Ərdoğan: Ölkənin milli təhlükəsizliyini gücləndiririk

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə hava məkanının pozulmasına qarşı qətiyyətli tədbirlər görməyə və ölkənin milli təhlükəsizliyini gücləndirməyə davam edir.

Məlumatı “Anadolu” verib. 

Dövlət başçısı Ramazan bayramı münasibətilə videomüraciətində bildirib: “86 milyon insana görə məsuliyyət daşıdığımızı qəbul edərək, heç vaxt ehtiyatlığımızı itirmirik. Hava məkanımızı pozan hərəkətlərə qarşı çox qətiyyətli mövqe tutsaq da, eyni zamanda, ölkəmizin sülh və təhlükəsizliyini gücləndirmək üçün addımlar atmağa davam edirik”.

Yaxın Şərqdəki vəziyyətlə bağlı şərh verərkən o, Fələstin və Livan sakinlərinin hərbi hücumlar altında Ramazan bayramını qeyd etməyə məcbur olduqlarını qeyd edib.

Prezident Ərdoğan vurğulayıb ki, 28 fevralda İrana qarşı hücumlar, eləcə də Tehranın üçüncü ölkələrə qarşı raket və pilotsuz təyyarə hücumları regionda gərginliyi daha da artırıb.

P.ƏMİRCANOV
XQ

 

Dünya