Vyetnamın şimal-şərqindəki Laokay əyalətinin Lukyen qəsəbəsində Azərbaycan Respublikasının dəstəyilə inşa edilən məktəb binasının yeni korpusunun açılışı olub. Çan Fu ibtidai məktəbi üçün bina 2024-cü il sentyabrın 7-8-də “Yaqi” qasırğasının fəsadlarının aradan qaldırılmasına dəstək məqsədi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin maliyyəsi hesabına inşa edilib.
Əyalətin Xalq Komitəsinin sədr müavini Vu Thi Hien Hanh məktəb binasının Azərbaycan və Vyetnam arasında dostluq və əməkdaşlığın rəmzi, dost Azərbaycanın qiymətli hədiyyəsi olduğunu deyib. Ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə xalqlarımız arasında dostluğun böyük tarixi olduğunu vurğulayıb.
Sonra məktəb binasının Azərbaycan tərəfindən inşa edilməsinə dair məlumatın əks olunduğu lövhənin üzərindən örtük götürülüb, binada yaradılan şəraitlə tanışlıq olub.
Qeyd edək ki, təxminən, 1400 şagirdin təhsil aldığı Çan Fu ibtidai məktəbi üçün inşa edilən üçmərtəbəli binanın ümumi sahəsi 825 kvadratmetrdir.
XQ

