5 yaşlı Caliber.Az informasiya məkanında etimad qazanıb

post-img

Portalın direktor-baş redaktoru Teymur Hüseynov: Xəbər faktı göstərir, təhlil isə onun mahiyyətini açır

Caliber.Az informasiya-analitik portalı beş ildir ki, Azərbaycanın informasiya məkanında özünəməxsus yer tutan media platformalarından biri kimi fəaliyyət göstərir.

2021-ci il martın 10-dan fəaliyyətə başlayan portal ötən müddət ərzində geniş oxucu auditoriyası qazanaraq ölkəmizdə, regionda və bütövlükdə, dünyada baş verən aktual hadisələrə, siyasi proseslərə operativ reaksiyası, analitik materialları, eksklüziv xəbərləri və dəqiqliyi ilə diqqət çəkir. Xüsusilə, Cənubi Qafqaz olaylarının işıqlandırılmasında, Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Caliber.Az-ın mühüm rolu var.

Portalın rus və ingilis dillərində kontentləri informasiya məkanında daha geniş auditoriyaya çıxış imkanlarını artırır və regionda gedən proseslərin fərqli auditoriyalara çatdırılmasına xidmət edir. İnformasiya resursunun ilk yubiley yaşına çatması münasibətilə Caliber.Az-ın direktor–baş redaktoru Teymur Hüseynovla söhbətimiz saytın yaranma məqsədi, fəaliyyət prinsipləri və gələcək planları barədə oldu.

– Teymur müəllim, Caliber.Az beş ildir fəaliyyət göstərir. Bu müddətdə portalın əsas missiyası və redaksiya xətti necə formalaşıb? Sizcə, sayt Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından hansı boşluğu doldura bilib?

– Caliber.Az yarandığı gündən fəaliyyətini yalnız xəbər yayımı ilə məhdudlaşdırmayıb. Analitik məqalələr, dərin təhlillər və proseslərə sistemli baxış redaksiya siyasətimizin əsas istiqamətlərindən biri olub. Bizim üçün vacib olan təkcə informasiyanı çatdırmaq deyil, eyni zamanda, baş verənlərin arxa planını, mahiyyətini və mümkün nəticələrini də oxucuya göstərməkdir. Məhz buna görə fəaliyyətimizi faktlara söykənən, arqument və məntiqə əsaslanan jurnalistika prinsipləri üzərində qurmuşuq. Məqsədimiz informasiyanı həm yerli, həm də xarici auditoriyaya anlaşılan və əsaslandırılmış şəkildə təqdim etməkdir.

Düşünürəm ki, Caliber.Az bu sahədə mühüm boşluğu doldura bilib. Uzun illər regionla bağlı beynəlxalq platformalarda Azərbaycan haqqında ya qərəzli, ya da natamam təsəvvür formalaşdırılırdı. Biz həmin boşluğu fakt, mənbə, kontekst və analitika ilə doldurmağa çalışdıq. Məqsədimiz həqiqəti sübutlar, ardıcıl məntiq və peşəkar təqdimat vasitəsilə göstərmək olub.

– Portalın fəaliyyətində diqqətçəkən məqam operativ və bir çox hallarda eksklüziv informasiya və rəylərin təqdim edilməsidir. 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlı ilk məlumatı məhz Caliber.Az yayımlamışdı. Bu cür məlumatları əldə etmək və yoxlamaq üçün redaksiya hansı prinsiplərlə işləyir?

– Operativlik bizim üçün vacibdir, amma operativlik heç vaxt dəqiqliyin hesabına olmamalıdır. Redaksiyada əsas prinsipimiz budur ki, hətta ən sensasiyalı məlumat belə bir neçə mərhələli yoxlamadan keçmədən yayımlanmamalıdır. Mənbə ilə işləmək, məlumatı alternativ kanallardan təsdiqləmək, hadisənin məntiqi və faktoloji çərçivəsini yoxlamaq bizim gündəlik peşə standartımızdır.

Belə həssas məsələlərdə redaksiya emosiyaya qapılmır. Əsas meyar məlumatın etibarlılığıdır. Bir mənbə ilə kifayətlənmirik, mümkün qədər müxtəlif səviyyələrdən təsdiq axtarırıq. Həmçinin redaksiya daxilində qərar mexanizmi də önəmlidir. Hansı informasiyanın hansı formada, hansı ifadələrlə və hansı məsuliyyətlə təqdim olunması ciddi şəkildə müzakirə edilir. Bu yanaşma həm oxucu etimadını qoruyur, həm də bizi təsadüfi və ya manipulyativ informasiya axınından fərqləndirir.

– Caliber.Az regionda baş verən proseslərlə bağlı sanballı analitik materialları ilə də seçilir. Sizcə, indiki informasiya müharibəsi şəraitində analitik jurnalistikanın rolu nə dərəcədə artıb?

