Azәrbaycana gəlişinin nә demәk olduğunu düşünəndə bu günün özündə belə qəlbimiz qürur hissilə çırpınır! Yeri gəlmişkən, o zaman yenicə çapdan çıxan, əl-əl gəzən “Qara Yanvar” kitabının nəşrində də Oljas Süleymenovun da zəhməti vardı. Təəssüf ki, bu faktı hələ də çoxları bilmir.

Oljas Süleymenovun bu addımı türk qardaşlığı, qeyrət və fədakarlığının həqiqi nümunəsi idi. Az qala, bütün dünyadan tәcrid olunduğumuz, informasiya blokadasına məruz qaldığımız o ağır günlərdə, böyük şair azadlıqsevər xalqımızla həmrəy olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Xatirimdədir, Oljas Süleymenovun partlayışdan bir müddət sonra bərpa olunmuş Azәrbaycan televiziyası ilə çıxışını ölkəmizin ən ucqar kəndlərində belə diqqətlə izləmişdilər. Mən o günlərdə Tovuza, kәndimizә baş çәkmәyә getmişdim. Rəhmətlik anam fəxrlə Oljasın televiziyadakı çıxışını dinlədiyini söylədi. Çox həyəcanlı idi, tez-tez üzünü yana çevirib göz yaşlarını məndən gizlәtməyə çalışırdı. Bakıya qayıdarkən öz əli ilə bişirdiyi isti təndir çörəyini böyük şairə çatdırmağımı xahiş etdi. 

Mən Bakıya qayıdıb 20 Yanvar günlәrindә telefon zәngindәn tutmuş atdığı hər bir addımı qarış-qarış izlәnilәn bir vaxtda “İnturist” mehmanxanasına Oljas Süleymenova zәng etdim. Oljas Aydın Mәmmәdovun da onun otağında olduğunu söylədi. Razılaşdıq ki, ertəsi gün səhər tezdәn mehmanxananın qarşısında görüşüb bir yerdә səhər yemәyinә gedəcək. 

Lakin səhərisi gün mәni mehmanxananın qarşısında Aydın Məmmədovun sürücüsü qarşıladı və Oljas Süleymenovun təcili olaraq Mərkəzi Komitəyə çağırıldığını bildirdi. Beləcə, Oljas Süleymenovla o gün görüşə bilmədim. 

– Ananızın bişirdiyi həmin təndir çörəyini Oljas Süleymenova çatdıra bildinizmi?

– Təəssüf edirəm ki, çatdıra bilmədim. Yaxşı ki, anam bunu bilmədi. O, çox istəyirdi ki, Oljas Süleymenov kəndimizin çörəyindən dadsın!

Məsaim ABDULLAYEV
XQ



Müsahibə