– İnformasiya müharibəsi şəraitində analitik jurnalistikanın rolu dəfələrlə artıb. Çünki artıq məsələ təkcə xəbərin birinci kim tərəfindən verilməsində deyil. Əsas məsələ odur ki, hadisənin mənası nədir, onun arxa planında hansı maraqlar dayanır və bu proseslərin mümkün nəticələri nə ola bilər. Xəbər faktı göstərir, analitika isə həmin faktın mahiyyətini açır. Müasir informasiya məkanında manipulyasiya çox vaxt yalanla deyil, kontekstdən çıxarılmış həqiqətlə aparılır. Yəni fakt təqdim olunur, amma səbəbi, siyasi çəkisi, regional təsiri və strateji nəticələri tam göstərilmir.

Analitik jurnalistika məhz burada həlledici rol oynayır. O, oxucuya sadəcə “nə baş verdi?” sualının deyil, “niyə baş verdi?”, “kimə sərf edir?” və “bundan sonra nə ola bilər?” suallarının da cavabını verir. Məncə, bu gün güclü media yalnız xəbər istehsal edən media deyil, həm də düşüncə formalaşdıran, dəyərləndirmə aparan və oxucunu daha dərindən anlamağa sövq edən media qurumudur.

– Saytınız əsasən rusdilli auditoriya arasında geniş oxucu kütləsinə malik media resursu kimi tanınır. Redaksiya indiyədək auditoriyanın sosial və peşə tərkibi ilə bağlı hər hansı sosioloji təhlil və ya sorğu aparıbmı? Bu amili fəaliyyətinizdə nəzərə alırsınızmı?

– Biz auditoriyanı öyrənmək məsələsinə daim diqqət yetiririk. Bu istiqamətdə qənaətlərimiz əsasən rəqəmsal analitika, oxucu davranışı, coğrafi bölgü, maraq sahələri və peşə qrupları üzrə aparılan müşahidələrə əsaslanır. Təcrübə göstərir ki, Caliber.Az-ın auditoriyası kifayət qədər düşünən, seçici və ictimai-siyasi gündəmi yaxından izləyən auditoriyadır. Buraya jurnalistlər, ekspertlər, diplomatlar, dövlət və özəl sektor nümayəndələri, akademik çevrələr və ümumilikdə, regionda baş verənləri daha dərindən anlamaq istəyən oxucular daxildir. Təbii ki, biz bunu fəaliyyətimizdə nəzərə alırıq. Auditoriyanın səviyyəsi media dilini və təqdimat formasını da müəyyənləşdirir. Eyni zamanda, mürəkkəb siyasi və geosiyasi mövzuların peşəkar dildə təqdim olunmasına baxmayaraq, oxucu üçün anlaşılmaz və qapalı görünməməsinə xüsusi diqqət yetiririk.

– 5 il ərzində Caliber.Az həm oxunaqlılığı ilə, həm də istinad edilən mənbələrdən biri kimi nüfuz qazanıb. Bu uğurun arxasında dayanan prinsiplər və platformanın inkişafı ilə bağlı yeni hədəflər barədə fikirlərinizi bilmək istərdik...

– Hesab edirəm ki, bu uğurun arxasında, ilk növbədə, etimad dayanır. Oxucu bilməlidir ki, Caliber.Az-da material təsadüfi deyil, yoxlanılmış və məsuliyyətlə hazırlanmış material yayımlanır. Digər mühüm prinsip operativliklə peşəkarlıq arasında balansı qorumaqdır. Eyni zamanda redaksiyanın öz siması, dəst-xətti və aydın peşəkar prinsipləri də bu etimadın formalaşmasında mühüm rol oynayır. Media üçün əsas məsələlərdən biri oxucu etimadını qazanmaq və onu qorumaqdır. Bu isə ardıcıllıq, məsuliyyət və peşəkar iş prinsipləri ilə mümkün olur. Yeni hədəflərə gəlincə, əlbəttə ki, biz yalnız əldə olunan nəticələrlə kifayətlənmək niyyətində deyilik.

Qarşıda məzmunun coğrafiyasını genişləndirmək, həm analitik və multimedia istiqamətlərini daha da gücləndirmək, həm də beynəlxalq auditoriyaya çıxışı artırmaq kimi məqsədlər var. Bu yolda bizim üçün mühüm amillərdən biri də daxil olduğumuz “Global Media Group”un və onun rəhbərliyinin davamlı dəstəyidir. Biz bütün təşəbbüslərimizdə bu dəstəyi hiss edirik və bu, qarşımıza daha iddialı məqsədlər qoymağa imkan verir.

P.S. “Xalq qəzeti”nin kollektivi Caliber.Az-ın redaksiyasına gələcək fəaliyyətində daha böyük uğurlar, geniş oxucu auditoriyası və dünya miqyasında tanınma diləyir.

Səxavət HƏMİD
XQ



Müsahibə